İdman

Böyükağa Hacıyev: "Gərək Bakıya qayıtmazdım"

30 İyul 2014 10:06
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Sloveniyadakı qələbədən, klub prezidenti Sadıq Sadıqovun yuxusundan və növbəti rəqibdən danışıb.
 

- Sloveniyada "Koper"i məğlub edəcəyinizə inanmayanlar çox idi. Komandanı oyuna hazırlamaq nə dərəcədə çətin oldu?

- Biz səfərə təzyiq altında yollandıq. İlk məğlubiyyətdən sonra komanda hamı tərəfindən tənqid olunmağa başladı. Məğlubiyyət yaxşı hal deyil. Amma komandanın cavab oyunu ərəfəsində normal hazırlaşmasına imkan verilməlidir. Sloveniyadakı oyun hər iki komanda üçün çətin oldu. "Koper" vaxtı uzatmağa çalışırdı. Açıq mübarizədən qaçırdılar. İlk hissədə artıq 4 real qol şansımız oldu. Fasiləyə 1:0 hesabıyla yollandıq. İkinci hissədə yetirmələrimdən cəmi 1 qol istəyirdim. 2:0 mərhələ adlayacağımıza kifayət etdiyindən daha bir qol lazım idi. Şadam ki, azarkeşləri sevindirdik. "Neftçi" hər zaman olduğu kimi sona qədər mübarizə apararaq layiqli qələbə qazandı.
 

- İlk olaraq sizi kim təbrik etdi?

- İlk təbrik Zaur Axundovdan gəldi. Komandanı dəstəkləyən Axundov bizə inandığını söylədi. Sonra klub prezidenti Sadıq Sadıqov zəng vurdu və komandanı mərhələ adlaması münasibətiylə təbrik etdi. Hər zaman olduğu kimi bu dəfə də klub prezidenti məğlubiyyətdən sonra bizə inandığını nümayiş etdirdi. Biz də onu və azarkeşlərimizi sevindirməyə çalışdıq.
 

- Klub prezidenti 2 gün əvvəl yuxuda komandanın 2:0 hesablı qələbə qazandığını söyləmişdi. Sizə yuxuda gördüyünü danışmışdı?

- Oyundan əvvəl yuxuda gördüklərindən xəbərim yox idi. Yalnız oyundan sonra mənə bu barədə danışdılar. Yuxunun çin olmasını onun komandanı çox sevməsiylə izah edərdim. Sadıq müəllim də qeyd etdi ki, bizə 2:0 lazım idi. Ona görə bu qələbəni qazanmaq çox yaxşı oldu.
 

- Komanda mərhələ adlamasaydı, nə baş verəcəkdi? Bu barədə düşünmüşdüz?

- Bu barədə fikirləşmək çətin idi. Bir yolumuz var idi. "Neftçi" uduzsaydı, gərək Bakıya qayıtmazdım. Bakıda çoxlarına qələbə söz vermişdik. Ona görə meydana çıxanda yalnız qələbə barədə fikriləşirdik. İlk oyunda istədiyimiz alınmadı. Lakin bizi dərhal tənqid etmək düzgün olmadı.
 

- Növbəti rəqibiniz Gürcüstan komandası olacaq. Onlarla təlim-məşqdə oynamısız...

- Hazırlıq dövründə keçirilən oyunlar komandaların əsl gücünü göstərmir. "Neftçi" onlara qarşı eksperimental heyətlə oynamışdı. Bazar ertəsi gürcü klubunun iki oyununa baxacam. "Bursaspor"la görüşü də diqqətlə təhlil edəcəm. Gürcü komandaları hər zaman kollektiv oyunuyla seçilib. Yaxşı heyəti var. Rəqibə hörmətlə yanaşırıq. Bununla belə heç kimdən qorxmadığımızı deməliyəm. Komanda hər zaman olduğu kimi yenə qələbə üçün mübarizə aparacaq.
 

- Bu komandanı "Zestafoni" ilə müqayisə etmək olar?

- Müqayisə etmək çətindir. "Çixura"nın çempionatdakı çıxışı barədə məlumatım azdır. Məncə, "Zestafoni"dən güclü olmaz. Təxminən bərabər səviyyəli komandalar olmalıdır. İstənilən halda səhv etməyə haqqımız yoxdur. Ölkə çempionatında səhvləri düzəltmək imkanı olur. Amma avrokuboklarda səhvləri düzəltmək mümkün deyil. Biz onlara qarşı yaxşı hazırlaşmalı, ilk oyundan iddiamızı göstərməliyik.
 

- "Koper"lə ilk oyundan sonra çoxlu tənqidlər oldu. Bu təzyiqdən xilas olmaq üçün komandadan getmək barədə düşünmüsüz?

- Məşqçinin problemi meydandakı oyunla bağlı ola bilər. İşim komandanın oyuna hazırlığı olmalıdır. Amma son günlər "Neftçi"yə qarşı təzyiqlər çoxalıb. Həm media, həm də digər insanlardan tənqid çoxdur. Özümə qarşı da təzyiq hiss edirəm. Sanki kimlərsə komandada qalmağımı istəmir. Axı "Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandadır. Biz hər zaman qalib gəlməyəcəyik. Məğlubiyyətlər də olacaq. Əsas həmin çətinliklər zamanı özümüzü ələ almaqdır. Bu mənada hərdən hamıdan uzaqlaşmaq istəyirəm. "Neftçi" Azərbaycan futbolunun tarixidir. Bu komandanın uğurunda pay sahibi olmaq çox şərəflidir.
 

- Gürcüstan komandasına qalib gəlsəniz, yenidən tarix yazmağa yaxın olacaqsız...

- Gəlin tələsməyək. Biz hələ mərhələ adlamamışıq. Ona görə əvvəlcədən danışmaq istəməzdim. Gürcüstan komandası sona qədər bizimlə mübarizə aparacaq. "Bursaspor"u üstələyən komanda zəif ola bilməz. Bizi 2 çətin oyun gözləyir. Bundan sonra pley-off haqda danışmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.