Dünya

Gözlənilməz vəziyyət

1 Noyabr 2014 20:38
0 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda daxili siyasi durumu proqnozlaşdırmaq getdikcə daha da çətinləşir 

Ermənistanda konstitusiya islahatları təxirə salınıb. Ölkə prezidentinin mətbuat katibi Arman Saqatelyan bildirib ki, prezident Serj Sarqsyanın konstitusiya islahatlarına dair konsepsiya haqqında yekun rəyi, böyük ehtimalla, 2015-ci ilin fevral-mart aylarında bəlli olacaq.
 

Ermənistanda konstitusiya islahatları artıq bir neçə aydır müzakirə olunur. Bir müddət əvvəl məsələnin artıq finiş xəttinə çatmaq üzrə olduğu güman edilirdi. Uzun mübahisə və diskussiyalardan sonra, nəhayət, islahatların konsepsiyası açıqlanmışdı. Prezident yanında Xüsusi Komissiyanın hazırladığı Konstitusiya islahatları konsepsiyasının açıqlanmasından sonra, Ermənistan Ədliyyə Nazirliyi Venesiya Komissiyasının sənədə dair müsbət rəyini ictimaiyyətə təqdim edib: "Konstitusiya islahatları konsepsiyası layihəsi konkret konstitusiya islahatları paketinin hazırlanması üçün qiymətli və etibarlı əsasdır. O, qanunun aliliyinin, insan haqlarına hörmətin təmini üçün lazımi şərait yaradacaq. Layihə ölkədəki vəziyyətin hərtərəfli və əsaslı təhlilinə əsaslanır. Onun məqsədi Ermənistanın Avropa Şurasının əsas dəyərlərinin tam reallaşdırılmasına yaxınlaşdırılmasıdır. O, əhəmiyyətli dəyişikliklərə yol açsa da, hazırkı konstitusion sistemdən imtinaya aparıb çıxarmayacaq, 2005-ci ildə qəbul olunmuş konstitusiya islahatlarına əsaslanacaq. Sadəcə, onların reallaşdırılması zamanı meydana çıxmış bir sıra çatışmazlıqlar aradan qaldırılacaq".
 

Ermənistanda konstitusiya islahatlarının əsas ideyası parlament idarəçiliyi sisteminə keçiddir. Bu halda Ermənistan prezidenti parlament tərəfindən 7 il müddətinə seçiləcək və həmin şəxsin təkrar dövlət başçısı seçilmək hüququ olmayacaq. Bu halda prezidentin əsas missiyası konstitusiyaya əməl edilməsinin təmini olacaq. Bunlar isə yalnız o halda mümkündür ki, prezident mövcud siyasi problemlərə cəlb olunmasın, bitərəf, partiyasız fiqur olsun, ilk növbədə, vasitəçi və hakim rolunu oynasın. Bütün bunlar gurultulu səslənsə də, əslində, əsas məqsəd səlahiyyətlərin prezidentdən alınıb baş nazirə verilməsindən gedir.
 

Əksər analitiklərin fikrincə, Serj Sarqsyanın Mixail Saakaşvilinin bacarmadığını etməyə çalışdığı istisna deyil. Gürcüstanın sabiq prezidenti ikinci səlahiyyət müddətinin başa çatması ilə ölkədə Konstitusiya islahatları apardı, əsas hakimiyyət prezidentdən baş nazirə verildi. Onun planına görə, bundan sonra keçiriləcək parlament seçkisində "Vahid milli hərəkat" partiyası qələbə qazanmalı, nəticədə, Saakaşvili baş nazir postunu tutmalı idi. Amma ilkin gözləntilərin əksinə olaraq, parlament seçkisi müxalifətçi "Gürcü arzusu" koalisiyasının qələbəsi ilə başa çatdı.
 

Görünən odur ki, Serj Sarqsyan da hakimiyyətdən əl çəkmək niyyətində deyil. Üstəlik, Ermənistan iqtisadiyyatında yaşanan "buz dövrü" fonunda bu, azsaylı gəlirli biznes sahələrindən biridir. Əksəriyyət hesab edir ki, Sarqsyanın kifayət qədər etibarlı "ehtiyat aerodromu" yoxdur. Ekspertlərin fikrincə, Ermənistan Gömrük İttifaqına qoşulsa da, Moskva Sarqsyana Aİ ilə assosiativ üzvlüyə dair sazişin imzalanması ətrafında uzun müddət var-gəl etməsini bağışlamayıb. Xaricdəki erməni diasporu isə Sarqsyanı Türkiyə ilə danışıqlar üzündən, az qala, satqın sayır. Amma müxalifət liderləri Sarqsyanın bundan sonra nə prezidentliyə, nə də baş nazirliyə namizəd olmayacağını açıqlamağa məcbur etdikdən sonra, o artıq Gürcüstan sxemini reallaşdırmağa o qədər də can atmır. Bu açıqlamasından sonra, o sanki konstitusiya islahatlarına marağı, sadəcə, itirib.
 

İstənilən halda, indi Ermənistanda hadisələr gözlənilməz istiqamət alıb. Konstitusiya islahatları layihəsinin açıqlamasından dərhal sonra İrəvanın "Joxovurd" qəzeti yazırdı ki, indi konsepsiyanın yekun variantının yalnız Sarqsyan tərəfindən təsdiqlənməsi qalır. Amma bunun nə vaxt baş verəcəyi, ümumiyyətlə, baş verib-verməyəcəyi bəlli deyil. Qəzet yazır ki, ölkə parlamentində təmsil olunan 6 siyasi qüvvədən 4-ü konstitusiya islahatlarını dəstəkləyərsə, hakimiyyət konsensusun olduğunu bəyan edə bilər. Bununla yanaşı, qəzet Ermənistan hökumətində, ümumiyyətlə, konstitusiya islahatları ilə bağlı referendumdan imtina olunması məsələsinin də müzakirə edildiyini yazır. Serj Sarqsyanın guya əvvəlcədən bu islahatların əleyhinə olduğunu, bu təşəbbüslə yalnız müxalifətin tələbləri əsasında çıxış etdiyini açıqlayacağı istisna deyil. Guya indi həmin tələbi irəli sürmüş qüvvələrin islahatlara qarşı çıxması onu prosesi dayandırmağa vadar edəcək.
 

Yaşananlar göstərir ki, hər zaman olduğu kimi, yenə də bədbinlər haqlı çıxıblar. Prezidentin konstitusiya islahatları ilə bağlı yekun qərarını açıqlaması gələn ilin fevral-mart aylarına qalıb. Gələn ilin əvvəlində isə növbəti təxirəsalma üçün səbəblərin ortaya çıxacağı istisna deyil.

Ermənistan müxalifətinin baş verənlərə reaksiyası isə başqa bir məqamdır. Müxalifət hesab edir ki, prezident idarəçliyi sisteminin dəyişdirilməsindən əvvəl hakimiyyət dəyişməlidir. Bundan başqa, bu bəyanatlar müxalifətin "mitinqlər marafonu"na başlaması fonunda səslənir. Artıq müxalifətin İrəvanda keçirdiyi mitinqlərə kifayət qədər çox sayda insan toplaşır. Bu isə artıq əməlli-başlı ciddi məsələdir. Prezidentin "yaxın ətrafı" yoxsulluq səviyyəsinin 40% təşkil etdiyi Ermənistanda güclü "partlayıcı material"ın toplandığını anlamaya bilməz. Narazılığa daha bir səbəb məlum kriminal oliqarxiyanın hakimiyyətə qayıdışıdır: İrəvanda əmindirlər ki, "Tülkü" ləqəbi ilə tanınan Suren Xaçatryanın Zəngəzur ("Syunik") qubernatoru postuna "köhnə yeni təyinatı" təsadüf deyil. Ermənistanın Avrasiya İttifaqına üzvlükdən əldə edəcəyi heyrətamiz iqtisadi dividendlərə olan ümidlər də səhər dumanı kimi əriyib yox olmaqdadır. Artıq bu qərarın bütün iqtisadi nəticələrinin müsbət olmayacağı hər kəsə aydındır.
 

Bütün bunların fonunda Ermənistan baş nazirinin müavini, ərazi idarəetmə üzrə nazir Armen Gevorkyanın vəzifəsindən istefa verməsi kifayət qədər düşündürücüdür. Ölkənin baş naziri Ovik Abramyan hökumətin növbəti toplantısına yekun vurarkən bildirib ki, Gevorkyan "fəaliyyətini özəl sektorda davam etdirmək istəyir və bundan sonra hökumətlə əməkdaşlıq edəcək".
 

Məlum olduğu kimi, siyasətdən özəl sektora belə keçidlər olur. Amma birincisi, Ermənistanda baş nazirin müavini postunun qurban verilməsinə dəyəcək ciddi biznes layihələri sadəcə, yoxdur. İkincisi, 41 yaşlı Gevorkyan təpədən-dırnağadək idarəçidir. Üstəlik, onun adı heç bir səs-küylü qalmaqalda hallanmayıb. Bu halda Gevorkyanın baş nazir müavini postundan istefası batmaqda olan gəmidən qaçmağa daha çox bənzəyir. Başqa sözlə, Ermənistanda konstitusiya islahatları təxirə salınır, daxili siyasi təlatümlər təhlükəsi isə əvvəlkitək qalır.
 

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.