Cəmiyyət

İşıqforu 4-cü dəfə qırmızı işıqda keçən sürücüləri nə gözləyir?

8 Fevral 2012 03:30
0 Şərh     Baxış: 14 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yollarda hərəkətin tənzimlənməsində işıqforların böyük rolu var. İlk baxışda sadə görünən bu qurğular yollarımızın təhlükəsiz və rahat olmasını təmin edir.

İşıqforların yaranma səbəbi

Qırmızı və yaşıl rəngli işıq fənərlərindən ilk dəfə 1868-ci ildə Londonda istifadə edilib. Hələ motorlu avtomobillərin icad edilmədiyi o dövrdə at arabalarının çox olduğu bəzi prospektlərdə qaz fənərləri ilə yol hərəkətinin tənzimlənməsinə çalışılıb. İçindəki qaz fənəri vasitəsilə hərəkəti tənzimləyən bu sistem, o dövrdə qaz fənərlərindən birinin partlaması nəticəsində bir polisin ölümünə səbəb olduğundan yeni axtarışlara başlandı və buna çarə arayan amerikalı Q.Morqan 1914-cü ildə təkmilləşdirilmiş fənərləri cəmiyyətə təqdim etdi. Sonralar o, 1923-cü ildə tapıntısının patentini Klivlend şəhərində aldı. Daha sonra o, bu tapıntını "General Electric"ə satdı. Həmin ildə Morqan yaşıl, sarı və qırmızı rənglərdən ibarət elektrikli yol hərəkəti işıqlarını daha təkmil formada təqdim etdi.

Avqustun 5-i dünyada "İşıqfor günü" kimi qeyd edilir. Beləliklə, nəqliyyatın intensiv olduğu müasir həyatda küçələri bu qurğusuz təsəvvür etmək mümkün deyil. Statistikaya görə, bir insan həyatının 1825 günü yaşıl işığın yanmasını gözləməklə keçir.

Sürücülər bu texnologiyadan necə istifadə edirlər?

Sürücülərin heç də hamısı avtomobillərin normal hərəkəti üçün şərait yaradan bu texnologiyadan düzgün istifadə etmir. Belə ki, hər gün daha da sıx rast gəlinən faktlardan biri sürücülərin qırmızı işığa önəm vermədən yola davam etmələridir. Son zamanlar artan avtomobil sayı qanunu pozan sürücülərin sayının artması deməkdir. Qanunu pozanlar bəzən cəza almadıqlarından, bir qəza olmadığı müddətdə bunu bir qazanc kimi görür, qəzaların bir çoxunun özlərinin ilk və son qəzaları olduğunu düşünürlər. Yaxalanan sürücülər adətən, "İşığı görmədim", "Sarı yanırdı, mən keçərkən qırmızıya keçdi", "Bir az fikirliydim, diqqət etmədim", "Yol boş idi" kimi bəhanələr söyləyirlər. Ancaq əsl vəziyyət "İşıqlarda duraraq boş yerə vaxt itirməyim. Mənim vaxtım yoxdur, işim başqalarından daha vacibdir" kimi düşünməklə səbirsiz və başqalarının haqlarını pozan davranışlardır. Bu cür davranan bir sürücünün qırmızı işıqda keçdiyi müddətdə digər bir sürücünün yaşıl işıqda keçməsi zamanı özünə hansı çətin vəziyyəti yaratdığını görmək olar. Bu cür problemlərin yaranmaması üçün səhərlər 10 dəqiqə daha erkən oyanmaqla getmək istədiyiniz ünvana çatmaq üçün düşündüyünüz vaxtdan 5-10 dəqiqə tez yola çıxmaq daha faydalıdır. Bu zaman yolda tələsik davranmayacaq, diqqətli olacaq və qırmızı işıqda deyil, hətta sarı işıqda yavaşlayıb duracaqsınız.

Yüksək səsli musiqi riski artırır

Avtomobil idarə edərkən yüksək səslə musiqi dinləmənin sürücülərin qırmızı işıqda keçməsini artırdığı təsdiqlənib. 28 tələbə arasında aparılan araşdırma zamanı sükan arxasına keçən tələbələrə fərqli şəkildə musiqilər dinlədilib. Nəticədə sürücülərin musiqinin təsiri artdıqca qırmızı işıqda keçmək kimi risklərin daha çox olduğu və qəza törətdiyi müşahidə edilib.

Onu da qeyd edək ki, qırmızı işıqda keçmə ilə bağlı bir sıra ölkələrdə müxtəlif cəza tədbirləri tətbiq olunur. Belə ki, Türkiyədə qırmızı işıqda keçmə cəzası bu yaxınlarda daha da artırılaraq 154,4 lirə oldu. İranda qırmızı işıqda keçənlər qırmanclanır, Belçikada qandallanır, İndoneziyada isə polisin nəzarəti altında küçənin ortasında "jim" etməli olurlar. Yaponiyada qırmızı işıqda keçmə ölümə sui-qəsd kimi qiymətləndirilir.  İsveçrədə bu qayda pozuntusu üçün 200 avro məbləğində cərimə tətbiq edilir.

Qırmızı işıqda keçmək üçün 40 manatınızdan keçməlisiniz...

BDYPİ-nin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, 2011-ci ildə qeydə alınan pozuntuların 13 min 344-ü məhz işıqforu qırmızı işıqda keçmə ilə bağlı olub: "İşıqforların tələblərinə uyğun hərəkət ediriksə, yol-hərəkəti haqqında qanuna hörmət əlamətini bildirməklə yanaşı, yol mədəniyyətini nümayiş etdiririk, eyni zamanda özümüzün və başqalarının təhlükəsizliyini təmin etmiş oluruq".

Bölmə rəisi bu gün paytaxtın inzibati ərazisinə düşən küçə və yollarda rəqəmli işıqforların quraşdırılması və onlardan istifadəni məqsədəuyğun hesab edir: "Bu, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında, hadisələrin nisbətən aşağı düşməsində müsbət təsir göstərir. Çünki mən də bir sürücü olaraq müşahidə edirəm ki, rəqəmli işıqforların rəqəminə uyğun hərəkətimizi tənzimləməyi bacararıq. Nəinki, sarı, qırmızı, yaşıl, işıq. Hazırda Naxçıvanda əksər küçələrdə rəqəmli işıqforlar quraşdırılıb. Ümumiyyətlə, rəqəmli işıqforlara sürücülər daha çox əhəmiyyət verirlər. Rəqəmli işıqforlar qoyulduqdan sonra tərəfimizdən yetərincə təbliğat aparılsa, sürücülərə bu işıqforların mahiyyəti barədə informasiya verilsə və sürücülər nizam-intizamlı olsalar bu işıqforların göstəricilərindən bəhrələnə bilər. İstər rəqəmli, istər adi işıqforlar olsun, onların göstərişlərini düzgün, dəqiq yerinə yetirməliyik ki, yol-qəza hadisəsi baş verməsin".

O da vurğulandı ki, ölkəmizdə il ərzində təkrarən 4-cü dəfə işıqforun qırmızı işığında hərəkət edənlər sürücülük hüququndan avtomatik olaraq bir illik məhrum edilir. Bölmə rəisinin sözlərinə görə, yola saldığımız il ərzində 200-dən artıq sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib. Ölkəmizdə işıqforun qırmızı işığında sürücünün hərəkəti üçün 40 manat məbləğində cərimə ödənilməsi nəzərdə tutulur.

Nigar
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.