İqtisadiyyat

Marketlərimiz ilk açıldığı gün kimi xidmət göstərsə...

4 Aprel 2014 20:38
0 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün bundan əvvəl işdən evə gedərkən evimizin yaxınlığında yenicə açılmış market diqqətimi çəkdi. Sözün açığı sevindim, çünki yaxınlığımızda olan marketlərdə çeşid müxtəlifliyi olmadığından nəsə almaq üçün bir xeyli uzağa getməyə məcbur olurdum. Yeni açılmış marketdə ayaq saxlayıb, alış-veriş etmək qərarına gəldim. Market həm böyük, həm də çeşit müxtəlifliyi ilə fərqlənirdi. 

Satıcılar içəri daxil olan vətəndaşları gülərüzlə qarşılayır, alış-veriş etməkdə onlara köməklik edirdilər. Müdriyyət hansısa xoş olmayan hadisə baş verməsin deyə satıcılara nəzarət edirdi. Bütün bunlar, həqiqətən, çox xoşuma gəldi. Bir az alış-veriş edib, yaxınlaşdım kassaya. Kassanın arxasında oturan gülərüz xanım "xoş gəlmisiniz" deyərək başladı aldığım malları hesablamağa. Hesabladılar, baxdım ki, qiymətlər digər marketlərdən hardasa 3-5 faiz daha ucuzdur. Sonra başqa bir işçi aldığım ərzaqları bir paketə yığıb "buyurun" dedi. Öz-özümə düşündüm: - nə yaxşı, çoxdandır ki, marketdə belə yüksək səviyyəli xidmətlə rastlaşmamışdım. Ağlıma bir neçə fikir gəldi market haqqında. Fikirləşdim ki, yəqin market yeni açılıb ona görə xidmət belə yüksəkdir ki, müştəri cəlb etsinlər. Bir tərəfdən də belə marketin olmasına sevindim, düşündüm ki, marketin sahibi yəqin ki, xarici ölkələrdə çox olub, oradakı təcrübəni burada tətbiq etmək istəyir.

Özüm də bir neçə ölkədə olmuşam. Məsələn, elə götürək Türkiyəni. Burada mağazaya, marketə girib əli boş çıxsan mağaza sahibi özündə hansısa problem olduğunu, müştəriyə yaxşı xidmət göstərilmədiyi üçün alış-veriş etmədiyini düşünür. Fikirləşdim ki, bu marketin sahibi də müştəriyə xidmət göstərməkdən zövq alır, işinə bu qədər ciddi yanaşır. Bəzi marketlərin sahibləridən fərqli olaraq bu marketin sahibi otaqda oturmayıb, müştərini razı salmaq barədə fikirləşir. Marketdəki yüksək səviyyəli xidmətdən sonra hər dəfə işdən çıxıb evə gedərkən yolumun üstündə bir çox marketlər olmasına baxmayaraq, alış-veriş etmək üçün məhz bu marketə üz tuturdum.

Aradan bir müddət keçdi. Bir gün yenə də işdən evə gedərkən alış-veriş etməli oldum. Ayaq saxlayıb girdim həmin marketə. İçəri girər-girməz bir-biri ilə mübahisə edən iki satıcı gördüm. Tez bayıra çıxdım və öz-özümə dedim ki, yəqin səhvən - başım qarışıq olub, başqa marketə girmişəm. Çölə çıxıb səhvən başqa marketə girmədiyimə əmin oldum. İçəridə də əvvəlki səliqə-səhman yox idi. 15 gün içində marketin bu səviyyədə dəyişəcəyini düşünmürdüm. Bir neçə günlük yüksəksəviyyəli xidmət elə ilk fikirləşdiyim kimi oldu.

Market sahibi sadəcə müştəri cəlb etmək üçün dəridən qabıqdan çıxırmış. Yüksək səviyyəli xidmət barədə heç düşünmürmüş. Əvvəlki xidmətdən əsər-əlamət belə yox idi marketdə. Deyirəm, kaş ki, bəzi marketlərimiz sonadək ilk açıldıqları gündə olduğu kimi xidmət göstərəydilər...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.