Ölkə

Zibil daşıyana 4300, xadiməyə 3900 manat maaş

21 Aprel 2017 13:40
4 Şərh     Baxış: 8 437

Kim hansı ölkədə nə qədər maaş alır və nə qədər gəlir onun aylıq tələbatını ödəyir?

Avropa deyəndə insanların xəyalında bahalı və rahat həyat canlanır. Bir çox insan yaxşı həyat arxasınca getmək və xəyallarındakı Avropada yaşamaq istəyir. Amma bu ölkələrdə hər kəs yaxşı həyat sürmür. Bunun üçün çox işləmək və əziyyət çəkmək lazımdır.

Milli.Az xəbər verir ki, sputnik-in əməkdaşı Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılardan yaşadıqları ölkədə həyat tərzləri barədə soruşub.

Gürcüstanda yaşayan soydaşımız Amil Hacıyev bildirib ki, bu ölkədə orta aylıq əmək haqqı 600 laridir (425 manat): "Evin varsa, bu məbləğ kənd yerində yaşamaq üçün çox yaxşı puldur. Şəhərdə yaşayırsansa, bu, çox azdır. Şəhərdə bir ailənin yalnız elektrik enerjisi xərci 30-50 lari (21-35 manatdır). Qaz puluna qışda 100-200 lari (70-140 manat) xərcləməli oluruq. Tbilisidə 4 nəfərlik ailənin dolanması üçün minimum aylıq 1500 lari (1063 manat) lazım olur. Türkiyə Gürcüstana qonşu olduğu üçün geyim elə də baha deyil".

A.Hacıyev qeyd edib ki, kənd təsərrüfatı məhsulları Azərbaycanla müqayisədə çox aşağı qiymətədir. Amma dollar qalxdığına görə burada da qiymət artıb: "Azərbaycanlılar burada, əsasən kənd təsərrüfatı və ticarət sahəsində işləyirlər. Amma dövlət işi də var. Maaş 600-2500 lari (425- 1772 manat) arasıdır. Burada normal yaşamaq üçün şəxsi evinin olmağı şərtdir. Kirayə evlər Tbilisi şəhərində 250 dollardan (412 manat) başlayır".

Almaniyada yaşayan Anar İsmayılovun sözlərinə görə, bu ölkədə qiymətlər (qida, geyim) aldıqları məvacibə görə çox ucuzdur. Burada minimum əmək haqqı bir saat üçün 9.5 avrodan (16 manat) az olmamalıdır: "Burada sosial təminatı az olan ailələr (müvəqqəti oturumu olanlar, sosial təminatla yaşayan ölkə vətəndaşları) üçün pulsuz bazarlıq mövcuddur. Həmin insanlar minimal ödəniş etməklə bu imtiyazlardan istifadə edə bilərlər. Məsələn, 4 nəfərlik ailə 2 avro ödəniş edərək, ərzaq, tərəvəz, meyvə, uşaq yeməyi, uşaq bezi, uşaq üçün oyuncaq, ev əşyaları və.s alır. Limit yoxdur. İkinci əl geyimlər isə pulsuz paylanılır".

"Yaş kateqoriyasına görə insanlara yaşayış xərci ayrılır. 0-3 yaşlı uşaqlar üçün 200 avro, 3-6 yaşlılara 221 avro, 6-18 yaşlılara 245 avro, 18 yaşdan yuxarı şəxslərə isə 331 avro verilir. Ancaq bu məbləğ əyalətlərə görə dəyişir. Almaniyada 16 əyalət var. Mən yaşadığım əyalətdə məbləğ belədir. Bizim əyalətdən daha çox pul verən yerlər də var" - deyə A. İsmayılov qeyd edib.

O, əlavə edib ki, Almaniyada maaş işə görə dəyişir: "Məsələn, maliyyə sahəsində işləyənlərə 2100-3500 avro (3671 - 6119 manat) əmək haqqı verilir. Zibil maşını sürən 2500 avro (4371 manat) alır. Xadimənin əməyinin 1 saatının qarşılığı 9.5 avrodur (16 manat). Müəllimlər və həkimlər çox yüksək maaş alırlar. Bu sahələrdə minimum əmək haqqı 1650 avrodur (2885 manat). Burada brend geyimlər də ucuzdur. Orta əmək haqqına görə rahat almaq olur".

Portuqaliyada yaşayan Fəridə Abdıyeva bildirib ki, bu ölkədə insanların orta aylıq əmək haqqı, təqribən 500-1500 avro (874- 2622 manat) arasında dəyişir: "Part-time işdə çalışanlar daha az maaş ala bilər. Kirayə evlərin qiyməti yerləşdikləri məkandan asılı olaraq dəyişir. Lissabonun mərkəz hissəsində, turistik zonalarda, universitetlərə yaxın yerlərdə bir otaqlı mənzillərin kirayəsi 400-500 avrodan (699- 874 manat) başlayır". "Kommunal xərclər fəsillərə və istifadəyə görə dəyişir. Biz 3 nəfərlik kiçik ailəyik. Kommunal xərclərimiz fəsilə görə 150-200 avro (262 - 349 manat) arasında dəyişir. Kiçik bir ailə olaraq bizim ərzaq üçün aylıq xərcimiz maksimum 400 avro (699 manat) çərçivəsindədir. Buraya restoran xərcləri daxil deyil. Geyimlərimizi isə adətən endirimlər vaxtı alırıq. Endirimlər ildə iki dəfə - fevral və iyul aylarında olur" - Abdıyeva qeyd edib.

"Qızım Orlinin bağçasına aylıq olaraq 300 avro (524 manat) ödəyirik. Burada orta qiymət belədir" - deyə Fəridə Abdıyeva söyləyib.

Rusiyada yaşayan Toğrul Allahverdili deyib ki, 3-5 il öncə azərbaycanlılar Rusiyada daha çox xidmət sahəsində, xüsusilə bazar və restoran sistemində çalışırdılar: "Onların da məvacibləri bizim pulla 1000-1500 manat arası olurdu. Rusiyada ərzaq malları çox ucuzdur. Geyimlər isə Bakıya nisbətən 2 dəfə bahadır. "Kommunal xərclər Bakıdakı kommunal xərclərdən 2 dəfə bahadır. Moskva şəhərində 3 nəfərdən ibarət ailə 3 otaqlı evə 150-200 manat kommunal xərc ödəyir. Nəqliyyat xərcləri də hədsiz bahadır. Amma orta əmək haqları burada ən azı normal yaşamağa şərait yaradır" - Allahverdili vurğulayıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Məmmədhəsən əmi · 21 Aprel 14:1835

    Elə bizdə də pis deyil.Ərzaq başqa ölkələrdəkinə nisbətən baha olsada. 140 azn pensiya ilə və 300azn maaşla( bəxtin gətirib işin olsa)yaşamaq olar. Bir az qənaət etsə qara gün üçün bir qədər pul toplamaq da olar.Qədərini soruşmayın çünki özgələrinin pulunu saymaq etikadan kənardır.

    Cavab yaz
  • Anonim
    asi · 21 Aprel 14:3903

    Nəqliyyat düzdür)..Maşınların at gücünə görə vergisi fərqlidir)..

    Cavab yaz
  • Anonim
    ArzuMen · 21 Aprel 15:3535

    Mən 300 manat maaş alıram 4-nəfər ailə üzvü ilə çox yaxşı "DOLANIRAM" . hələ qara gün üçündə pul da toplayıram. Nəyi pisdirki ??????

    Cavab yaz
  • Anonim
    Yağmur · 22 Aprel 00:3700

    Bizde baxır kimin nece ve ne cür yaşamasına.adam varkı milyonların içinde üzür ,adamda varkı borcun,bu banklar olmasa yaşamağa ne varki.heç bir ölkede 152 manat maaş yoxdur.bizim ailemiz o maaşa baxır.yeni aldım qoz,satdım qozdur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.