İdman

Çempionlar Liqasında yarımfinal savaşı

17 Aprel 2017 12:12
0 Şərh     Baxış: 781

Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə diqqətlər İspaniya və İngiltərəyə yönələcək.

"Real" səfərdə üstələdiyi "Bavariya" ilə bu dəfə öz meydanında üz-üzə gələcək. İlk matçda qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırır. Təsadüfi deyil ki, cavab qarşılaşmasında qeydə alınacaq 0:1 hesablı məğlubiyyət də "Real"ı qane edəcək. Bu mənada, "Bavariya" "Santyaqo Bernabeu"da minimum 2 qol vurmalıdı.
 
Ötən həftəsonu İspaniya çempionatında "Sportinq Xixon" önünə ehtiyat qüvvə ilə çıxan "Real" çətin olsa da, qələbə qazanmağı bacarıb. Zinəddin Zidanın yetirmələri İskonun 90-cı dəqiqədə vurduğu qolla 3:2 hesablı qalibiyyətə sevinib. "Bavariya" isə Bundesliqanın XXIX turu çərçivəsində səfərdə "Bayer"lə qolsuz bərabərliyə qalıb.
 
"Real"ın heyətində Pepe və Rafael Varan zədə üzündən bu görüşü buraxacaq. Bundan əlavə, komandanın aparıcı üzvlərindən olan Qaret Beyl də zədəlidi. "Bavariya" ilə ilk matçda xəsarət alan uelsli futbolçunun bu görüşdə iştirakı sual altındadı. "Bavariya"nın heyətində isə Robert Levandovski sıraya dönüb. İlk görüşü buraxan polşalı forvard açıqlamasında özünü yaxşı hiss etdiyini bildirib. Əvəzində Mats Hummels və Jerom Boatenq zədəlidi.
 
Günün digər matçında "Lester" "Atletiko"nu qəbul edəcək. Bu komandaların Madriddəki ilk görüşündə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbə qazanmışdı. "Lester" vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab matçında mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdı. Çünki "Atletiko" səfərdə 1 qol vursa, "Lester"in işi daha da çətinləşəcək. Belədə yarımfinala keçmək üçün "tülkülər"ə 3 qol lazım olacaq. Çempionlar Liqasının son finalçısı ötən həftəsonu La Liqada "Osasuna"nı 3:0 hesabı ilə üstələyib. "Lester" isə Premyer Liqada "Kristal Pelas"la heç-heçə (2:2) edib.
 
Aprelin 19-da 1/4 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.
 
"Barselona" ilk görüşdə 0:3 hesabı ilə uduzduğu "Yuventus"dan revanş almağa çalışacaq. Əvvəlki mərhələdə geridönüş edərək, PSJ-ni şoka salan kataloniyalılar eyni ssenarini "qoca sinyora" önündə də həyata keçirmək arzusundadı. Lakin əksəriyyət rəqibin "Yuventus" olduğunu əsas gətirərək, bunun təkrarlanacağına inanmır.
 
Luis Enrikenin yetirmələri ötən həftəsonu La Liqada "Real Sosyedad" üzərində çətin qələbə qazanıb - 3:2. "Yuventus" isə A seriyasında "Peskara"nı Qonsalo İquainin qolları ilə üstələyib - 2:0. Bu görüşdə zədə aldığı bildirilən, "Barselona" ilə ilk oyunun qəhrəmanı Paulo Dibalanın cavab matçındakı iştirakı sual altındadı.
 
"Monako" - "Borussiya" görüşü də gərgin mübarizə vəd edir. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Həm "Monako", həm də "Borussiya"nın hücum futboluna üstünlük verməsi cavab oyununun da qollarla zəngin olacağını istisna etmir. Səfərdə 3:2 hesablı qalibiyyət "Monako"nun mərhələ adlamaq şansını artırır. Ancaq "Borussiya"nı da hesabdan silmək olmaz. Tomas Tuhelin yetirmələrinin təslim olmayaraq, sona qədər "döyüşəcəyini" gözləyə bilərik. 
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
 
22:45. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
 
22:45. "Lester" (İngiltərə) - "Atletiko" (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun - 0:1
 
19 aprel
 
22:45. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:3
 
22:45. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 3:2
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.