Sabah Yer kürəsində maqnit qasırğası gözlənilmir.
Milli.Az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, qısa müddətli lokal aktivlik ehtimalı olsa da, ümumilikdə geomaqnit şərait əsasən sakit qalacaq.
Bununla yanaşı, fevralın 15-i axşam saatlarına doğru və 16-sı günün əvvəlində Günəşdəki tac dəlikdən çıxan yüksək sürətli axının Yerə çatacağı proqnozlaşdırılır. Bu baş verərsə, G1 səviyyəli (zəif) maqnit qasırğası yarana bilər.
Digər meteoroloji platforma olan "Meteoagent" də fevralın 15-də geomaqnit aktivliyin artacağını, lakin bunun maqnit qasırğası səviyyəsinə çatmayacağını bildirib.
Maqnit qasırğaları Günəşdə baş verən alışmalar və tac kütləsinin püskürməsi nəticəsində yaranır. Yüklü hissəcik axınları Yerə çataraq planetin maqnit sahəsində dalğalanma yaradır və bu proses maqnit qasırğası adlanır.
Belə dövrlərdə qütb parıltıları güclənə bilər, peyk rabitəsi, naviqasiya və kommunikasiya sistemlərində müəyyən nasazlıqlar mümkündür. Geomaqnit aktivlik G1-dən G5-ə qədər şkala ilə, zəifdən ekstremal səviyyəyə qədər qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, meteohəssas insanlarda maqnit qasırğaları bəzən baş ağrısı, yorğunluq və təzyiq dəyişkənliyi kimi hallar yarada bilər. (Musavat.com)
Milli.Az





