Ölkə

Azərbaycanda dağ uçqunu: 150-dən çox maşın yolda qaldı - YENİLƏNİB - FOTO

28 Oktyabr 2016 16:00
3 Şərh     Baxış: 5 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:00

Yolda hərəkət bərpa olunub.

Hadisə ilə bağlı "Azəravtoyol" ASC-dən Milli.Az-a bildiriblər ki, bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib. Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılıb. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.

--------

14:03

Masallının Zuvand kəndinə giriş yolu bağlanıb, Lerik rayonunun Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində - "Dağlar qapısı" deyilən ərazidə isə dağ uçqunu baş verib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Hər iki prosesin sürüşmə ilə bağlı olduğunu deyən S.Əmiraslanov bildirib ki, Lerikə qarın yağması nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda suxurlar arasındakı boşluq yuyulub: "Nəticədə yolun 10-cu kilometrliyində ucqun baş verib. Yoldakı ən böyük ucqun kütləsinin ölcüsü 5 metrdir. Bu proses yolun təxminən 35-40 metr hissəsini əhatə edir. Hazırda yol istismar idarəsinin texnikaları yolun açılması üçün tədbirlər görür".

S.Əmiraslanov Masallının Zuvand kəndində də müvafiq strukturlar tərəfindən yolun açılması üçün tədbirlərin görüldüyünü söyləyib.

O, hazırda ölkədəki digər sürüşmə sahələrində də aktivləşmənin müşahidə edildiyini bildirib.

----------

13:18

Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində, "Dağlar qapısı" deyilən ərazidə baş verib. Yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə örtülüb. Xoşbəxtlikdən, uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 150-dən artıq avtomobil yolda qalıb.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov əraziyə yol-istismar idarəsinin texnikaları və canlı qüvvəsinin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur.  

Yusif Nəsirli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.