Dünya

Misirdən gəlmiş azərbaycanlı: “Biz adicə çörək tapa bilmirdik”

31 Yanvar 2011 13:51
Baxış: 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər kütləvi iğtişaşların baş verdiyi Misirdə adicə çörək tapmaq belə müşkül məsələyə çevrilib". Bunu ANS telekanalına müsahibəsində səhər saatlarında Qahirədən Azərbaycan tərəfindən ayrılmış xüsusi təyyarə ilə Bakıya qayıdan azərbacanlı müəllim Seymur Nəsirov bildirib. Onun sözlərinə görə, bu ölkədə əməlli-başlı böhran yaşanır, insanlar mağazalara hücum edir, orada nə varsa dayışıb aparırlar: "Biz orada adicə çörək tapa bilmirdik".

Geri qayıdanlar Misirdə son baş verənlərin insanların həyatları üçün təhlükə yaratdığını və bunun üçün dönmək barədə qərar verdiklərini deyiblər. Azərbaycanlı tələbə Pərviz Məmmədov iğtişaşın yanvarın 24-də başladığını diqqətə çatdırıb: "İmtahan ayı idi. İmtahanları qurtardıq, elə yanvarın 24-ü bütün camaat şəhərə toplaşdı və iğtişaşlar başladı. Və əhali Hüsnü Mübarəkin istefasını tələb etdi".

Geri qayıdanlar sırasında iki nəfər Rusiya vətəndaşı olan Azərbaycan əsilli soydaşımız da olub. Leyla İbrahimovanın sözlərinə görə, iğtişaşlar nəticəsində bir çox təyyarə reysləri təxirə salındığından Misiri təyyarə ilə tərk etmək nisbətən çətinləşib: "Mən Rusiya vətəndaşıyam. Amma azərbaycanlı olduğuma görə Azərbaycan tərəfi məni də təyyarəyə götürdü. Biz çox çətinliklərdən sonra uça bildik. Bilmirəm, Azərbaycandan gələn təyyarə olmasaydı, nələr baş verərdi. Orda insanları öldürürlər, evləri yarırlar, həbsxanadan məhbuslar qaçır, bir sözlə, orada çox dəhşətli şeylər baş verir".

Ümumilikdə isə geri dönən insanların sözlərinə görə, iğtişaşlar nəticəsində artıq ölkədə ərzaq qıtlığı da yaranmağa başlayıb ki, bu da böhranla nəticələnə bilər.

Qeyd edək ki, Qahirədən Bakıya uçan Azərbaycan vətəndaşlarını daşıyan təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. AZAL-ın xüsusi təyyarə reysi Qahirədən 103 nəfər Azərbaycan vətəndaşını və Azərbaycanın Misirdəki səfirliyinin həlak olmuş əməkdaşı Nicat Qocayevin cənazəsini gətirib. Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov deyib ki, gələnlər arasında yalnız könüllü olaraq Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları və eləcə də bu ölkədə fəaliyyət göstərən səfirliyin bir qrup əməkdaşı olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.