İdman

Qurbanov: "İlk qabağıma çıxan insan maaşımı soruşur"

17 İyul 2014 12:23
9 Şərh     Baxış: 7 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" klubunun yarımmüdafiəçisi Nicat Qurbanovun Milli.Az-a müsahibəsi

- Səni futbola gətirən, sevdirən əsas qüvvə nə oldu?

- Uşaqlıqda həddindən artıq futbol oynayırdım. Demək olar ki, günüm məhəllədə topla keçirdi. Buna görə futbolçu olmağı çox istəyirdim və oldum.

- Evdə problem yaratmadılar bəs? "Sən oxumalısan, top dalınca getməməlisən" kimi sözlər deyilmədi?

- Atam ancaq deyirdi oxu. Futbola getməyimi istəmirdi, əngəl olurdu. Ona görə atamdan 2 il xəbərsiz futbola getmişəm. O, işə gedəndə mən məşqə gedirdim. Anam daha çox istəyirdi futbolçu olmağımı.

- Bir neçə klubda oynamısan, Nicat. Bu klublardan ən doğması hansıdır sənə?

- Mən "Neftçi"də yetişmişəm və futbol deyəndə bu klub yadıma düşür. Çempionatda ilk matçıma "Simurq"un heyətində çıxdım. Bu klub isə mənim üçün tam ayrı bir səhifədir.

- "Neftçi" Avropada oynamış, ad qoymuş klubumuzdur. Düzdü, keçən il fiaskoya uğradı. Səncə, bəs bu il hansı nəticə olacaq?

- Əsas məqsəd keçən il olan nəticəni unutdurmaqdı. Oyunda qalib gəlməyi düşünürük və gücümüzü qoyacayıq bunun üçün.

- Rəqibinizin 1-ci təsnifat mərhələsində "Çelik"ə vurduğu 9 top sizi qorxutmur ki?

- Əlbəttə, qorxutmur. Niyə də qorxmalıyıq? Bu futboldu. Deməli, "Çelik"in səviyyəsi aşağı olub ki, 2 oyuna 9 top buraxıb. Biz rəqibdən çəkinmirik. Doğma meydanda oynamağımız da əlavə üstünlükdür.

- "Neftçi" "Koper" səddini keçə bilər?

- Futbolda heç kim qabaqcadan fikir deyə bilməz. Bu, həm rəqibə hörmətsizlik olar, həm də bizim oyuna hazırlaşmağımıza mənfi təsir edər. "Koper" yaxşı komandadı və biz rəqibə hörmət edirik.

- Bu il hamı "Qarabağ"dan qrup mərhələsində oynamağı gözləyir. Yəni, "Neftçi"dən, sanki, ümidi üzüblər və inam əvvəlki qədər deyil. Bu nə ilə əlaqədardır?

- "Qarabağ"a bu yolda uğurlar arzu edirəm. Mən özüm də başa düşmürəm bu məsələni. İnşallah, öz oyunumuzu göstərib yenə o tarixi nəticəni təkrar edərik.

- "Neftçi"də gəncləşdirmə siyasəti gedir. Səncə, artıq Avropada qrup mərhələsinə düşməyi qabağına məqsəd qoyan bir klub kimi bu siyasət nə dərəcədə uğurludur?

- Əsas oyunçulardan Rəşad ilə Mahir gedib. Onlara uğurlar arzu edirəm. Bu futbolçuları əvəzləyən futbolçular yetişməlidir. Məqsəd heç də pis oyun göstərmir. Cavandır, amma oynaya-oynaya təcrübə yığır. Rəşadın da yerinə Cavid, Mirhüseyn var. Düşünürəm onlardan geri qamırlar.

- Bu gəncləşdirmə siyasəti sizi Avropadan və ölkə çempionluğundan məhrum edə bilərmi?

- "Neftçi" heç vaxt 2-cilik üçün oynamır. Mən uşaqlıqdan bəri eşitməmişəm ki, bu klub 2, yaxud da 3-cülük üçün oynasın. Həmişə çempionluq olub ağlında "Neftçi"nin.

- Böyükağa müəllim həmişə əvvəlcədən kəskin açıqlamalar verir və çox vaxt da yanılır. Bu tip açıqlamalar sizin oyununuza təsir göstərmir ki?

- Özünə əminlik yaxşı şeydi futbolda. O, bizə inanır. Futbolçuya inanmaq lazımdır. Məndə heç bir narahatçılıq yoxdur.

- Milli komandada oynamaq üçün özünü hazır hesab edirsən?

- Son mövsüm yaxşı keçib. Düşünürəm ki, hazıram.

- Deyirlər futbolçular yaxşı qazanırlar.

- Demək olar ki, hamı, əsasən ilk qabağıma çıxan insan maaşımı soruşur (gülür). Əvvəllər uşaqlar məhəllələrdə futbol oynayırdılar. İndi bilmirəm hara yoxa çıxıblar.

- İlk maaşın nə qədər olub?

- 178 manat.

- Bəs indi?

- Qadında yaş, futbolçudan maaş soruşmazlar (gülür).

- Özünü yaxşı futbolçu hesab edirsən?
 
- Yaxşı futbolçu komandaya xeyir verən futbolçudur. İnşallah, mən də xeyir verərəm və o zaman mənə də qıraqdan deyərlər ki, yaxşı futbolçudur. Özüm özümü qiymətləndirməyi sevmirəm.

- Səncə, hər kəs futbola gəlib yaxşı futbolçu ola bilər?

- Futbol Allah verigisidir. Məşq edib artırmaq olar göstəricini.

Niyaməddin Şirinov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.