İdman

""Qarabağ"ın indiki iddiası ilə yaxşı hücumçu alması çətin olacaq"

27 Dekabr 2014 11:17
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Azərbaycan futbolunun veteranı Vəli Qasımovun azerisport.az-a müsahibəsini təqdim edir.

- Kaxaber Sxadadzenin gözlənilmədən Gürcüstan yığmasının sükanı arxasına keçməsini necə qarşıladınız?

- Sxadadze bu komandadan neçə illik fəaliyyətdən sonra ayrılmağa qərar verib. Bu, mənfi haldır. Amma onu təbrik edirəm. Yığmaya dəvət ediblərsə, deməli, layiq imiş.

- Gürcü mövsümün sonunda "İnter"dən ayrılacaq. Sizcə, onu kim əvəz etməlidir?

- Böyük ehtimalla, yenə əcnəbi məşqçi gələcək. "İnter" həmişə legionerlərə üstünlük verib. Kursu dəyişməyə səbəb görmürəm. Baxmayaraq ki, onun yerində yerli mütəxəssislərdən birini görmək istərdim.

- Yola salmaqda olduğumuz ilin ən yaxşıları kimlər oldu?

- Fikrimcə, bu, Qara Qarayevdir. Bu il o, öz karyerasında böyük sıçrayışa nail oldu. Onun oyunu mənim çox xoşuma gəldi. Qısa müddət ərzində bu futbolçudan çox böyük irəliləyiş gördük. Bu templə davam etsə, daha böyük uğurlara nail ola bilər.

- İnnosent Emeqaranın gedişindən sonra "Qarabağ"ın nominal mərkəz hücumçusu yoxdur. Sizcə, ağdamlılar bu problemi aradan qaldıra biləcək?

- "Qarabağ"ın indiki iddiası ilə ölkəmizə yaxşı hücumçu dəvət etməsi çətin olacaq. Komandada futbolçulara verilən maaşın bir həddi var. Sabah hansısa bir bahalı futbolçu gəlsə, o zaman nə olacaq? Fikrimcə, maksimum Reynaldo və Riçard Almeyda çapında yeni oyunçular almaq olar. Bu mənada "Qarabağ"ın seleksiyaçıları çox yaxşı çalışır.

- "Xəzər Lənkəran"ın bu qış öz iddiasından əl çəkib, aparıcı futbolçuları ilə yollarını ayırmasını necə qarşıladınız?

- Bu, bütövlükdə bizim futbolumuzun problemidir. Öncə "Bakı", sonra "Araz Naxçıvan", indi də "Xəzər Lənkəran". Mövsümün ortasında belə bir qərar vermək nə dərəcədə doğrudur? Lənkəranlılar öz yetirmələrinə üstünlük verəcəklərsə, o zaman qeyri-sabit nəticələrə hazır olmalıdırlar. Ən azı yaxın gələcəkdə yüksək yerlər uğrunda mübarizə apara bilməyəcəklər.

- Vaxtilə "Qarabağ"da uğurlu çıxış edən Əfran İsmayılovla Rauf Əliyev üçün qəribə tendensiya formalaşıb. Onlar "Bakı"ya keçdilər, bu klub çökdü, ardından "Xəzər Lənkəran"a transfer oldular, cənub klubu da belə. Sizə elə gəlmir ki, onlar Ağdam klubundan ayrılmamalı idilər?

- Azərbaycanlı futbolçuların belə səhvlərini çox görmüşük. Sən hansısa bir klubda uğurlu çıxış edirsənsə, niyə başqa komandaya keçməlisən? Əmin olmalısan ki, bu, sənin komandandır və heç bir problemin olmayacaq. Çətin ki, bir daha "Qarabağ"a qayıtsınlar. Amma özlərinə klub tapmalarında problem olacağını da düşünmürəm.

- Sizcə, "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk Azərbaycanda uğur qazana biləcək?

- Mən onunla şəxsən tanış deyiləm. Amma Ukraynanın ən yaxşı məşqçilərindən biri olduğunu bilirəm. Zaman göstərəcək. Belə mütəxəssislərin ölkəmizə gəlməsi bizim üçün müsbət haldır. Ümid edirəm ki, uğur qazana, futbolumuza fayda verə biləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.