Dünya

Azərbaycanlı "qanuni oğru" niyə həbs edildi?

17 İyul 2014 10:42
1 Şərh     Baxış: 2 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güman etmək olar ki, "Albert Rıjıy"ın həbsi məhz Türkiyədəki qanlı atışma ilə bağlıdır

Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" Əli Heydərov həbs olunub.

Kriminal aləmdə "Albert Rıjıy" ləqəbi ilə tanınan Ə.Heydərovun axtarışda olduğu deyilir. Avtoritetin tutulması üçün Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı "Tayfun" qrupu səfərbər edilib.

Rusiya KİV-lərinin xəbərinə görə, "qanuni oğru" 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunur. Belə ki, həmin vaxt internetdə "JEEP" avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq müəyyən edib ki, cinayət işinin təşkilatçısı Əli Heydərovdur.

Qeyd edək ki, son aylar "Albert Rıjıy"ın adı bir neçə səs-küylü işlərdə hallanırdı. Bu ad Azərbaycan mediasının diqqətini "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovla arasında başlayan savaşdan sonra çəkmişdi. Rusiya mənbələrinin iddiasında deyilirdi ki, "Albert Rıjıy"ı bu ilin martında öldürmək istəyiblər. Amma "Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum olub ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir. Həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon"un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilir. İ.Hacıyevin isə "Lotu Quli"nin qohumu olduğu üzə çıxıb. May ayının 11-də "Albert Rıjıy" Piterdə "sxodka" keçirib və bu qətlin sifarişçisi kimi "Quli"nin adının hallandırılması geniş müzakirə olunub. "Sxodka"da iştirak edən Aliksey Qudına ("Lexa İrkutski") "Albert Rıjıy"i öldürmək istəmələri ilə bağlı xəbərlərə və bu işdə həmyerlisi "Quli"nin adının hallanmasına etiraz edib. Qudına iddia edib ki, sui-qəsd məsələsini "Albert Rıjıy" özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb. Qudına bu iddianı sübuta yetirə bilmədiyi üçün ağır cəzalandırılıb. Belə ki, 40 yaşlı Aliksey Qudına ("Lexa İrkutski") və 31 yaşlı Besik Kvinixidze ("Beso Rustavski") "qanuni oğru" titulundan məhrum ediliblər. "Qanuni oğru" ların titulundan məhrum edilməsi barədə "praqon"u "Mirıça", "Albert Rıjıy", "Saçino", "Beco Zarandiya", "Qaço" və "Yura Lazerevskiy" kimi kriminal avtoritetlər adından yayılıb. "Praqon" da deyilib ki, "Lexa" və "Beco" "oğru ailəsinə" fırıldaq yolu ilə daxil olmağa çalışıblar və heç vaxt "qanuni oğru" olmayıblar".

İyunun 9-da isə "Albert Rıjıy" bu işlə bağlı bu dəfə Türkiyənin Ədirnə şəhərinə "razborkaya" çağırılır. Görüş vaxtı atışma düşür, hətta bir türk polisi öldürülür, bir neçə nəfər isə həbs edilir. Ə.Heydərov iddia edir ki, qardaşı və yerli biznesmenlərdən biri ilə əyləşdiyi hotelin restoranına 15 nəfər daxil olur. Dəstəyə rəhbərliyi isə peterburqlu, 40 yaşlı Aliksey Qudina edib. Hadisə yerində olan türk polis əlini tapançasına atmaq istəsə də, qarşı tərəf daha cəld tərpənərək polis Hüseyn İmraqı ürəyindən vurub. Bu atışmadan sonra "qanuni oğru"nun harada olması barədə məlumat yox idi... Azərbaycanlı "qanuni oğru"nun axtarışda ola-ola Rusiya sərhədlərini keçməsi və yenidən qayıtması ağlabatan görünmür. Onun həbs səhnələri də məsələnin bir biznesmenə "pul atılması" olmadığı təəssüratını yaradır. Qeyd edək ki, onun yarımçıq villasında da polis axtarış aparıb. Belə görünür ki, ortada daha ciddi mətləblər var və Rusiya hüquq-mühafizə orqanları hələ ki "qanuni oğru"ya 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham verib. Çünki həbsi ilə bağlı xəbərdə də onun məhz Türkiyədən qayıtdıqdan sonra axtarıldığı deyilir. Güman etmək olar ki, onun həbsi məhz Türkiyədəki qanlı atışma ilə bağlıdır.

"Albert Rıjıy" ləqəbi ilə tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub.

"Albert Rıjıy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ilin payızında Aslan Usoyanın dəstəyi ilə alıb. "Ded Xasan" klanında yer alan "Albert Rıjıy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib. "Ded Xasan"ın qətlindən sonra da ("Ded Xasan" 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalan "Albert Rıjıy" yerini kimsəyə güzəştə getmək fikrində deyil. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk" kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru" bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.