Texnologiya

Azərbaycanda hansı saytlara maraq daha çoxdur? - ARAŞDIRMA

6 Sentyabr 2011 09:00
30 Şərh     Baxış: 15 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün ölkəmizdə müxtəlif saytlar fəaliyyət göstərir. Bu saytlarda zəngin, dəyərli və maraqlı məlumatların öz əksini tapması, informasiya təminatının yüksək səviyyədə təşkili, dizaynın müasir standartlara müvafiq qurulması, saytlara olan marağın artması və daha oxunaqlı olmasını şərtləndirən başlıca amillərdəndir. İnformasiya texnologiyalarının dinamik inkişafı vebsaytların müasir tələblərə müvafiq qurulmasını, innovativ proqram təminatlarından istifadə edilməsini zəruri edir.

Küçə, metro, divarlarda yazılan müxtəlif sayt adları...

Dünyada ilk veb sayt 6 avqust 1991-ci ildə yaradılıb. Onun yaradıcısı Tim Berners Li bu saytda yeni texnologiya olan World Wide Web (WWW) texnologiyasını təsvir edib. Bundan əlavə, saytda veb server və veb brauzerlərin yüklənməsi və istifadə qaydaları barədə məlumatlar yerləşdirmişdi. Sayt dünyada ilk internet kataloq da sayıla bilər, çünki Berners Lİ sonralar bu saytda başqa saytlara keçidlər siyahısı da yerləşdirmişdi. Hələ 1980-ci ildə o Hipermətn proqram təminatı olan Enquireni hazırladı. Tim Berners Li HTTP, URİ/UPL və HTML kimi texnologiyaların atası sayılır.

Ölkəmizdəki saytların fəaliyyəti barədə

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevin sözlərinə görə, bu gün ölkədə saytların fəaliyyəti üçün heç bir problem yoxdur:

"Domen Adlar Sistemi (DNS) istifadəçilərə internetdə tez bir zamanda öz ünvanını tapmağa kömək edir. İP ünvanları, yadda saxlamaq üçün çətindir. DNS bunu hər bir ünvana müəyyən məna daşıyan (domen ad) simvollar sətiri verməklə asanlaşdırır. Yəni, istənilən mövcud domen adı alınır. Domen adı alan zaman il ərzində 20 manat məbləğində vəsait ödənilir. Bu gün ölkədə daha çox istifadə olunan domenlərdən biri ".az" -ın miqdarı 10769-dur. Bu sırada ilin əvvəlindən ləğv olunan domenlər isə 1345-dir. İlin əvvəlindən 2207 domen qeydiyyata düşüb. AZ zonasında domenlərin qeydiyyat qaydaları var. Bu qaydalar İnternet şəbəkəsinin milli seqmenti AZ zonasında domen adlarının qeydiyyatı qaydalarını müəyyən edir".

Ümumiyyətlə, bu gün ölkədə əhalinin daha çox hansı saytlara maraq göstərməsinə gəldikdə isə şöbə müdiri qeyd etdi ki, nazirlik tərəfindən bununla bağlı monitorinq keçirilməyib: "Küçə, metro, divarlarda yazılan müxtəlif sayt adları isə yəqin ki, reklam xarakteri daşıyır ki, əhalinin diqətini cəlb etsinlər".

"Hər hansı bir sayt barəsində şikayət etmək üçün hara müraciət etmək olar" sualının cavabında isə o, bildirdi ki, əgər istifadəçi hər hansı bir informasiya resursunda qeyri-etik normalarla qarşılaşıbsa, yaxud insanın şərəf və ləyaqətinə toxunan, digər qeyri-qanuni əməllərə rast gəlibsə, bu halda hüquq-mühafizə orqanlarına müraciət etmək daha məqsədəuyğundur.

Azərbaycanda ilk fəaliyyətə başlayan veb-sayt

Ölkəmizdə müxtəlif sahələrdə, xüsusən də elm və təhsil sahəsində saytların yaradılması, onların informasiya təhlükəsizliyinin təmini ilə bağlı vəziyyət necədir? Bu məsələlərə aydınlıq gətirmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyovaya müraciət etdik.

Xüsusən də elm və təhsillə bağlı saytların innovativ texnologiyalar əsasında yaradılmasının zamanın tələbi olduğunu söyləyən G.Nəbibəyova istənilən elmi müəssisə və təşkilatların saytları yaradılarkən burada xüsusi tələb və qaydaların nəzərə alınmasının mütləq şərtlərdən olduğunu bildirdi:

"Saytın müvafiq standartlara cavab verməsi üçün strukturun düzgün və aydın, proqram təminatının innovativ texnologiyalar əsasında qurulması, aktual informasiya təminatının təşkili vacib şərtdir. Saytların ən azı, iki dildə olması informasiyanın geniş oxucu kütləsinə çatdırılması baxımından daha məqsədəuyğundur".

Şöbə müdiri yüksək səviyyəli saytların yaradılmasında maliyyə məsələlərinin də az əhəmiyyət kəsb etmədiyini vurğuladı. Vebsaytların informasiya təhlükəsizliyinin təmini məsələlərinə gəlincə, G.Nəbibəyova informasiyanın etibarlı mühafizəsinin bu gün dünyada ictimaiyyəti düşündürən ciddi məsələlərdən olduğunu bildirdi. Bu sahədə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində ölkəmizdə də ciddi işlərin aparıldığını qeyd etdi:

"İstənilən saytın hakerlərin, kibercinayətkarların hücumlarından qorunmasının təşkili elə də asan məsələ deyil. Bu kimi problemlərin aradan qaldırılmasında innovativ texnologiyaların tətbiqi, savadlı, peşəkar kadr hazırlığı vacib şərtdir".

İstifadəçilərin istənilən sayta müraciət statistikası məsələlərinə də toxunan şöbə müdiri bu sahədə yüksək göstəricilərin əldə olunmasının saytın aktual vəziyyətindən xəbər verdiyini bildirdi: "Əksər hallarda əyləncə saytlarına marağın daha çox olduğunu müşahidə etsək də, son zamanlar elm və təhsil saytlarına da müraciətlərin sayı gündən-günə artmaqdadır".

G.Nəbibəyova institut tərəfindən yaradılan AMEA-nın www.science.gov.az rəsmi portalının 1995-ci ildə Azərbaycanda ilk veb-sayt kimi fəaliyyətə başladığını da diqqətə çatdıraraq portalın statistik göstəriciləri haqqında məlumat verdi. O, sayta müraciət edənlərin sayında ildən-ilə 30-40% artımın müşahidə edildiyini qeyd edərək bu göstəricini müsbət hal kimi dəyərləndirdi.

Hansı saytlara maraq daha çoxdur?

Hazırda təhsil sahəsində fəaliyyət göstərən saytlardan birinin müəllifi, fəlsəfə elmləri namizədi Anar Hüseynov ötən il saytını yaratdığını deyir:

"İlk olaraq, orta məktəb şagirdləri üçün onlara riyaziyyat fənnindən yardımçı bir vasitə kimi nəzərdə tutulmuşdu. Ancaq hazırda planlaşdırıram ki, adi riyaziyyat materiallarını da orada yerləşdirək. Yəni, tələbələrə də kömək edək. Gələcəkdə vieodərslərin də yerləşdirilməsi nəzərdə tutulub. Videodərslər dünyanın ən yaxşı təlim üsullarından biri hesab olunur. Hazırda orta məktəb şagirdləri üçün məsələ və misallar, olimpiada məsələləri yerləşdirilib. Buraxılış imtahanına gedənlər üçün vəsait, nəzəri materiallar var. Şagirdlər hansısa mövzunu yaxşı başa düşmədisə, həmin sayta daxil olub həmin mövzunu orada oxuya bilər. Yaxud, dərslikdə məsələ azlığı varsa, həmin saytdan istifadə edə bilər".

Ümumiyyətlə, bu cür, yəni, hər fənn üzrə - kimya, biologiya, fizika və s. saytların fəaliyyətinin gələcəkdə də gözlənildiyini deyən A.Hüseynov bildirdi ki, ölkədə intellektual səviyyəli, təhsil üzrə saytların sayı getdikcə artacaq:

"Hazırda əyləncəli saytlara maraq daha çoxdur. Bu da təbiidir. Dünya şəbəkəsində əyləncəli saytlar üstünlük təşkil edir. Ümumiyyətlə, hazırda internet əyləncə şəbəkəsi kimi də qəbul olunur. Ancaq ciddi, elmi saytlar da var ki, həqiqətən də onların elmin, təhsilin inkişafında böyük faydası var. Hətta şagirdlərin, tələbələrin səviyyəsinə uyğun, eləcə də müəllimlərin öz üzərində işləməsi üçün güclü saytlar var.

Mənim fikrimcə, əyləncəli saytlar daha az olsa, yaxşı olardı. Şagirdlər də əyləncəli saytlara daha çox daxil olur, nəinki təhsil, intellektual. Bəlkə də bu, müvəqqəti bir haldır. Məsələn, bu gün Avropada təhsil alan bir tələbənin vaxtı olmur ki, təhsildən yayınıb, əyləncəli sayta maraq göstərsin. Onlarda proqram o qədər güclüdür və vaxtları məqsədyönlü şəkildə istifadə olunur ki, buna vaxtları çatmır. Əylənmək istəyən şagird bunu internetdə deyil, real olaraq, dostları ilə əylənə bilər. Sovet dövrünün şagird marağı ilə indiki dövr şagirdlərin maraqları çox fərqlənir. İnternet isə belə şagirdləri cəlb etməkdə çox ustadır".

Təhsil saytlarının kommersiya marağı varmı?

A.Hüseynov deyir ki, sayt açmaq maddi baxımdan bir qədər çətindir: "Çünki hazırda saytın texniki tərəfi baha başa gəlir. Bizdə yaxşı proqramçıların, veb ustalarının, dizaynerlərin sayı azdır. Rəqabət az olduğu üçün qiymət də bahadır. Qiymətlər təxminən 800-1500 arasında dəyişir. Hətta elə saytlar var ki, onun tərtibatı üçün proqramçıya, dizaynerə 2000 manat ödəmək lazım gəlir. Bizim saytın dizaynının zəif olması da məhz bununla bağlıdır.

Daha ucuz qiymətə, 200 manata da sayt açmaq mümkündür. "az" domeni üçün ildə 20 manat ödəməliyik. Nə qədər çox material yükləyirəmsə, bunun üçün 80 manat da ödəyirəm. Mən tərtibata, məzmuna daha çox üstünlük vermişəm. Heç bir reklamı yoxdur, pulsuzdur və hər zaman da şagirdlərə kömək üçün pulsuz olmasını istəyərdim. Heç bir kommersiya marağımız da yoxdur. Çünki təhsil sahəsində görülən işlərdə kommersiya marağı olmamalıdır".

Günel
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.