Dünya

83 milyard dollarlıq qızıl xəzinəsi tapıldı - 1000 tondan çoxdur

28 Avqust 2026 16:46
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çinin Hunan əyalətində böyük qızıl yatağı aşkarlanıb. İlkin hesablamalara görə, yatağın ehtiyatları 1000 tondan çox ola bilər.

Milli.Az  xəbər verir ki, yeni yataq Hunanın Pinczyan bölgəsində yerləşən Vanqu qızıl sahəsinin ərazisində aşkarlanıb. Kəşflə bağlı ilk rəsmi məlumat 2024-cü ilin noyabrında açıqlanıb.

Geoloji araşdırmalar zamanı iki kilometrədək dərinlikdə 40-dan çox qızıl damarı müəyyənləşdirilib. Bu dərinlikdə təsdiqlənən ehtiyatın təxminən 300 ton olduğu bildirilir. Üç kilometrə qədər dərinlikdə isə yatağın ümumi ehtiyatının 1000 tonu keçə biləcəyi proqnozlaşdırılır.

Çin tərəfinin 2024-cü ildəki hesablamalarına əsasən, 1000 tondan çox qızılın bazar dəyəri təxminən 600 milyard yuan, yaxud 83 milyard dollar ola bilər. Lakin 1000 tonluq göstəricinin hələlik yalnız proqnoz olduğu və əlavə kəşfiyyat işləri ilə təsdiqlənməli olduğu vurğulanır.

Kəşfiyyat işləri çərçivəsində müxtəlif dərinliklərdən süxur nümunələri götürülüb. Nümunələrin bir qismində qızılın olduqca yüksək konsentrasiyası aşkarlanıb. Bir ton süxurda maksimum 138 qram qızıl müəyyən edilib. Halbuki bir çox yataqlarda hasilatı iqtisadi baxımdan səmərəli edən göstərici ton başına 1-3 qram səviyyəsindədir.

Çinli geoloq Çen Rulinin sözlərinə görə, təxminən iki kilometr dərinlikdən çıxarılan bəzi süxur nümunələrində qızıl hissəciklərini adi gözlə müşahidə etmək mümkün olub.

Araşdırmalar zamanı ümumilikdə 65 kilometrdən artıq quyu qazılıb və yatağın quruluşunu müəyyənləşdirmək üçün üçölçülü geoloji modelləşdirmədən istifadə olunub. Ətraf ərazilərdə aparılan əlavə qazıntılar zamanı da qızıl yatağının mövcudluğunu göstərən əlamətlər qeydə alınıb.

Yatağın işlənməsi dövlətə məxsus "Hunan Mineral Resources Group" şirkətinə həvalə edilib. Bununla belə, ehtiyatların həcmi hələ beynəlxalq standartlara uyğun müstəqil qiymətləndirmədən keçirilməyib. Genişmiqyaslı hasilata başlanılmasından əvvəl layihənin ekoloji təsiri və tələb olunan infrastruktur xərcləri də qiymətləndirilməlidir.

Proqnozlaşdırılan ehtiyatlar təsdiqlənərsə, Vanqu yatağı Çinin qızıl bazarındakı mövqeyini daha da möhkəmləndirə və ölkənin xaricdən qızıl tədarükündən asılılığını azaltmağa imkan verə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.