Cəmiyyət

"Donan saat" və ya əbədiləşən həyat - Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ - FOTO

9 İyun 2021 23:39
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O mənzərəni görmək, o səsləri eşitmək, aman Allah, insan nə qədər dözümlü olurmuş. Böyük bir həyətdir. Bir-birindən aralı skamyalar qoyulmuşdu. Əvvəlcədən məhbusları gətirib oturtmuşlar. Cavid qapıya yaxın tərəfdə idi. Əlləri dizlərinin üstündə, gözünü qapıya zilləyib oturmuşdu". Böyük ədibin həyat yoldaşı Mişkinaz Cavidə məxsus bu sözlər XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair-dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərində fəaliyyət göstərən ev-muzeyində simvolik olaraq tikanlı məftillər çəkilən guşədə divara vurulub. O, həbsxanada olan həyat yoldaşını ziyarətə gedərkən qarşılaşdığı acı mənzərəni sözün gücü ilə belə təsvir etmişdi.

Milli.Az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı bu il yaradılmasının 40 ili tamam olan böyük ədibin ev-muzeyini ziyarət edərək, mədəniyyət müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.

Bir haşiyə çıxıb qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən bütün muzeylər ödənişsizdir. Yaşından və statusundan asılı olmayaraq hamı, iş saatları çərçivəsində, muzeylərlə tanış ola bilərlər.

"Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü". Fikir ustasının muzey həyətinin çöl divarını bəzəyən bu məşhur kəlmələrinin təsiri altında həyətə daxil oluruq. Muzeyin səliqəli, təmiz bağçasına meyvə ağacları, gül-çiçək kolları xüsusi gözəllik bəxş edir.

Hüseyn Cavidi oxuyanları düşünməyə məcbur edən fikirlər bu balaca evdə doğulurdu. Muzeyin əməkdaşı Sona Mirzəyeva mədəniyyət müəssisəsi haqqında məlumat verir. Bildirir ki, muzey ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1981-ci il iyulun 21-də qəbul etdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərara əsasən Naxçıvanın qədim Əlixan məhəlləsində şairin 1919-cu ilə qədər yaşadığı evində yaradılıb. Muzeyin rəsmi açılışı isə 1984-cü il iyunun 9-da olub. 2015-ci ildən şairin məzarüstü abidəsi olan məqbərə muzeyin nəzarətinə verilib və bura Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi adlandırılıb.

Muzey fəaliyyətə başlayanda burada cəmi 150 eksponat sərgilənib. Hazırda isə muzeyin fondunda 9 mindən artıq eksponat toplanıb. Bunlardan 600-ə qədəri muzeyin ekspozisiya zallarında nümayiş olunur.

Altı otaqdan ibarət muzeyi gəzdikcə insanın təsəvvüründə Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif dövrləri canlanır. Burada ardıcıllıqla ədibin uşaqlıq və gənclik, ağır sürgün illərini və Cavidlər ailəsinin xatirəsini əks etdirən eksponatlar yer alıb. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını, onun zəngin irsini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, müxtəlif xatirə və ev əşyaları var.

Otaqlardan birində stolüstü saat diqqətimizi cəlb edir. Saatın əqrəbləri 14:30-u göstərir. Sona Mirzəyeva deyir ki, saat 1982-ci ildən bəri bu vaxtı göstərir. "Donan saat"ın hüznlü bir tarixi var. Belə ki, repressiyaya məruz qalan və uzaq Sibirdə dünyasını dəyişən Hüseyn Cavidin məzarının tapılması üçün 1982-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə Rusiyaya 3 nəfərdən ibarət nümayəndə heyəti göndərilir. Böyük ədibin uzaq Sibirdə olan məzarı çox böyük çətinliklə tapılır. Məzar tapılan zaman saat 14:30 olub. Elə həmin vaxtdan da ədibin ailəsinə məxsus bu saat əbədi olaraq dayandırılır...

Nəşi gətirilən zaman Sibirdəki məzarına qoyulan 59 nömrəli taxta parçası da gətirilir. Hazırda həmin taxta parçası nadir eksponat kimi muzeydə sərgilənir. Şairin Sibirdəki məzarından götürülən və qutuda qorunan torpaq onun Bakıda yerləşən ev-muzeyində də var, amma açıq şəkildə sərgilənən torpaq yalnız Naxçıvandakı muzeydə nümayiş olunur.

Qeyd edək ki, muzeyin fond tərkibi 8 şöbəni əhatə edir. Hər il toplama və hədiyyə yolu ilə fonda onlarla eksponat daxil edilir. Eyni zamanda, elmi tədqiqat mərkəzi olan muzeyin fəaliyyət sahələrindən biri də dramaturqun zəngin ədəbi irsinin təbliği və gənc nəslə çatdırılmasıdır.

Muzey ilə təhsil müəssisələri arasında açıq dərslər də keçirilir. Pandemiya şəraiti ilə əlaqədar olaraq, aprel ayından başlayaraq muzey sosial şəbəkə üzərindən onlayn şəkildə fəaliyyətə başlayıb. Hazırda ənənəvi qayda ilə yanaşı, onlayn fəaliyyətini də davam etdirir.

Hüseyn Cavidin və ailəsinin uyuduğu məzar və məzarüstü məqbərə muzeyin yaxınlığında yerləşir. Göz oxşayan yaşıllıq və təmizliklə əhatə olunan məqbərəni hər gün onlarla insan ziyarət edir, böyük ədibin xatirəsini yad edir...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.