Dünya

Ermənistanda iqtidar uğrunda mübarizədə Sərkisyan-Çarukyan qarşıdurması

27 Fevral 2015 11:04
0 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan Respublika Partiyasının 13 fevral 2015-ci ildə keçirilən növbəti iclasında çıxış edən Prezident və partiya sədri Serj Sərkisyan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanı ciddi şəkildə tənqid etdi: "Qaqik Çarukyan siyasətçi kimi dövlətin bəlasıdır. Bu təbiidir. Siyasi proseslərdə iştirak etməsi üçün lazım olan yetərli mexanizmə, ancaq səviyyəsiz intellektə sahib şəxs inkişafın əyləcidir... Yanlışlığı düzəltmək zəruridir. Tez, sona qədər və qətiyyətlə. Vətəndaş və iş adamı olaraq Çarukyan ilə heç bir problemim yoxdur. Amma qanunları pozmuşsa, bu istisnadır''[i].

Sərkisyan çıxışında Çarukyanın Milli Təhlükəsizlik Şurasından qovulduğunu bildirmişdir. O, 2013-2014-cü illərdə parlamentdə keçirilən 145 iclasın sadəcə dördündə iştirak edən Çarukyanın seçicilərin haqlarını qorumadığını, ancaq özlərinin bunu diqqətə alacaqlarını demişdir.

Çarukyanın milyardlarla dramı humanitar yardım adı ilə mənimsədiyini, büdcəyə vergi ödəmədiyini, pensionerlərin və gənclərin haqqını pozduğunu vurğulayan Sərkisyan baş nazirdən bu xəbərləri ciddi olaraq araşdırmağı, lazım olan hər şeyi etməyi və ictimaiyyəti məlumatlandırmağı da tələb etmişdir.

Sərkisyanın bu çıxışından bir neçə gün əvvəl baş nazir Ovik Abramyan son zamanlarda ölkədə baş verən hadisələrlə əlaqədar "məsuliyyətsiz çıxışlarına görə siyasi mühitin gərginləşməsinin səbəbkarı Qaqik Çarukyandır''[ii] demişdir.

Sərkisyanın Çarukyan haqqında ifadə etdiyi sözlər Ermənistan müstəqillik dövrü ərzində ilk dəfədir ki, prezident səviyyəsində müxalifət liderinə bu cür açıq və qəti şəkildə meydan oxunur və təhqir edilir. Bu müharibə elanıdır və Çarukyan Sərkisyana cavab olaraq "Bu adamın proqramı sonsuz iqtidarında mənə müharibə elan etmək və məni kənarlaşdırmaqdır''[iii] demişdir.

Maraqlıdır ki, son zamanlarda Çarukyana qarşı təzyiqlər 2014-cü ilin ikinci yarısında hökumətin pensiya haqqında qanunu dəyişməsindən sonra başda Çiçəklənən Ermənistan, Erməni Milli Konqresi, Daşnaqsutyun və Miras partiyalarının hökumətə qarşı 12 maddədən ibarət tələbi imzalamaları[iv] və 5 fevral 2015-ci ildə onun öz çıxışında "Bir düşünülməyən addım və hətta bir kəlmə Ermənistanda vətəndaşların küçələrə çıxmasına səbəb ola bilir" deməsindən sonra daha da artmışdır.

12 tələbdə Sərkisyanın istefa məsələsi qoyulmasa da, yeni pensiya qanununun ləğv edilməsi, bu dəyişikliklər nəticəsində vətəndaşların itirdikləri pulların geri verilməsi, Konstitusiya Məhkəməsinin 2 aprel 2014-cü il qərarının həyata keçirilməsi;
mövcud qanunvericiliklə tənzimlənən qırmızı xətlərin və spidometrlərin dəyişdirilməsini, cərimə və ödəmələrin aylıq minimum əmək haqqının 10 faizindən artıq olmaması;
vergiləri minimum üç dəfə azaldılması və sərhəddə gömrük ödənişlərinin ləğv edilməsi;
subsidiyaları iki dəfə artırılması, sulama və kənd təsərrüfatına ayrılan subsidiyalara güzəştlərin tətbiq olunması;
kənd təsərrüfatına ayrılan kreditlərin dollar deyil dramla verilməsi;
Nairit zavodunun yenidənqurma proqramını təsdiq edilməsi və fəhlələrin aylardır ödənilməyən əmək haqlarının ödənilməsi;
Vorotan Kaskad HES-in özəlləşdirilməsi üçün parlamentin xüsusi razılığının alınması;
ictimai nəqliyyatda gediş haqqının qaldırılmaması, vahid nəqliyyat strukturunun qurulması;
faktiki olaraq monopoliyada olan iqtisadiyyatın sərbəstləşdirilməsi;
seçki qanununa dəyişikliklər edilməsi və növbəti parlament seçkilərinin tamamilə proporsional sistemlə keçirilməsi;
müxalifətin proseslərə nəzarət etməsinə imkan verən qanunun qəbul edilməsi;
Vahid iqtisadi rejim də daxil olmaqla, Ermənistan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ arasında qurulmuş münasibətləri dəyişdirəcək beynəlxalq razılaşmanın imzalanmaması kimi məsələlərə yer verilmişdi.

Son zamanlarda Çiçəklənən Ermənistan, Miras Partiyaları və Erməni Milli Konqresi Sərkisyan rejiminə qarşı ortaq mübarizə edirlər. Miras Partiyası və Erməni Milli Konqresi hələlik Çarukyanı dəstəkləyən bəyanatlar versələr də, hadisələrin dramatik hal alacağı vəziyyətdə bu dəstəyin davam edəcəyi ciddi şübhə doğurur.

Çarukyan Çiçəklənən Ermənistan Partiyasının sədri və ölkənin ən zəngin oliqarxıdır. İqtisadiyyatın müəyyən sahələrində ciddi biznesi vardır. Partiyası parlamentdə 37 millət vəkili ilə təmsil olunur.

Sərkisyanın partiya iclasında çıxışından sonra Çarukyan erməni xalqına müraciət etmişdir: "Əziz xalqım! Mübarizəyə hazır olun. Küçələrə üç min nəfər çıxır və onlar qəbul edilən qanunu məcburən ləğv edirlərsə, xalq çıxdığı zaman iqtidarı dəyişmək mümkündür. Mən indi iqtidari dəyişməyi tək hədəf kimi görür, milli səfərbərlik elan edir, qanunlar çərçivəsində bəla iqtidarından azad olmaq üçün Serj Sərkisyanın istefasını tələb edirəm''[v].

Sərkisyan partiya iclasında dediklərini həyata keçirərsə (bunun ehtimalı yüksəkdir), Ermənistanın daxili siyasətində ciddi böhran baş verə bilər. Polis və ordu üzərində nəzarəti təmin edən Sərkisyanın Çarukyanın və onu müdafiə edən siyasi partiyaların qarşısını sadəcə siyasi yollarla almayacağı qətidir.

Sərkisyan əvvəlcə Çarukyanın şirkətlərini təftiş etdirəcək, vergidən yayınma və bəzi cinayət iddiaları ilə onun maliyyə mənbələrini kəsməyə çalışacaq. Bu zaman, təbii ki, Çarukyan və onu dəstəkləyən qruplar küçələrə çıxıb etirazlarını bildirəcəklər.

Sərkisyan etiraz dalğasının böyüməsinə imkan verməyəcək və əlindəki bütün güc mexanizmlərindən istifadə edərək etirazların qarşısını almağa çalışacaqdır.

Müqəddəratını Təyinetmə Birliyinin sədri Paruyr Hayrikyan son hadisələri iqtidar və müxalifət arasında razılaşdırılmış ssenari oyunu olaraq dəyərləndirsə də,[vi] siyasi şərhçi Levon Şirinyan hesab edir ki, Çarukyanın millət vəkilliyi əlindən alınacağı təqdirdə, Çiçəklənən Ermənistan Partiyasının millət vəkilllərinin hamısı istefa edə bilər[vii]. 37 millət vəkilinin eyni anda istefa etməsi ciddi siyasi böhrana və qanunverici orqanın işinin iflic vəziyyətə düşməsinə səbəb ola bilər. Bu zaman Avropa və ABŞ-ın bu böhrana münasibəti iqtidarı çətin vəziyyətə sala bilər.

Sərkisyanın çıxışından sonra hakimiyyətdən kənar üçlük kimi tanınan Çiçəklənən Ermənistan, Miras Partiyaları və Erməni Milli Konqresi bir araya gələrək bundan sonrakı fəaliyyət istiqamətlərini müzakirə etmiş və 20 fevralda İrəvanda-Azadlıq Meydanında mitinq keçirmələri haqqında razılığa gəlmişlər[viii]. Amma İrəvan meriyası bu mitinqə icazə vermədiyi üçün mitinq qeyri-müəyyən vaxta təxirə salınmışdır.

Erməni Milli Konqresindən millət vəkili Nikola Paşinyanın Sərkisyana impiçment elan edilməsi ilə bağlı təklifi parlamentin Dövlət və hüquq daimi komissiyasında müzkirəyə çıxarılmış, ancaq qəbul edilməmişdir[ix]. Bununla bağlı açıqlama verən Paşinyan təkliflərinin qəbul edilməyəcəyini əvvəlcədən bildiyini, amma bütün hallarda bu təklifin verilməsi və qəbul edilməməsinin hüquqi sənəd kimi daxili siyasətin həyatına daxil olacağını bildirmişdir[x].

Hələlik Avropa və ABŞ-dan məsələ ilə bağlı hər hansı fikir bildirilməsə də, hadisələrin gərginləşəcəyi ehtimal edilən önümüzdəki günlərdə səssiz qalmayacaqları məlumdur.

Ermənistanın olduqca kövrək olan daxili siyasəti bu gərginliyə tab gətirməyə bilər. Sərkisyanın 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz olaraq mitinqə çıxanları ordu gücündən istifdə edərək dağıtması və rəsmi rəqəmlərə görə 10, qeyri-rəsmi rəqəmlərə görə 50 nəfərin öldürüldüyü diqqətə alınarsa, bu prosesin olduqca sancılı keçəcəyi ehtimalı yüksəkdir.

Newtimes.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.