Dünya

Sarkisyan əsgər anaları qarşısında aciz qalıb

27 Dekabr 2014 13:46
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın təxribatlara sərt cavabından sonra Ermənistanda valideynlər övladlarını Qarabağa göndərməkdən boyun qaçırırlar

Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətinə qarşı narazılıqlar səngimir. Bu dəfə iqamətgahında Yeni illə bağlı uşaqları qəbul edən prezidentin şənliyinə darvaza qarşısında keçirilən əsgər analarının aksiyası duz səpib. Belə ki, darvaza qarşısında uşaqlarını gözləyən valideynlərlə aksiya iştirakçıları arasında mübahisə baş verib. Valideynlərdən biri bunun şənlikdən çıxan uşaqları qorxudacağını bəhanə edərək, əsgər anasından ölən övladının şəklini gizlətməsini tələb edib.

Əsgər anası isə belə cavab verib: "O uşaqlar Serj canavarından qorxmurlarsa, heç nədən qorxmazlar. Uşaqları isə pozğunluq və qəmdən qorumaq mümkün deyil. Belə ki, onlar Ermənistanda yaşayır. Ac və üşüyürlər, Yeni il konfeti ümidi ilə bura gəliblər. Başa düşə bilmirəm ki, siz niyə uşağınızı prezidentlə yolka şənliyinə gətirmisiz".

Qeyd edək ki, anaların əllərində tutduqları fotolardakı əsgərlər Ermənistan ordusunda ağır şəraitdə ölən əsgərlərdir. Aksiya iştirakçıları övladlarının ölümünün araşdırılmasını tələb edirlər. Təmas xəttində Azərbaycan tərəfinin hər növ təxribata sərt cavab verməsindən sonra Ermənistanda valideynlər övladlarını Qarabağa göndərməkdən boyun qaçırırlar. Ermənilər artıq özlərinə aid olmayan müharibədə övladlarını itirmək istəmirlər. Bununla bağlı demək olar ki, hər gün aksiyalar keçirilir. "Vətən" partiyasının rəhbəri Petros Makiyan isə xüsusi çağırdığı mətbuat konfransında bildirib ki, Serj Sarkisyan hakimiyyətinin demək olar ki, hər ilində fəlakət qərarları qəbul edir. O bildirib ki, indiki prezident yeddi illik fəaliyyəti dövründə erməni dövlətinə çox böyük zərbə vurub. Partiya lideri qeyd edib ki, Ermənistan bu gün yalnız iqtisadi, hərbi sahədə deyil, həm də xarici siyasətdə uğursuzluq yaşayır. Makiyan daha çox diqqəti Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ayırıb. Onun fikrincə, ölkə rəhbərliyi bu məsələdə heç nəyə nail olmayıb, çünki danışıqlarda heç bir inkişaf yoxdur. Bundan başqa, o bildirib ki, artıq Ermənistanda hamı anlayıb ki, müharibə qaçılmazdır. Amma başa çatmaqda olan ilin əsas problemi bütün iqtisadiyyatın inhisarlaşdırılmasıdır. Erməni xalqı artıq bunu öz kisəsində hiss etməyə başlayıb. Siyasətçi bildirir ki, ərzaq məhsullarının qiymətinin hər gün qalxması, dollar və dramla oynanan spekulyativ oyunlar ölkə sakinlərinin Yeni il qabağı əhvalını ciddi korlayıb.

Separatçı Dağlıq Qarabağın qondarma müdafiə ordusunun komandanı Movses Akopyan da valideynlərin şikayət hücumuna məruz qalıb. Valideynlər övladlarının ön cəbhəyə göndərilməsinin qanunsuz olduğunu söyləyiblər: "Biz övladlarımızı boş-boşuna ölmək üçün böyütməmişik. Bizim sualımıza cavab verin görək, 19 yaşlı oğlanları ön xəttə göndərmək doğrudurmu?" Onun bu suala cavabı böyük narazılığa səbəb olub: "Hərbi çağırışdan sonra əsgərlər 6 ay hazırlıq keçirlər. Yalnız bundan sonra ön xəttə xidmətə yola düşürlər. 19 yaşda dəli olmaq asandır. Qələbəni isə ancaq dəlilər qazanırlar. Ona görə, bu, yaxşı yaşdır". Akopyan jurnalistin "erməni vertolyotu məhv edildi, bundan sonra belə hadisə baş verərsə, cavab veriləcəkmi" sualına isə "qəhrəman" kimi cavab verib, lakin müharibədən necə qorxduqlarını açıq etiraf edib: "Biz həmişə cavab veririk və verəcəyik. Mən hesab etmirəm ki, müharibə başlayacaq. Azərbaycan vəziyyəti düzgün qiymətləndirməyə başlamalıdır".

Təbii ki, Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır, gənclərin heç biri hərbi xidmətə getmək istəmir. Gedənlər isə ön xəttə göndərilir. Erməni komandir əgər əsgərləri dəli adlandırırsa, özləri də bu dəlilərə rəhbərlik edirlərsə, deməli, Ermənistan ordusu dəli yığıncağından ibarətdir. Ümumiyyətlə, bu ilin avqust hadisələrindən sonra vəziyyət görünməmiş dərəcədə ölkəmizin xeyrinə dəyişib. Əlbəttə, Azərbaycan ordusunun gücünü hiss edən düşmən ordusunda böyük çaxnaşma, qorxu yaşanır. Ön cəbhədə düşmən tərəfindən atəşkəs rejiminin pozulması halları, gərginliyin kəskinləşməsinə yönəlik cəhdlər isə qorxudan doğan hərəkətlərdir. Necə deyərlər, indi ermənilərin kürkünə birə düşüb.

Ən maraqlısı odur ki, Serj Sarkisyanın dostu, "Qarabağ" klanının üzvü Barseq Bəyləryan Ermənistan ordusunu benzinsiz qoyub. Ermənistanın maliyyə sektorunda yaranmış təlatümlər üzündən Bəyləryana məxsus "Fleş" şirkəti orduya benzin satmaqdan imtina edib. Bu barədə İrəvanda çıxan "Joqovurd" qəzetinin son sayında bildirilir. Qəzetin yazdığına görə, hərbi qurum şirkətə benzinin pulunu bir-iki ay qabaq ödəyib. Amma erməni dramı kəskin ucuzlaşdığına və benzin bahalaşdığına görə şirkət alış-verişi dayandırmaq istəyir. Əslində, Barseq Bəyləryan dramın sabit vaxtlarında yaxın dostu, həmyerlisi Serj Sarkisyanın himayəsindən istifadə edərək ordunu təkbaşına təchiz etməklə pul qazanırdı. İndi isə yaranmış qiymət fərqindən daha böyük pullar qazanmaq üçün erməni ordusunu benzinsiz qoyur. Yaranmış durum Ermənistanda hakim "Qarabağ klanı"na nifrəti daha da artırıb.

Belə bir vaxtda Ermənistanın müdafiə naziri Seyran Ohanyan təxminən bir ay əvvəl Serj Sarkisyan və Robert Koçaryanın baş tutan görüşündə əsas müzakirə mövzusu olub. Bunu Ermənistanın "Haykakan Jamanak" qəzeti yayıb. Qəzetin yazdığına görə, Serj Sarkisyan Robert Koçaryana 2018-ci ildə prezidentliyə əsas namizədin Seyran Ohanyan olacağını bildirib. Sarkisyan Koçaryana Seyran Ohanyanın Ermənistan prezidenti seçilməsinin onun üçün də sərfəli olduğunu çatdırıb. Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" liderlərinin görüşündə əslən şuşalı bir nəfərin namizəd kimi təsdiqlənməsinin heç də təsadüfi olmadığı bildirilir. Belə ki, "Qarabağ klanı" hakimiyyəti "öz adamı"na ötürməklə Dağlıq Qarabağ problemini bir az da uzatmağı planlaşdırır. Ordu və güc strukturları əlində olan və Qarabağda dinc sakinlərin qırğınlarının əsas təşkilatçısı və icraçılarından olan Seyran Ohanyanı hakimiyyətə gətirməklə Serj Sarkisyan özü üçün də təhlükəsiz şərait qurmağa çalışır. Ancaq istənilən halda yerli ermənilərin "Qarabağ klanı"na nifrəti fonunda Sarkisyanın varis planının iflasa məhkum olduğunu düşünmək olar.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.