Enerji sistemi çökərsə, qarşıdan gələn qış Ukrayna üçün fəlakətli ola bilər.
Milli.az xəbər verir ki, bu barədə ukrayna rəsmilərindən biri deyib.
O bildirib ki, Ukraynanın qaz infrastrukturunun 55-60%-i artıq ciddi ziyan görüb:
"Qarşıdan gələn qış ən çətin qış olacaq".
Ukrayna rəsmiləri və Qərb müttəfiqləri xəbərdarlıq ediblər ki, qarşıdakı qış mövsümü müharibənin gedişatında həlledici rol oynayacaq.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful da qış fəslinin Ukrayna üçün həlledici olacağını söyləmişdi.
NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra verdiyi açıqlamada bildirib ki, Qərb ölkələri qışdan əvvəl Ukraynanın müdafiə qabiliyyətini qorumaq üçün bütün imkanlarını səfərbər etməlidir. "Bu qış dövrü həlledicidir. Ukrayna özünü müdafiə etmək gücünü qorumalıdır," - deyə o bildirib.
Açıqlamalar Rusiyanın Ukraynanın enerji infrastrukturuna qışdan əvvəl genişmiqyaslı hücumlar həyata keçirə biləcəyi barədə artan narahatlıqlar fonunda səslənib. Qərb analitikləri belə hücumların Ukraynanın enerji sisteminə ciddi zərbə vuracağı və əhalinin vəziyyətini çətinləşdirəcəyi barədə xəbərdarlıq edirlər.
Ekspertlər hesab edirlər ki, qarşıdan gələn qış həm döyüş meydanında, həm də diplomatik cəbhədə müharibənin istiqamətini müəyyənləşdirə bilər.
Fidan
Milli.Az





