"QAZAQ AIR" aviaşirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları müvəqqəti olaraq dayandırıb.
Trend xəbər verir ki, bu barədə aviaşirkət öz "Telegram" kanalında məlumat yayıb.
"QAZAQ AIR" aviaşirkəti 28 dekabr 2024-cü ildən 27 yanvar 2025-ci il tarixinədək Astana-Yekaterinburq marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.
Reyslərin dayandırılması sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşlarla bağlı davamlı olaraq aparılan risk qiymətləndirmələrinin nəticəsinə əsaslanır. Aviaşirkət hazırda risk qiymətləndirmə meyarlarına cavab verən Omsk və Novosibirsk istiqamətində uçuşları davam etdirir. Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsindən sonra həyata keçiriləcək.
Ləğv edilmiş reyslərin sərnişinlərinə aviabiletin tam dəyəri qaytarılacaq və ya aviaşirkətin alternativ reyslərinə pulsuz bronlama təklif ediləcək", - "QAZAQ AIR"in məlumatında deyilir.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Milli.Az