ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuelaya qarşı "Cənub nizəsi" adlı yeni hərbi əməliyyatın başladığını açıqlayıb.
Milli.Az xəbər verir ki, məlumata görə, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Heqset bildirib ki, Prezident Donald Trampın tapşırığına əsasən operativ tədbirlərə artıq start verilib və Müdafiə Nazirliyi prosesin icrasını həyata keçirir.
"Bu gün 'Cənub nizəsi' əməliyyatının başladığını rəsmən elan edirəm. Birləşmiş 'Cənub nizəsi' Əməliyyat Qrupu və Cənub Komandanlığının rəhbərliyi altında həyata keçirilən missiyanın məqsədi ölkəmizin təhlükəsizliyini təmin etmək, narkoterrorçu qrupları yarımkürədən təmizləmək və insanlarımızın ölümünə səbəb olan narkotiklərin ABŞ-a daxil olmasının qarşısını almaqdır. Qərb yarımkürəsi Amerikanın təsir dairəsidir və biz bu bölgəni qoruyacağıq", - deyə o vurğulayıb.
Milli.Az





