İdman

Pəhləvanımız Avropa çempionu oldu! - YENİLƏNİB

2 Aprel 2014 23:36
13 Şərh     Baxış: 10 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
23:36

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb.

57 kq-da mübarizə aparan Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibi uğurlu fənd işlədərək təmiz qələbə qazanıb. Tulbea finala qədər irəlilədiyindən Qalib üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Amma o, erməni Qarik Barseqyana uduzaraq (1:4) bu şansdan da yararlana bilməyib.

61 kq-da çıxış edən Hacı Əliyev 1/8 finalda Aleksandr Semisorov (Almaniya) ilə qarşılaşıb və 14:4 hesabıyla inamlı qələbə qazanıb. 1/4 finalda isə güləşçimiz gürcüstanlı Beka Lomtadzeyə 12:6 hesabıyla qalib gəlib. Yarımfinalda ukraynalı Vasili Şuptar da idmançımızla bacarmayıb və 9:7 hesabıyla qalib gələn Əliyev finala yüksəlib. Həlledici görüşdə Hacının rəqibi rusiyalı Bekxan Qoyqerev olub. Pəhləvanımız final görüşündə də 12:5 hesabıyla qalib gələrək Avropa çempionu adını qazanıb.

Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabıyla qalib gəlib. Amma 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəliləyə bildiyi üçün Baqomedova üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb. Bu yolda Patimatın ilk rəqibi italiyalı Françeska Mori olub. 10 hesabıyla qalib gələn Baqomedova rumıniyal Anoy Paval ilə qarşılaşmalı olub. Təəssüf ki, bu görüşdə uduzan güləşçimiz bürünc medal şansını da əldən verib.

60 kq-da yarışan Yuliya Ratkeviç isə 1/8 finalda Macarıstan təmsilçisi Ramana Qalamboşu 6:2 hesabıyla üstələyib. Lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) məğlub olub - 4:8. Bolqar idmançı finala çıxa bilmədiyindən Ratkeviçin medal qazanmaq şansı heçə enib.

---------
16:14

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıblar.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabı ilə öndə olsa da, rəqibin əks fəndi ilə məğlub olub. Təsəlliverici görüşə qatılmaq imkanını da əldən verən güləşçimiz çempionatı medalsız tamamlayıb.

61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabı ilə üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 hesabı ilə öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb. Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olacaq.

Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabı ilə qalib gəlib. Ancaq 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəlilədiyindən Patimat təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniyadan Anna Paval olacaq.

60 kq-da yarışan Yuliya Ratkeviç 1/8 finalda Macarıstan təmsilçisi Ramano Qalamboşu 6:2 hesabı ilə məğlub edib, lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) uduzub (4:8) və mübarizəni dayandırıb.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, çempionatın ilk günündə 97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov və 58 kq-da mübarizə aparan İrina Netreba gümüş, Mariya Stadnik (48 kq) isə qızıl medal qazanıblar. Bununla da M.Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.