Dünya

Türkiyə Suriya və İraqda quru əməliyyatlarına başlayır: ilkin hədəflər məlum olub

28 Noyabr 2022 13:06
Baxış: 948

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi ehtimal edilən quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Bildirilib ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. Qeyd edilib ki, bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. ABŞ-ın tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir: "Ankara bu plana müsbət yanaşmır. ABŞ-ın ərazidə hərbi cəhətdən güclənməsi davam edir. Son 1 ayda ABŞ bölgədə 6 dəfə hərbi təminat həyata keçirib".

Qəzet yazır ki, xüsusilə Tel-Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də, ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır.

Qeyd edək ki, daha əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar əməliyyatların uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, həm İraqın, həm də Suriyanın şimalındakı bütün əməliyyatlarda yeganə hədəf terrorçulardır. Nazir deyib ki, Türkiyənin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə çalışılır.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri "Pəncə-Qılınc" hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd "F-16" tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da "F-16" və "F-4" döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib. Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən "Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!" tviti ilə elan edilib. Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə Müdafiə Nazirliyi tərəfindən "Terror yuvaları dəqiq vuruşlarla məhv edilir" şərhi ilə paylaşılıb.

Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.

Milli Müdafiə Nazirliyi əməliyyatın özünümüdafiə hüququ kimi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini açıqlayıb.

Milli.Az 

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics