Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Olimpiadada kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası güclərini sınayacaq.
Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.
Kapitan Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi açıqlamasında yarışda laiqli mübarizə nümayiş etdirməyi hədəflədiklərindən söz edib.
Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.
Qadın şahmatçılardan ibarət millinin kapitanı Mixail Şereşevski olimpiadada hər oyuna ciddi yanaşacaqlarını, yaxşı çıxış etmək üsçün çalışacaqlarını bildirib.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun