İdman

Karate üzrə ilk dünya çempionumuz: "Rafael Ağayevlə bir yerdə..."

12 Yanvar 2018 22:34
0 Şərh     Baxış: 1 592

Bu gün Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Rəhman Hətəmovun 43 yaşı tamam olur.

Milli.Az bildirir ki, publika.az bu münasibətlə əməkdar məşqçi ilə qısa müsahibə götürərək təəssüratlarını öyrənib.

- Rəhman bəy, 43 yaşınız tamam olur. Doğum gününüzü necə qeyd edirsiz və bu günlə bağlı planlarınız nədir?

- Ailəm və dostlarımla yığışıb bir yerdə qeyd etməyi planlaşdırırıq.

- Yetirmələriniz təbrik edibmi sizi?

- Hamısı yavaş-yavaş telefon açıb təbrik edir.

- Demək olar ki, karyeranızın önəmli bir hissəsini yaşamısız və həm atlet, həm də məşqçi kimi böyük uğurlara imza atmısınız. Bu əziyyətlərin qarşılığı qayıdırmı?

- Təbii ki. Mən 1993-cü ildə Azərbaycanda karate üzrə ilk dünya çempionu olmuşam. Sonra gənclər və böyüklər arasında da keçirilən yarışlarda qalib olmuşam.

Daha sonra Avropa çempionu olmuşam. Atlet kimi karyeramı başa vurduqdan sonra isə məşqçilik fəaliyyətinə başladım. Mənim millidə məşqçi olduğum dövrlərdə millimiz ilk dəfə komanda şəklində Avropa çempionu oldu. Yetirmələrim "I Avropa Oyunları"nın, İslam "Həmrəyliyi Oyunları"nın qalibi oldu. Bu nəticələrə baxanda mənim məşqçilik karyeramı da uğurlu hesab etmək olar.

İndi də vitse-prezident kimi karatenin inkişafı üçün çalışır və əlimdən gələni edirəm. Dövlətimizin qayğısı isə hər zaman üzərimizdə olub və hər sahədə bizə dəstək çıxıblar. Prezidentimiz məni həm idmançı, həm də məşqçi kimi dəyərləndirib. Bunun nəticəsidir ki, Əməkdar məşqçi adına layiq görülmüşəm, prezidentin fəxri diplomu ilə təltif edilmişəm. Uğurlarımda Gənclər və İdman Nazirliyinin də payı var. Həmçinin bizim asossiasiyamızın prezidenti Ülvi Quliyevin, məşqçim Əhməd Hətəmovun əziyyətini də dana bilmərəm. Ölkəmiz 1990-cı illərdə müstəqillik qazandıqdan sonra biz bir yerdə çiyin-çiyinə vuruşmuşuq.

- Neçə ildir məşqçi kimi fəaliyyət göstərirsiniz?

- 2007-ci ildən məşqçilik fəaliyyətinə başlamışam.

- Ən məşhur və yaddaşınızda daha çox iz buraxan yetirmələriniz kimlərdir?

- Mən yığmanın məşqçisi olanda Rafael Ağayev dünya çempionu olmuşdu. Onun şəxsi müəllimi olmamışam, ancaq milli komandanın başında olduğum 9 illik müddətdə biz bir yerdə işləmişik. Sonra Niyazi Əliyev iki dəfə Avropa çempionu oldu, Ayxan Mamayevin ulduzu parladı: Avropa və İslam oyunlarının qalibi, gənclər arasında Dünya və Avropa birincisi, böyüklər arasında Dünya ikincisi oldu. İndoneziyada təşkil edilən Avropa çempionatının komanda şəklində qalibi olduq. İlk dəfə komanda olaraq Dünya çempionatının finalına çıxdıq. Daha sonra Firdovsi Fərzəliyev Avropa Oyunlarının qalibi oldu. Rafael Ağayev beşqat Dünya çempionu oldu, ondan sonra üç dəfə qızıl medal qazandıq birlikdə. Bütün bunların hamısı mənim üçün yaddaqalan hadisələr oldu və yetirmələrimin əksəriyyəti beynəlxalq arenalarda böyük nəticələr əldə etdi.

- Karate artıq Olimpiya idman növüdür. Bu sahədə növbəti hədəfləriniz nələrdir?

- Biz artıq özümüzü həm respublikaya, həm dünyaya tanıtmışıq. Bircə Olimpiya oyunlarında iştirakımız çatışmırdı. Şükürlər olsun ki, bu şansı da əldə edə bildik. Bu addım da Avropa Oyunlarının proqramına karatenin salınmasından sonra atıldı. Beynəlxalq Olimpiya Komitəsi həmin yarışa baxdı və belə qənaətə gəldi ki, karate də Olimpiya proqramına salınsın. Biz də çalışacağıq ki, qazandığımız uğurları Olimpiya arenalarına da daşıyaq.

- Biz də sizi təbrik edir, bol uğur və səsinizin yeni arenalardan, qızıl tonda gəlməsini arzulayırıq.

- Mən də sizə və bütün mediaya fəaliyyətimizi işıqlandırdığınız və diqqətiniz üçün təşəkkür edirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.