İdman

Azərbaycan bizim üçün xoş bir gözlənilməzlik oldu - 26-cı Avropa çempionatının maskotları - FOTO

15 Aprel 2018 09:11
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 12-15 aprel tarixlərində keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı idmançıların maraqlı çıxışları ilə yanaşı, sözsüz ki, iki peşəkar aktyor - Skott Hesinqton (Scott Hesington) və Berri Andersonun (Barry Anderson) çempionatın rəsmi maskotunun - Qur-Qurun geyimində yaratdıqları şənlik və bayram ab-havası ilə tamaşaçıların yadında qalacaq.

Talismanlar idman mühitində nadirlik deyil, ancaq Hesinqton və Anderson bu sahədə işi tamamilə yeni bir səviyyəyə çıxarıblar. Hesinqton 24 il ərzində müxtəlif idman növlərində talisman rolunu ifa edib, lakin ən çox ABŞ Milli Basketbol Assosiasiyasındakı (MBA) karyerası ilə yadda qalıb. MBA-dakı karyerasından sonra o, Nyu-Yorkda televiziya kanallarının birində kaskadyor karyerasını davam etdirmək və öz işini açmaq üçün basketbol sahəsini tərk edib.

Anderson isə özünün "Çikaqo Bulz" komandasının talismanı Benni öküzü rolu ilə məşhurdur. Onun "Forbes", "USA Today" və "ESPN" tərəfindən qiymətsiz qalmayan 17 illik maskot təcrübəsi var. İki il əvvəl o, "Çikaqo Bulz"u səyahət etmək və Cənub-Şərqi Asiyada uşaqlarla işlə əlaqədar könüllülük fəaliyyəti ilə məşğul olmaq üçün tərk edib.

Milli.Az bildirir ki, Trend-lə söhbət zamanı Anderson və Hesinqton Bakı, Milli Gimnastika Arenası və öz obrazları haqqında təssüratları ilə bölüşüblər.

- Siz bu yarışmaya çoxlu şənlik qatırsız. Gimnastika turnirlərində ilk dəfədir iştirak edirsiz?

Berri Anderson: Bəli, ilk dəfədir. Gimnastika haqqıında o qədər də çox bilmirəm. Skott əvvələr gimnastikada işləyib, ona görə yarışmalar və texniki detallar haqqında daha çox bilir, ancaq maskot rolunda bu səviyyədə gimnastika yarışmalarında iştirak etdiyini düşünmürəm. Bu, yeri gəlmişkən, bizim üçün ciddi çağırışdır, çünki yarışmanın qaydalarını da öyrənməlisən, onlar da basketbol qaydalarından çox fərqlənir. Biz gimnastların çıxışları zamanı batut ətrafında qaçmalıyıq. Nə zaman səs-küy etmək, nə zaman gülməli olmaq, hansı anlarda isə ciddi olmağı da bilmək lazımdır. Bu isə bir neçə gün tələb edir.

Bakıda sizi ən çox nə təəccübləndirdi? Yəni biləndə ki, bura gələcəksiz hansı hissləri keçirdiz və şəhərə gələndə, zalda tamaşaçıları görəndə nə yaşadız?

Berri Anderson: Azərbaycan Qərb dünyasında o qədər də məşhur ölkə deyil. Bizim ölkə haqqında çox məlumatımız yox idi. Düşünürəm ki, ikimizin də Azərbaycan və Bakı haqqında səhv düşüncələri var idi. Biz düşünmürdük ki, şəhər bu qədər müasir və inkişaf etmiş olacaq. Biz beynəlxalq yarışlarda çox iştirak etmişik və səfər etdiyimiz şəhərlərin, arenaların çoxusu müasir deyildi. Ona görə də fikirləşdik ki, Azərbaycanda eyni şey olacaq. Lakin bura gəldiyimiz ilk saniyədən - hava limanında eniş etdiyimiz an hər ikimiz şok keçirtdik, aeroport mükəmməldir. Növbəti şok arena oldu. Biz fikirləşmirdik ki, bu qədər müasir və möhtəşəm arenaya düşəcəyik. Bu bizim üçün böyük sürpriz oldu.

Skott Hesinqton: Bizi qarşılaşdığımız qonaqpərvərlik də şoka saldı. Berri dediyi kimi, biz dünyada çox çıxış etmişik. Nadir hallarda bizi qırmızı xalça və VIP şəraitlə qarşılayırdılar. Üç gündür ki, buradayıq, əla hoteldə qalırıq, yeməklərimiz dadlıdır, bizə qulluq edirlər. Hamı o qədər əziz, xoş və mehribandır. Bilirsiz, ABŞ-ın bir neçə arenasında insanlar daha aqressivdir. Lakin burada hamı mehribandır.

- Yarışlar zamanı çox vaxtı zalda uşaqlarla kontaktda olursuz. Onlar necə reaksiya verir? Azərbaycanlı uşaqlar amerikalı uşaqlardan nə ilə fərqlənirlər?

Berri Anderson: Azərbaycanda uşaqlar bizə tamamilə başqa cür reaksiya verirlər. Xalqın mədəniyyətini uşaqlarda görmək olar. Burada biz böyük hörmət və heyranlıqla qarşılaşdıq. Onlar möhtəşəmdir. Bəzən uşaqlar tərəfindən aqressiya ilə qarşılaşırıq. Onlar səni tutmağa, nəyisə qoparmağa cəhd edirlər.

Skott Hesinqton: Burada uşaqlar daha çox tərbiyəlidirlər. Biz, yəqin ki, yalnız Çində oxşar bir şeylə qarşılaşmışdıq. Adətən bizi dişləyirlər, quyruq və saçlarımızı yonurlar.

- İkiniz də Milli Basketbol Assosiasiyasının (MBA) ulduzlarısız. Basketbol və gimnastikada çixişların fərqi nədir?

Skott Hesinqton: ABŞ-da idman təkcə idman deyil, bu həm də əyləncədir. ABŞ-da idman şounun mərkəzi hissəsidir, orada həm işıq, həm musiqi, müxtəlif effektlər, qrafika, rəqqaslar, maskotlar çalışır. Bu insanları cəlb edir, tək basketbolu bilənləri deyil, həmçinin əylənməyə gələnləri də. Burada isə biz daha çox özümüzü yarışlar çərçivəsinə salmağa çalışırıq.

- Personajınız - Qur-Qur haqqında nə düşünürsüz?

Berri Anderson: Bu maskota reaksiya xoşumuza gəlir. Biz tamaşaçıların hərəkətlərimizə reaksiyalarını gözləməliyik. Bu uzun prosesdir. Obraz bir anda yaradılmır. Onun inkişafı tamaşaçılardan asılıdır. Biz hələ də obrazımızı tanımağa davam edirik. Fanatların xoşuna gəldiyindən, bizim də xoşumuza gəlir. Bu Federasiyanın ideyası idi - qurbağa şəklində bir maskot yaratmaq. Biz isə kostümun dizaynı ilə kömək edirdik.

- Kənardan işiniz böyük bir macera kimi görsənir. Əslində bəs necədir?

Berri Anderson: Skott qeyd etdiyi kimi, biz yerində öyrənirik. Bizə məlum olmayan yerə gəlirik, azarkeşləri tanımırıq. Bizim səhnəyə hər çıxışımız yeni bir dərsdir. Biz otağa qayıdırıq və yeni hərəkətlər, ideyalar fikirləşirik. Səhnəyə hər çıxışımız yeni suallar yaradır - hakimlərlə, idmançılarla və uşaqlarla zarafat edə bilərik, yoxsa yox. Biz hər zaman o həddi tapmağa çalışırıq. Biz maskot və insanlar arasında körpü yarada bilərik, bu da yeni qitələri kəşf etmək kimidir və yaxud cəngəlliyi araşdırmaq kimi. Biz planlar qura bilərik, yalnız səhnəyə çıxanda, onları kənara qoyub, improvizasiya etmək məcburiyyətində oluruq. Çünki sən ancaq özünü idarə edə blərsən, yüzlərlə, minlərlə insanların hərəkətlərinə cavabdeh ola bilmərsən. Axına düşmək, improvizasiya etmək isə əsl maceradır.

- Şansızız olsa, Bakıya bir daha gələrdiz?

Skott Hesinqton: Bu Federasiyanın işimizi bəyənib-bəyənməyəcəyindən asılıdır, onların bizimlə bundan sonra əməkdaşlıq etmək istəklərindən asılıdır. Tək bizdən asılı olsa idi, biz Bakıya dəfələrlə gəlmək istərdik - bura çox xoşumuza gəldi!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.