AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov yanvarın 5-də dünyasını dəyişmiş məşhur portuqaliyalı futbolçu Eysebio barədə xatirələrini bölüşüb. Azərbaycanın 84 yaşlı veteran futbolçusu Lent.az-a açıqlamasında Mozambik əsilli hücumçu ilə yaşıl meydanda 1989-cu ildə üz-üzə gəldiyini bildirib."1966-cı il dünya çempionatında daha çox ondan və Tofiq Bəhramovdan danışırdılar"
Ə. Məmmədovun sözlərinə görə, bu, SSRİ yığmasının və Moskva "Dinamo"sunun mərhum qapıçısı Lev Yaşinin 60 illik yubileyi münasibətilə təşkil olunmuş matça təsadüf edib. Avqustun 10-da baş tutmuş oyunda "Dinamo" ilə dünyanın veteranlardan ibarət komandaları üz-üzə gəlib: "Bu görüşdə mən Eysebioya qarşı çıxış etdim. 2:1 hesabı ilə öndə olduğumuz vaxt o, güclü zərbə ilə matçın son nəticəsini təyin etdi - 2:2. Oyundan sonra ziyafət təşkil olundu. Həmin ziyafətdə mən Eysebio ilə konyak və çay içdim. Mənə verilən dünya yığmasının vımpelinə o da imza atdı".
İngiltərədə keçirilmiş 1966-cı il dünya çempionatında isə veteran futbolçumuz portuqaliyalı ulduzun oyununa canlı tamaşa edib. Həmin mundiala Ə. Məmmədov 13 nəfərlik nümayəndə heyətinin tərkibində fəxri qonaq qismində qatılıb. Həmyerlimiz 48 il öncə keçirilmiş çempionatda Eysebionun çıxışını belə xatırlayır: "İyulun 28-də "Uembli" stadionunda 87 min tamaşaçının izlədiyi 3-cü yer uğrunda görüşdə SSRİ və Portuqaliya yığmaları üz-üzə gəlirdi. İlk qolu görüşün əvvəllərində penaltidən məhz Eysebio vurdu. Portuqaliya millisi matçı 2:1 hesablı qələbə ilə başa vuraraq, tarixində ilk və yeganə dünya "bürünc"ünə sahib çıxdı. Bu qarşılaşmada mərhum futbolçumuz Anatoli Banişevski də çıxış edirdi".
Ə. Məmmədovun sözlərinə görə, həmin dünya çempionatında daha çox 2 nəfər haqqında danışıblar. Bunlardan biri İngiltərə və Almaniya yığmaları arasında keçirilmiş final matçında meydan sahiblərinin futbolçusu Ceffri Herstin əlavə vaxtın 11-ci dəqiqəsində endirdiyi zərbəni qol kimi qeydə almış Tofiq Bəhramov olub. Digəri isə gözəl oyunu və güclü zərbələri ilə seçilən Eysebio imiş. Təsadüfi deyil ki, mərhum forvard 1966-cı il mundialında komandasına tarixi uğur qazandırmaqla yanaşı, 9 qolla bombardir sayılıb.
Veteran futbolçumuzun fikrincə, Portuqaliya yığmasının sabiq hücumçusu heç də Pele və Dieqo Maradonadan zəif deyildi: "Dünya futbolunun bütün dövrlər üzrə ən güclü 5 hücumçusu seçilsəydi, əminəm ki, Eysebio bu siyahıda mütləq yer alardı. O, milyonların qəlbində taxt qurmaqla, sağlığında Lissabondakı "Benfika" klubuna məxsus "Da Luj" stadionunda 50 illik yubileyi şərəfinə ucaldılan abidəni haqq etmişdi. Onun kimi ulduzlar 50 ildə bir dəfə yetişir".
Eysebio ölümündən təxminən 4 ay öncə Azərbaycan yığmasının "bostanına da daş atmışdı". O, Portuqaliya yığmasının heyətində daha çox - 47 qol vurmuş Kriştianu Ronaldu ilə müqayisə edilməsini səhv addım adlandırmışdı: "Mən yığmada 64 oyuna 41 qol vurmuşam. Ronaldu isə 100-dən çox oyun keçirib. Həm də mən Lixtenşteyn və ya Azərbaycana qarşı heç vaxt oynamamışam. Belə müqayisələr mənə pis təsir edir. Çünki mənimlə Ronaldunun məhsuldarlığını müqayisə etmək olmaz".
Ə. Məmmədov isə mərhum futbolçunun yığmamızla bağlı açıqlamalarına münasibət bildirmək istəməyib: "Futbolda Portuqaliya və Azərbaycan yığmalarının hərəsinin öz yeri var. Bu iki komanda arasında müqayisə aparmaq düzgün olmazdı. Eysebionun açıqlamasına isə münasibət bildirmək istəmirəm. Mən dünyasını dəyişmiş insanı dərin hüznlə anıram, belə bir məqamda onun nə deyib-demədiyini müzakirə etmək fikrində deyiləm".
Qeyd edək ki, Euzebio da Silva Ferreyra 25 yanvar 1942-ci ildə anadan olub. Mozambik əsilli olsa da, 1961-ci ildə "Benfika" klubunun seleksiyaçıları tərəfindən üzə çıxarılaraq, Portuqaliyaya gətirilib. Elə həmin il o, Portuqaliya millisinə cəlb olunub və bu komandada 12 ilədək çıxış edib. "Benfika"da isə 15 ilədək forma geyinmiş Eysebio 301 matçda 317 dəfə fərqlənib.
Məşhur forvard 1966-cı il dünya çempionatındakı bürünc medalla yanaşı, "Benfika"nın heyətində 11 dəfə Portuqaliya çempionu, 5 dəfə ölkə kubokunun və 1 dəfə Çempionlar Kubokunun qalibi olub. 1954 - 2003-cü illərdə Portuqaliyanın ən yaxşı futbolçusu seçilərək, UEFA-nın 50 illik yubileyi münasibətilə təsis olunmuş mükafata, 1965-ci ildə "Qızıl top"a, 1968 (42 qol) və 1973-cü (40 qol) illərdə "Qızıl buts"a sahib olub. 2 dəfə Portuqaliyanın ən yaxşı futbolçusu, 7 dəfə Portuqaliya çempionatının, 3 dəfə Çempionlar Kubokunun ən yaxşı bombardiri sayılıb.
Eysebio ürək tutmasından vəfat edib. Əfsanəvi futbolçunun ölümü ilə əlaqədar Portuqaliyada 3 günlük matəm elan olunub.
Milli.Az