Dünya

Jirinovski məhkəmə qarşısında durmalı olacaq

17 İyul 2014 17:52
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada yaşayan azərbaycanlı ailəsi ondan 2,2 milyon manat tələb edir

Moskvada yaşayan azərbaycanlı vəkil ailəsi - Sadiq və Elmira Məmmədovlar Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskini məhkəməyə veriblər. Dünən Moskvanın Tver Rayon Məhkəməsində azərbaycanlı vəkillər, ər-arvad Sadiq və Elmira Məmmədovların deputat Vladimir Jirinovskiyə qarşı qaldırdığı iddiaya baxılıb. Məlumatlara görə, vəkil ailəsi məhkəməyə müraciət edərək Jirinovskinin martın 11-də Dumada etdiyi çıxışda azərbaycanlıları təhqir etdiyini iddia ediblər. Həmin məşhur çıxışında LDPR lideri deyib: "Azərbaycan sözü nə deməkdir? Mən sizin üçün rus dilinə tərcümə edirəm. "Azər" - "Xəzər dənizi", "baca" isə diyar deməkdir. Yəni Xəzər dənizinin sahilində yaşayan insanlar, xəzərlilər. Xəzərlilər adında millət varmı? Yəni orada yaşayan insanlar. Biz Volqaboyu dediyimiz kimi. Orda isə marilər, tatarlar, başqırlar var" - deyə Vladimir Jirinovski bildirmişdi. Məmmədovlar ailəsi Jirinovskidən dəymiş zərər qarşılığında 100 mln. rubl (2,2 milyon manat) tələb edir. Məmmədovlar ailəsi həmçinin Jirinovskidən sözləri ilə bağlı Dövlət Dumasının yaxın iclaslarından birində təkzib verməyi də tələb ediblər. "Mən Azərbaycan xalqının nümayəndəsi kimi iddia qaldırmışam. Rusiyada 40 ildən artıqdır ki, yaşayıram. Hər dəfə mənə Jirinovskinin sözlərini xatırladırlar. Buna dözmək mümkün deyil" - deyə, soydaşımız Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, sərsəm fikirləri ilə hamını bezdirən Jirinovski BMT tərəfindən tanınan bütöv bir xalqı təhqir edib. "Söhbət tək mənim və xanımımın nüfuzundan deyil, bütün xalqın nüfuzundan gedir", - deyə o əlavə edib. Məmmədov tələb etdiyi kompensasiyanın məbləği ilə bağlı açıqlama vermək istəməyib

Jirinovskinin nümayəndəsi də məhkəmə prosesi ilə bağlı hər hansı bir şərh verməyib.

"Azərros"un prezidenti Azər Məhərrəmov tərəfindən də Dumanın etika komissiyasına Jirinovskinin məlum ifadələri ilə bağlı məktub daxil olub. Amma komissiya Dumanın vitse-spikerinin deputat etikasına zidd hər hansı bir fikir söyləmədiyi qənaətinə gəlib. Komissiyanın sədri Aleksandr Deqtyarov bildirib ki, komissiya Jirinovskinin çıxışını analiz edib və sonda bu qənaətə gəlib ki, burada hər hansı bir etik pozuntu baş verməyib. Jirinovski komissiyaya bildirib ki, o, heç bir vaxt azərbaycanlıların müstəqil etnos olduqlarını inkar etməyib. "Komissiya müəyyən edib ki, etik normaların pozulması halı baş verməyib. Müəyyən biliklərin olmadığı göz önündədir. Jirinovski xalqların köçü məsələsində mütəxəssis deyil. O bildirib ki, azərbaycanlılar - Xəzər dənizi sahillərində yaşayan insanlardır. Burada hər hansı bir təhqiredici və aşağılayıcı fikir yoxdur. Çünki, o insanlar orada yaşayır. Onun özü də Azərbaycan xalqına çox müsbət yanaşır" - deyə Rusiya Dövlət Dumasının komissiya sədri vurğulayıb.
Yeri gəlmişkən, Jirinovski dəfələrlə bu tip bəyanatlar səsləndirib və bu mənfi reaksiya doğurub. Beş il öncə də Azərbaycan diaspora nümayəndələri Jirinovskinin müəllifi olduğu "Cənuba son hücum" kitabı ilə bağlı narazılıqlarını bildirmişdilər. Həmin kitabda azərbaycanlılar millət kimi şübhə altına alınmışdı. Rusiyalı ekspertlər hesab edir ki, Məmmədovların məhkəməni udmaq şansı yoxdur. Bu fikirdə olanlar arasında vəkil Sergey Jorin də var. Şərəf və ləyaqətin qorunması üzrə ixtisaslaşan vəkil bildirir ki, onlar bununla bağlı iddia qaldırıblar. Lakin iddiaçılar özlərinə bu xəbərin necə təsir etdiyini sübuta yetirməlidirlər.

Sərsəm bəyanatları ilə seçilən Jirinovski dəfələrlə bu və digər şəxsləri, hətta xalqları təhqir etməsi ilə yadda qalıb. O özünün karyerası dövründə nəinki jurnalistləri, deputat həmkarlarını hətta seçiciləri belə təhqir edib. Bir çox hallarda isə buna görə məhkəmə qarşısında durmalı olub. Hətta az qala beynəlxalq qalmaqalın səbəbkarına da çevrilib. Məsələn, 2014-cü ilin fevralında Qazaxıstan XİN Rusiyaya Jirinovskinin ölkələri barədə səsləndirdiyi fikirlərə görə nota verib. Vitse-spiker qazaxlar barədə mənfi fikir səsləndirərək Rusiyanın tərkibində Orta Asiya federal dairəsi yaratmağı və ora Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstanı daxil etməyi təklif etmişdi. Özü də bu, onun qazaxlar barədə səsləndirdiyi ilk fikir deyil. 2005-ci ildə qazax hakimiyyət orqanları onun ölkə haqqında mənfi fikirlərinə görə, Qazaxıstana ayaq basmasını belə qadağan etmişdi.

Jirinovski Ukrayna barədə də qalmaqallı fikirləri ilə yadda qalıb. 2013-cü ildə ukraynalı fəal Kiyevdə mətbuat konfransı keçirən Jirinovskinin üzərinə kələm turşusu atmışdı. Lakin bu da ona dərs olmamışdı. 2014-cü ilin martında bildirib ki, Ukraynanın qərb vilayətlərini Polşa, Macarıstana və Rumıniya qaytarmağının vaxtı çatıb. Onun Ural sakinləri ilə bağlı fikirləri isə əməlli başlı təhqiredici olub. O, həmin ərazilərin sakinləri barədə "tupoy" ifadəsi işlədib.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.