Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda tarixi baxımdan ən qədim dini tikililərdən sayılan Sütəmurdov kəndindəki məscidi XVIII əsrin əvvəllərində kənd sakini Hacı Novruzəli adlı bir imkanlı şəxs - tacir öz şəxsi vəsaiti hesabına tikdirib. Məscidin tarixinin rayonda qədim memarlıq abidələri olan Mayak və Zindandan çox əvvəllərə gedib çıxdığı bildirilir.
Məscidin axundu Hacı Fəxri Sadıqovun CTV-yə verdiyi məlumata görə, ilk tikildikdə məscidin hündürlüyü insan boyundan bir qədər hündür olub. Damı qamış və lığdan, döşəməsi palçıqdan ibarət olan məscid sonralar inkişaf prosesində hündürlüyü bir metr də artırılıb. Məscidin qədimliyini sübuta yetirən faktorlardan biri də adi kərpiclərin 25x12 ölçüsündə olduğu halda, bu məscidin kərpiclərinin 25x25 ölçüsündə olmasındadır.
Cənub memarlığında məscidlərin qapısı üzü qibləyə açılır. Bu məscid rayonda yeganə məsciddir ki, tək qapısı var. Sovet dövründə insanları mənəviyyatından uzaqlaşdırmaq üçün dini mərasimləri icra etməyə icazə verilmirdi. Elə bu məscid də qapısı qıfıllanaraq gübrə, taxıl anbarı kimi istifadə olunub.
Qeyd edək ki, məscidin həyətində Lənkəranda XIX əsrdə fəaliyyət göstərmiş "Fövcül Füsəha" ədəbi məclisinin rəhbəri Mirzə İsmayıl Qasir dəfn olunub. Həmin məzarlıqda, həmçinin 1918-ci il 31 mart hadisələri zamanı rus generalı Şıvkınovun adamları tərəfindən doğranılan 3 kənd sakininin qəbri də var.
Milli.Az
Video
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
XVIII əsrin yadigarı olan Sütəmurdov məscidi - VİDEO
26 Mart 2013 13:32
0 Şərh
Baxış: 857
