Dünya

ABŞ bölgədə gərginlik yaratmağa çalışır

8 Oktyabr 2024 19:26
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza yanaşmada tamamilə ədalət meyarlarını itirib, reallığı təhrif edir və eyni zamanda, bölgədə gərginlik yaratmağa çalışır.

Milli.Az bildirir ki, bunu Trend-in suallarını cavablandırarkən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib.

O qeyd edib ki, bütün bunlar onu göstərir ki, ABŞ-nin Azərbaycana, Ermənistana, bütövlükdə bölgəyə yanaşması adekvat deyil:

"Dövlətlərarası fərq qoyması nəticədə vəziyyətin gərginləşməsinə səbəb olur. Bu gün Ağ Ev Azərbaycanın müstəqil xarici siyasət kursu yeritməsini həzm edə bilmir. Ermənistanda özünün kəşfiyyat şəbəkələrini müxtəlif təşkilatların adı ilə yerləşdirməklə ölkəmizi də öz təhlükəli oyunlarına cəlb etməyə çalışır. Azərbaycanın beynəlxalq hüququ təmin edərək öz torpaqlarını işğaldan azad etməsi ABŞ-də bəlli dairələri ciddi narahat edir.

ABŞ Dövlət Departamenti ermənipərəst konqresmenlərin, senatorların təzyiqlərinin qarşısında duruş gətirə bilmir. Nəticədə ABŞ-nin Azərbaycanla münasibətləri korlanır. Bütün bu təzyiqlər boşunadır. Azərbaycan hər hansısa ölkənin təzyiqi ilə öz xarici siyasət kursunda dəyişikliklər edəcək ölkə deyil".

Siyasi şərhçi Asif Oruclu bildirib ki, son dövrlər ABŞ-nin Azərbaycana qarşı yönəlmiş təzyiqləri geosiyasi dinamikanın bir hissəsi olaraq diqqət mərkəzindədir.

"Bu təzyiqlərin fonunda Azərbaycanın geri çəkilməyəcəyi aydındır. Bu vəziyyət ölkənin müstəqil xarici siyasət yürütmək iradəsini və milli maraqlarını qorumaq məqsədini əks etdirir. ABŞ regional güclərin təsirini azaltmağa çalışır. Azərbaycan öz milli maraqlarını qorumaq və suverenliyini təmin etmək məqsədilə müstəqil xarici siyasət yürütməyə davam edir.

Bu, ölkənin enerji siyasətini, iqtisadi inkişafını və təhlükəsizlik strategiyalarını əhatə edir. ABŞ-nin Azərbaycana qarşı son təzyiqləri ölkənin müstəqillik və suverenlik iradəsini sarsıda bilməz. Azərbaycanın geri çəkilməyəcəyi, milli maraqlarını qorumaq və strateji məqsədlərinə nail olmaq istiqamətində irəliləməsi aydındır. Gələcəkdə bu iradə Azərbaycanın regiondakı rolunu və beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq", - deyə A.Oruclu qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.