2024-cü il mayın 19-da keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra baş verən hadisələrlə bağlı açılan məhkəmə işi yekunlaşıb. Aralarında futbolçular Ceyden Kvinn Oosterwolde və Mert Hakan Yandaşın da olduğu 5 müttəhim haqqında həbs qərarı çıxarılıb.
Milli.Az xəbər verir ki, hakim təqsirləndirilən şəxsləri "haqsız təhrik altında qəsdən yaralama" cinayəti ilə təqsirli bilib. Məhkəmənin qərarına əsasən, hər bir müttəhim 1 il 4 ay 14 gün müddətinə həbs cəzasına məhkum edilib. Lakin məhkəmə, hökmün açıqlanmasının təxirə salınmasına (HAGB) qərar verib ki, bu da müəyyən şərtlər daxilində cəzanın dərhal icra olunmayacağı mənasına gəlir.
İddianaməyə görə, derbi matçı başa çatdıqdan sonra "Fənərbağça" heyəti qələbəni qeyd etmək üçün meydana daxil olub. Bu zaman yaranan gərginlikdə stadion müdiri Ali Çelikkıranın futbolçular və klub rəsmiləri tərəfindən təpik və yumruqlarla döyüldüyü bildirilir. Tibbi ekspertiza nəticəsində Çelikkıranın boyun nahiyəsində sümük qırığı (C5 vertebra) aşkar edilmişdi.
Məhkəmədə çıxış edən Mert Hakan Yandaş hadisənin təhrik nəticəsində baş verdiyini deyib: "Həmin gün bayrağımıza qarşı təhqir edildiyi üçün bu hadisə yaşandı. Bizim üçün Türk bayrağı və Fənərbağça bayrağı şərəfdir, onları adiləşdirmək olmaz". Zərərçəkmiş Ali Çelikkıran isə heç kimə qarşı fiziki güc tətbiq etmədiyini, lakin vəhşicəsinə döyüldüyünü bildirərək cəza tələb edib.
Məhkəmə tərəfindən eyni cəzaya məhkum edilən digər şəxslər bunlardır:
Ertuğrul Karanlık (Fenerbahçe klubunun həkimi)
Hulusi Belgü (Keçmiş klub rəsmisi)
Emre Kartal (Məşqçi İsmail Kartalın oğlu)
Lalə Qüdrətova
Milli.Az





