UEFA Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq "Liverpul" komandasının heyətində ciddi itkilər var.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu mövsüm işləri yolunda getməyən Mersisayd təmsilçisi heyət baxımından problemlərlə üzləşib.
İngiltərə Premyer Liqasının 23-cü turunda "Bornmut"a məğlub olan Arne Slotun kollektivi bu azmış kimi, daha bir oyunçusunu itirib. Belə ki, müdafiəçi Co Qomes 34-cü dəqiqədə zədələnərək əvəzlənib. Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da "Qarabağ"la matçı buraxması gözlənilir.

Bredli bu ayın əvvəlində "Arsenal"la oyun zamanı meydandan kənarlaşdırılıb. Sağ cinah müdafiəçisi diz zədəsi səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcək. Böyük pullarla transfer olunan İsak isə Miladdan əvvəl "Liverpul"un "Tottenhem"ə 2-1 hesabı ilə qalib gəldiyi oyunda ilk qolu vurduqdan sonra ayağını sındırıb.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-u saat 00:00-da (28-dən 29-na keçən gecə) "Enfild Roud"da keçiriləcək.
Fidan
Milli.Az





