Uqanda ordusunun yaydığı rəsmi məlumata görə, Somalinin paytaxtı Moqadişuda baş vermiş helikopter qəzası nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Açıqlamada bildirilir ki, Mi-24 tipli hərbi helikopterdə 8 nəfər - 6 heyət üzvü daxil olmaqla - olub. Pilot, ikinci pilot və uçuş mühəndisi sağ qalıb, lakin ağır xəsarətlər və yanıq alıblar. Digər sərnişinlər həlak olub. Yerdə olan 3 mülki şəxs də xəsarət alıb.
Hadisə Moqadişudakı Aden Adde Beynəlxalq Hava Limanının şimal hissəsindən təxminən 200 metr şərqdə baş verib. Qəza zamanı helikopterdəki sursatlar partlayıb və ətrafdakı tikililərə ziyan dəyib.
Yaralılar - həm heyət üzvləri, həm də mülki şəxslər - Afrika İttifaqının Somali Keçid Missiyası (ATMIS) nəzdindəki xəstəxanaya təxliyə olunublar.
Hadisə yerinə Moqadişu hava limanı və BMT-yə məxsus yanğınsöndürən briqadalar, eləcə də ATMIS-in partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupu cəlb olunub.
Uqanda ordusunun sözçüsü Feliks Kulayige bildirib ki, qəzanın səbəblərini araşdırmaq üçün yaxın günlərdə istintaq qrupu Moqadişuya göndəriləcək. Helikopterin qəza zamanı Balidogle Hərbi Hava Bazasında müşayiət missiyasını başa vurub geri qayıtdığı qeyd olunub.
Kulayige hücum ehtimalını rədd edib:
"Bu, döyüş helikopteri idi və raketlərlə təchiz olunmuşdu. Partlayışı da məhz bu raketlər törətdi. Əgər bu xarici hücum olsaydı, səbəb aydın idi və istintaqa ehtiyac qalmazdı," - deyə o, bildirib.
O, əlavə edib ki, bu qəza logistika daşıyan karvanların müşayiətində çətinliklər yaratsa da, missiyanın icrasına ciddi təsir göstərməyəcək.
Somali Mülki Aviasiya İdarəsinin baş direktoru Əhməd Məcallin Həsən bildirib ki, qəza yerindəki dağıntılar səbəbindən uçuş-enmə zolağının bir hissəsi müvəqqəti bağlansa da, hava limanının fəaliyyətinə əsaslı təsir olmayıb.
Qeyd edək ki, Uqanda 2007-ci ildən bəri Afrika İttifaqının Somali sülhməramlı missiyasına əsas qüvvə göndərən ölkələrdən biridir.
2023-cü ilin sentyabrında da Uqanda ordusuna məxsus nəqliyyat helikopteri Moqadişudan Balidogle bazasına uçarkən qəzaya uğramış, lakin bortdakı 4 sülhməramlı sağ qalmışdı.
Lalə Qüdrətova
Milli.Az