Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibənin başa çatmasını gecikdirir. O, Ukrayna prezidenti Volodimir Zelenskinin "qanunsuzluğu" və "xarici idarəetmənin" sülh danışıqları üçün zəruri olduğu barədə fikirləri yenidən informasiya məkanına qaytarmaqla bu prosesi uzadır.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilib.
"Kreml danışıqlarla manipulyasiya edir və atəşkəslə bağlı müzakirələrdə əldə edilən irəliləyişdən sonra Qərbdən əlavə güzəştlər almağa çalışır", deyə hesabatda qeyd olunur.
ISW analitikləri hesab edirlər ki, Kreml hələ də öz məqsədinə sadiq qalaraq, cəbhə xəttində müvəqqəti atəşkəs və ya daimi sülh razılaşması ilə bağlı danışıqları uzatmaq niyyətindədir. Bu strategiya Ukraynanın yeni ərazilərinin tədricən işğalını davam etdirmək və "Ukraynanın kapitulyasiyası üçün əlverişli şərait yaratmaq" məqsədi daşıyır.
Xatırladaq ki, martın 27-də Putin BMT-nin himayəsi altında Ukraynada "xarici idarəetmə" tətbiq edilməsinin məqsədəuyğun olduğunu bəyan edib.
Daha əvvəl Putin dəfələrlə bildirmişdi ki, Ukraynada tammiqyaslı Rusiya işğalının başlanmasından sonra seçkilərin keçirilməməsi səbəbindən prezident Zelenski və Ali Radanı "qanunsuz" hesab edir.
Qeyd edək ki, müharibə dövründə seçkilərin keçirilməsi Ukrayna Konstitusiyası və digər qanunlarla qadağan edilib.
Ertəsi gün BMT Putinin Ukraynada xarici idarəetmə tətbiq etmək ideyasına reaksiya verib. BMT-nin baş katibi Antonio Quterreş Rusiya hökmdarının bu fikrini ciddi qəbul etməyib.
Milli.Az