Cəmiyyət

Evimizdəki təhlükə mənbələri... - ARAŞDIRMA

24 Fevral 2012 03:00
0 Şərh     Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
XX əsrin ortalarından vüsət alan elektronika, informasiya və kommunikasiya texnologiyalarının inkişafı getdikcə elə bir sürət götürür ki, artıq onu izləmək belə çətinləşir. Hər gün yeni elektronik iş, məişət və əyləncə cihazları, nanotexnologiya əsasında hazırlanmış ultramodern aparatlar haqda məlumatlar alırıq. Texnogen inkişafın son pilləsinə aid olan bu cihazlar həyatımızı sarmaşıq kimi elə əhatəyə alıb ki, artıq bütün günümüz onların müşayiəti ilə keçir. Bu prosesin müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də var. Bu yazıda məsələyə iki prizmadan yanaşmağa çalışacağıq.

Vacib aparatlar, yoxsa "saqqal darağı"?

Texnologiya günümüzün imtinaedilməz ünsürlərindən biridir. Ölkələrin inkişaf səviyyəsi, sahib olduqları texnoloji mühitləri ilə qiymətləndirilir. Texnologiyanın həyatımızı asanlaşdırmaqda və rahatlığı təmin etməkdə rolu böyükdür. Ancaq hər gün yenisi çıxan və saatlarla istər-istəməz məşğul olduğumuz texnoloji məhsulların, həyatımıza yeni problemlər gətirdiyi də həqiqətdir.

Belə bir qənaət var ki, texnologiyanın nailiyyətləri hər zaman ilk növbədə gəncləri maraqlandırır, xüsusilə də əyləncə cihazları. Lakin, ümumilikdə elektronik iş, məişət və əyləncə cihazları indi yalnız gənclərin deyil, cəmiyyətin bütün təbəqələrinin həyatına sıx şəkildə daxil olub.

Texnologiyanın nailiyyətləri yalnız təyinatı üzrə və ehtiyac duyulduğu vaxtlarda istifadə olunduqda xeyir verir. Yəni, problem texnologiyada deyil, onun yerində, təyinatı üzrə və xeyirli məqsəd üçün istifadəsi məsələsi problemdir.

İfrat elektronika asılılığının sağlamlığa cidd zərərli olduğu elm tərəfindən təsdiq olunub. Belə bir deyim var - texnologiya bizdən istifadə etməsin, biz texnologiyadan istifadə edək. İndi müxtəlif təyinatlı o qədər çox çeşiddə elektronik avadanlıq var ki, bunların arasında adam lap başını itirir.

Bu texnoloji məhsul və xidmətlər bolluğunda evimizə və işimizə uyğun olanları seçmək öz əlimizdədir. Bütün elektronik cihazların bizdə olması vacib deyil. Obrazlı desək, "saqqalımız yoxdursa, saqqal darağına pul verməyə dəyməz".

Telefonların əsas funksiyası nədir?

Adi müşahidələr zamanı əksər insanların, xüsusilə də, gənclərin texnoloji məhsulları başqalarına nümayiş etdirmək, onunla öyünmək üçün aldıqları görünür. "Qonşudan qalma geri" misalı yenicə bazara çıxan bahalı bir cib telefonunu, ailəsinin ya da özünün iqtisadi imkanlarını "zorlayaraq" satın alan, uzun aylar kredit borcu ödəməyə məcbur qalanları hamımız tanıyırıq.

Əslində həmin adamlar bu telefonların funksiyalarının heç 70 faizindən istifadə edə də bilmirlər. Lakin yeri gəldi-gəlmədi, onu çıxarıb nümayiş etdirmək, telefonu maqnitofon əvəzinə istifadə etmək ona adi gəlir.

Ötən il Ukraynadan bir qonağımız gəlmişdi. 2 həftə Bakıda qonaq qaldı. Xarkovlu rus olan qohumumdan bizim xalq haqda təəssüratlarını soruşdum. Yaxşı xüsusiyyətlərimizlə yanaşı, ona qəribə gələn bir məqamı da vurğuladı: "Mənə elə gəldi ki, sizdə çoxları öz bahalı telefonunu başqalarının "gözünə soxub" acıq verməyə çalışır, telefonu əllərindən yerə qoymurlar".

Elektron cihazları niyə və necə almalıyıq?

Uzun müddət mobil telefon mağazasında satıcı və usta kimi işləmiş Natiq Paşayev bizimlə söhbətində maraqlı məsələyə toxundu: "İndi mağazalarda yüzlərlə modeldə telefon satılır, gündə yeni bir model çıxır. Bu modellərin böyük əksəriyyətinin eyni funksiyaları var, sadəcə, tez-tez dizaynını dəyişib bir az yuxarı qiymətə satırlar".

Mütəxəssisin dediyinə görə, çoxları bunlardan hansını almaq lazım olduğunu müəyyən etməkdə çətinlik çəkir. Belə bir problemlə qarşılaşmamaq üçün, texnologiya ilə bağlı məlumatları izləmək, bundan məlumatı olanlarla məsləhətləşmək faydalı olar".

Daha bir məsələ də kompyuterlərin seçimi ilə bağlıdır. İKT mütəxəssisi Rafiq Zeynalovla söhbətimiz zamanı o, bu barədə dəyərli məsləhətlər verdi: "Bəzən görürsən ki, birisi adi ofis proqramları işlərini görəcəyi kompyuter alıb. Qiyməti 1000 manat civarındadır. Lakin bu sahədən anlamadığı üçün bilmir ki, adi ofis proqramlarında, foto-video proqramlarında, internetdə işləmək üçün ifrat güclü konfiqurasiyaya malik kompyuterə xeyli pul verməyə ehtiyac yoxdur.

Əslində, ona hec vaxt yarısını belə doldura bilməyəcəyi 500 qbt-lıq yaddaş diski, 4 qbt-lıq əməliyyat yaddaşı, 4 nüvəli prosessor-filan lazım deyil. Normal konfiqurasiyalı kompyuteri bundan 2 dəfə aşağı qiymətə almaq olar. O üzdən, məhsul alarkən bu işdən məlumatlı olan biri ilə məsləhətləşmək lazımdır ki, lüzumsuz yerə artıq xərcə düşməyəsən".

Kompyuterlərin xeyri və zərərləri nədir?

Kompyuterlərin işimizdəki və həyatmızdakı rolu misilsizdir. İstədiyimiz işi heç yerə getmədən qısa vaxtda görə, bütün dünyadan istədiyimiz informasiyanı, yazılı, foto və video formada əldə edə, dünyanın o başındakı qohum və dostlarımız ilə canlı videogörüntü ilə danışa, bu universal cihazı maqnitofon, fotoalbom kimi istifadə edə bilirik. Lakin kompyuterdən çox istifadə sağlamlığımıza da zərər vurur. İnternet asılılığı, kompyuterə uzun müddət baxma sindromunun müxtəlif fiziki və psixoloji problemlər yaratdığı artıq heç kimə sirr deyil. Uşaqlara kompyuter daha çox mənfi təsir edir.

Saatlarla qarşısında oturduğumuz kompyuter göz, qol, boyun, bel, kürək, hətta, onurğa sistemi ilə bağlı problemlərə yol açır. Texnologiyadan ən çox zərər görən orqanlardan biri də gözlərdir. Uzun müddət ekrana baxmaq gözlərdə quruma meydana gətirir. Problemlər özünü ağrı, yorğunluq, narahatlıq, qızarma, bulanıq görmə, cüt görmə, batma, göz içində yad cisim hissi, qapaqların bir-birinə yapışması, qaşınma, yanma, davamlı gözyaşı axıntısı, işığa həssaslıq kimi göstərir. Baş ağrısı, diqqəti toplaya bilməmək, işığa qarşı gözlərin həssaslaşması, göz yorğunluğunun nəticələrindəndir.

Elmi tədqiqatlar nə deyir?

Son 30 ildə ABŞ, Rusiya, Yaponiya və Avropanın nüfuzlu elmi mərkəzlərində bu sahədə yüzlərlə araşdırma aparılıb. Nəticələr birmənalı olaraq eynidir- müasir texnologiya insan sağlamlığına zərər vurur. Bu nəticələrdən bir neçəsini burada qeyd etmək istərdim. 1979-cu ildə ABŞ-da aparılan bir epidemioloji tədqiqat enerji ötürmə xətlərinə 40 metrdən yaxın yaşayan uşaqların, normal uşaqlara nisbətən 2-3 dəfə daha çox xərçəngə tutulduğunu ortaya qoymuşdu.

1994-cü ildə ABŞ və Finlandiyada aparılan tədqiqatlar elektromaqnetik sahələrin çox sıx təsirində qalan işçilərdə "alzheymer" xəstəliyinin normal insanlara görə kişilərdə 5 qat və qadınlarda 3,5 qat daha çox rast gəlindiyini təsbit etdi.

1998-ci ildə Rusiyada aparılan tədqiqatda isə teleradio, sənaye təchizat işçiləri, texniki cihaz təmirçiləri, telefon şəbəkələrində, elektrik stansiyaları və dispetçer mərkəzlərində işləyən əməkdaşlarda, kinostudiyalarda çalışanlarda "alzheymer", "parkinson" kimi xəstəliklərlə birlikdə, başqa nevroloji pozuntuların daha çox müşahidə edildiyi ortaya çıxdı.

1994-cü ildə 2-si Kanadada, 1-i Fransada olmaqla 3 elektrik şirkətinin işçilərini əhatə edən 223 min adam üzərində reallaşdırılan araşdırma zamanı 4000 xərçəng xəstəsi müəyyən olundu.

2011-ci il iyun ayında ABŞ Milli Ekoloji Sağlamlıq Elmləri İnstitutu 6 il davam edən və 60 milyon dollara başa gələn tədqiqatını hesabat formasında ABŞ Konqresinə təqdim etdi. Hesabata görə, elektromaqnetik sahələrin tamamilə etibarlı olduqları iddia edilə bilməz. İnsanlar onların təsirindən mümkün qədər qaçmalıdırlar.

Ötən il İsveç alimləri mobil telefonla 2 dəqiqəlik danışığın belə, ciddi problemlər yarada bildiyini göstərdilər. Araşdırmaya görə, 2 dəq-lik danışma, qandakı zərərli zülalların və toksinlərin beyinə daxil olmasına maneə törədən müdafiə mexanizmini neytrallaşdırır. Bu vəziyyətdə "azheymer", "parkinson" və "multiskleroz" kimi sinir xəstəliklərinin meydana gəlmə riski artır.

Məişət cihazları sağlamlığa necə təsir edir?

Kondisionerlərin havanı qurutduqları məlumdur. Bu cihazların işlədiyi mühitdə nəmişlik azalır. Bədən, almalı olduğu nəmi ağız və burunda olan mukozadan götürür. Bir müddət sonra ağız və burunun quruduğu hiss edilir. Kondisioner istifadə edilən mühitdən çıxanda isə, tənəffüs edilən havada olan, allergiyaya səbəb olacaq zərərli bakteriyalar, viruslar və mikroblar birbaşa orqanizmə daxil olur.

Audiopleyerlər vasitəsilə yüksək səslə və uzun müddət musiqi dinləmək tezliklə eşitmə zəifliyinə gətirib çıxarır. Bu tip cihazlarda rok musiqi dinləyənlər isə daha böyük risk altındadırlar. Bu musiqi janrı eşitmə sistemi ilə yanaşı, beyinə də ciddi zərər verir. Qulaqla bağlı problemlər hiss olunduğu zaman bundan imtina edilsə, eşitmə sistemi normal vəziyyətə qayıda bilər. Ancaq bu proses illərlə davam etdirildikdə, xroniki eşitmə zəifliyinə gətirib çıxara bilər. Qulağında pleyer olduğuna görə, siqnalı eşitməyib avtomobil altına düşənlərlə bağlı xəbərləri tez-tez eşidirik.

Televizorlar, sağlamlıq üçün təhlükə yaradan ev cihazları arasında kompyuter və kondisonerlə birgə ilk üçlüyə daxildir. Hələ keçən əsrin ortalarından televizor hər bir evin əsas əşyasına çevrilib. Mavi ekran qarşısında çox oturmaq gözlərə zərər verməkdən əlavə, başqa nevroloji problemlər də yaradır.

Televizorlara həddindən artıq bağlanmaq, həm də ətraf aləmdən, cəmiyyətdən təcridə gətirib çıxarır. Evə qapılıb vaxtını ancaq "sehirli güzgü" qarşısında keçirənlər insanlarla ünsiyyət kimi vacib bir imkandan özlərini məhrum edirlər.

Biz nə edə bilərik?

Bizim bu elektron bataqlıqdan yeganə çıxış yolumuz yalnız zəruri ehtiyac yarandıqda istifadə etməyimizdir. Məsələn, televizoru elm və mədəniyyətimizi artırmaq üçün istifadə etdikdə xeyirli, vaxt öldürmək üçün istifadə etmək zərərlidir. Əyləncə üçün, daha çox teatra, futbol, ya da tennis oymağa, lap elə adicə gəzintiyə çıxmağa çalışmalıyıq.

Mobil telefon, kompyuter, audiopleyer asılılığına düşməmək üçün sadə və təbii əyləncələrə üstünlük vermək, açıq havada gəzmək, dostlar və qohumlarla ünsiyyətdə olmaq daha effektlidir. Ev cihazları arasında nisbətən təhlükəsizi radiodur ki, onun vasitəsilə, həm informasiya almaq, həm əylənmək, həm də biliyi artrmaq olar.

Psixoloq Naib Allahverdiyevin sözlərinə görə, mümkün qədər təbii həyata üstünlük verməli, ətrafımızı elektromaqnit dalğalarla doldurmamalı, gözlərimiz və beynimizi televizor və kompyuter kimi cihazlarla sıradan çıxarmamaq, cib telefonundan mümkün qədər az istifadə etmək lazımdır.

Mütəxəssisin sözlərinə görə, ştebselə qoşulan hər bir cihaz evdə elektromaqnit sahə yaradır, ona görə də, yataq otağına və uşaq otağına mümkün qədər cihaz, aparat qoymaq lazım deyil. Texnologiyadan asılı vəziyyətə düşməmək üçün kitab oxumaq, radio dinləmək, gəzməyə çıxmaq, ailə üzvləri ilə stolüstü oyunlar oynamaq, idmanla məşğul olmaq daha məqsədəuyğundur.

Elçin Bayramlı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.