Dünya

Paris terror qurbanlarını anır - FOTO

10 Yanvar 2015 17:42
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Parisin "Vensen qapısı" məhəlləsində anım mərasimi təşkil olunub.

APA-nın verdiyi məlumata görə, hazırda "Yəhudi məhəlləsi" adlandırılan bu məhəllədə terrorçu Ahmet Kulibalinin adamları girov götürdüyü və 4 girovu qətlə yetirdiyi mağazanın qarşısında anım mərasimi keçirilir.

Ərazi polis nəzarətindədir. Mağazanın içərisində polis təhqiqatı davam edir.

Parisdə hazırda çoxlu sayda beynəlxalq media qurumunun nümayəndəsi var. Onlar da hadisə yerinin qarşısında müşahidələr aparırlar. Ərazidə, həmçinin terror qurbanlarının yaxınları ilə yanaşı Parisin və Fransanın digər yerlərindən gələnlər toplaşıb.

İlk terror hücumunun baş verdiyi "Charlie Hebdo" jurnalının redaksiyasının yerləşdiyi küçə də polis nəzarətindədir. Ərazidə hərəkət qismən məhdudlaşdırılıb.

Jurnalın əməkdaşları isə "Liberation" qəzetinin redaksiyasında fəaliyyətlərini davam etdirirlər. Onlar hələlik mediaya heç bir açıqlama vermirlər.

Bu gün "Charlie Hebdo" jurnalı "Liberation" qəzetinin redaksiyasında faciədən sonra ilk iş toplantısını keçirib. Jurnalın heyəti növbəti sayın gələn həftənin üçüncü günü çapdan çıxacağını elan edib. Bu sayın 1 milyondan artıq tirajla çap ediləcəyi və satılacağı gözlənilir. Redaksiya heyəti ilk geniş açıqlamanı da həmin sayda dərc edəcək.

Parisdə ümumilikdə sakitlik hökm sürür. Polis gücləndirilmiş iş rejimində çalışır. Bütün strateji obyektlər, böyük prospekt və küçələr polis nəzarətinə götürülüb.

Fransa sabah günortadan sonra bütün şəhərlərdə, xüsusilə Parisdəki Respublika Meydanında keçiriləcək həmrəylik mitinqinə hazırlaşır. Həmin nümayişdə Avropa İttifaqı ölkələrinin və digər tərəfdaş dövlətlərin dövlət və hökumət başçılarının, həmçinin Fransada akkreditə olunmuş diplomatik korpusun iştirak edəcəyi bildirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.