Cəmiyyət

Türkün şanlı tarixi: Xəzər xaqanlığı

21 Yanvar 2012 18:17
0 Şərh     Baxış: 1 648
Onların dilləri Oğuz dil qrupuna aiddir. Sabar türklərinin davamı olan xəzərlərin xaqanlığını Aşina soyuna mənsub olan ailə yaradıb. Erkən orta əsrlərin üç güclü dövlətindən biri olan Xəzər xaqanlığı haqqında həm xristian, həm də islam mənbələrində qismən bilgilər qalıb.

Milli.Az "Azadlıq"a istinadən bildirir ki, Avropada qurulan ilk türk dövlətlərindən ən qüvvətlisi və ən uzun ömürlüsü Xəzər xaqanlığıdır. Qara dənizin şimalına qədər hakimiyyətini genişləndirən Qərb Göytürk dövlətinin davamı kimi meydana gəlmişdir. Göytürklər VII yüzilliyin başlanğıcında Xəzər dənizi və Qara dəniz arasında dağınıq halda yaşayan Sabar, Ogur və Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi təşkilatlandılar və bu birlik "Xəzərlər" adı altında Qafqaz tarixində unudulmayan iz qoydular.

Xəzərlərə Bizans və Çin qaynaqlarında "Türk" və ya "Türk Xəzər", başqa qaynaqlarda isə "Kaspi" adı ilə rast gəlmək olar.

630-cu ildə Xəzərlər Göytürk dövlətinin tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Bizans, Iran, Ərəb dövlətləri ilə sıx əlaqələr qurmuşlar, çeşidli Slav qəbilələrini və Itil-Bolqar dövlətini öz hakimiyyətləri altına almışlar. 628-ci ildə Bizans-Sasani müharibəsində Bizansla ittifaqa girən Xəzərlər Bizansın üstün gəlməsində önəmli rol oynamışdılar. Xəzər-Ərəb əlaqələri ən çox savaş şəklində olmuşdur. Güney Azərbaycan yönündə irəliləyən Ərəbləri dayandıraraq Bizansı Şərqi Avropadan gələcək hücumlardan sığortalamışdılar. Lakin ərəb orduları VIII yüzillikdən sonra Xəzərlər üzərində qələbələr əldə etməyə başlamışlar. Nəhayət, 737-ci ildə Xəzər xaqanı ərəblərdən sülh istəmiş və bundan sonra Xəzərlər arasında Islam dini yayılmağa başlamışdır. Xəzərlərin yaşadıqları bölgə ticarət mərkəzi kimi də əhəmiyyətli yer sayılırdı. Bölgəyə karvanlarla bərabər gələn missionerlər də çoxalmağa başlamışdı. Əhali arasında xristianlığı və Musəviliyi də qəbul edənlər vardı. Bu gün Qaraim adı ilə bilinən yəhudi tayfaları da Xəzərlərin nəvələri sayılır. IX yüzilliyin ortalarında peçeneqlərin Itil-Xarəzm ticarət yolunu ələ keçirmələri ilə əlaqədar başlıca gəlir məbəələrini itirən Xəzər xaqanlığı zəiflədi. Getdikcə güclənən Peçenək hücumları və tabeçiliklərində olan Slav knyazlıqlarının üsyan xarakterli müharibələri Xəzər xaqanlığını tez bir zamanda tənəzzülə uğratdı. Dağılmış xəzər toplumları isə Azərbaycan türklərinin arasına qarışaraq ərimişlər. Bugunkü Xəzər dənizi məhz bu tayfanın adı ilə bağlıdır.

Sabar Türklərinin və Qərb Göytürk boylarının davamı olan Xəzərlər, Göytürk birliyi dövründə türklərin Qərb qanadını meydana gətirməkdə idilər və Göytürklərin yıxılmasından sonra müstəqilləşdi. VII əsr ilə X əsr arasında Xəzər dənizi ilə Qara dənizin şimalında suveren dövlət qurdular. Xəzər xaqanlığı Krım, Qafqaz, Dinyeper, Don və Volga arası, Xəzər dənizi ətrafı yayılmışdır.

Böyüyən, genişlənən xaqanlıq

Xəzərlər müstəqilləşəndən sonra ən yaxın müttəfiqi Bizans oldu. Bizans ilə siyasi və əsgəri əlaqələr inkişaf etdirildi. Sasani-Bizans mübarizəsində Bizansın yanında iştirak edən Xəzər xaqanlığı, Bizans mənbələrinə görə 629-cu ildə Tiflisi aldılar. Bu səbəblə Sasanilərin Qafqazdakı nüfuzu yox oldu. 630-cu ildə tamamilə müstəqilləşən Xəzər xaqanlığı dövründə, Xəzər-Bizans hökmdar ailələri arasında evlənmə dövrü başladı. II Custinianos Xəzər şahzadəsi ilə evləndi. Bizans Imparatoru III Leo 733-cü ildə oğlu Konstantini Xəzər xaqanının qızıyla evləndirdi. Ondan əvvəl Bizans Imparatoru Herakleios (VII əsr) Xəzərlər ilə bir müdafiə etmə andlaşmasını reallaşdırdı.

665-ci ildə Bolqarlarının qurduğu Böyük Bolqar xanlığının yıxılmasıyla Dinyesperə qədər olan torpaqlar Xəzərlərə qatıldı. Bu zaman Sasaniləri yıxan müsəlman Ərəblər, Xəlifə Osman və Əməvilər dövründə Xəzərlərlə şiddətli döyüşə başladılar. Bəzi dövrlərdə Ərəblər Qafqaz içlərinə qədər gəldilər. Ancaq Abbasilər dövründə geri çəkildilər. VII və IX əsrlər dövrü güclü orduya malik olması və Bizansla yaxşı münasibətləri olması səbəbindən "Xəzər Barış Çağı" dövrü olaraq adlandırılar. Çünki bölgədə ticari həyat və iqtisadiyyat inkişaf etmiş, dini xoşgörüş ön plana çıxmış və xalqın rifahı yüksəklərə çatmışdı. Bu dövrdə ticarət əlaqəsiylə ölkədə yəhudilik yayıldı. Bizans əlaqəsiylə xristianlıq, abbasilərlə də müsəlmanlıq xalq arasında yayıldı. Dini xoşgörüş ön plana çıxarıldı. Qafqazlarda zənginləşən Xəzər xaqanlığı, Böyük Bolqar xanlığını yıxılandan sonra meydana çıxan Rus Kiyev Knyazlığını da ticarət yoluyla inkişaf etdirdi. Macarların Orta Avropaya köçməsində Xəzərlərin təsiri vardır. Çünki Macarlara Üç Xəzər boyu (Kavarlar) qatılmışdı. Bolqarların parçalanmasında da Xəzərlərin təsiri var.

Xəzər ordusunda ödənişli əsgərliyin meydana gəlməsi və itaətin getdikcə azalması ordunu zəiflətdi. Bu vəziyyətdən faydalanan Rus Kiyev Knyazı paytaxt Itələnil və Qafqaza axın təşkil etdi və Xəzərləri yox etdi. Ruslar Xəzərlərə hücum edərkən bunu fürsət bilən Bizans da Xəzər xaqanlığına hücum etdi (1016-ci il) və Xaqanlıq devrildi. Xəzərlərin yıxılmasından sonra yəhudi Xəzərlərin Kiyevə, Ispaniyaya, Bizansa və Iraqa getdiyi düşünülür. Bir çoxunun da Macarlara qatıldığı ehtimal edilir. Polşa, Orta Avropa və Krımdakı yəhudilərin Xəzərlərdən gedən yəhudilər olduğu təxmin edilməkdədir. Getdikcə kiçilən Xəzər xanlığının Xəzər dənizi sahilində bir müddət davam etdiyi və digər boyların şərqdən gələn peçeneq və qıpçaqlara qarışdığı ehtimal edilir.

Dövlətin dil və din azadlığı

Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri xəzərlərin hakimiyyəti altında idi. Oleq (Bizans mənbələrinə görə Norman əsilli Varyaq Knyazı Xelq) 882-ci ildə Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu, sonra ordakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və onlara Islam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi Iudaizmi dövlətin rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qiyam qalxdı və Kiyev knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər xaqanlığı süqut etdi.

Xəzər dövlətinin etnik tərkibi yalnız bu türk boylarından ibarət deyildi, imperiyanın geniş hüdudları içində onlarla başqa dilli boyların da bu dövlətin ordusunda və digər qurumlarında yeri vardı. Çünki türk boylarının federasiyası kimi formalaşan Xəzər dövləti sonralar başqa xalqları da bu birliyə qatmışdı. Böyük xəzər şəhərlərində ticarət edənlər, sənətkarlar, saray görəvliləri və sadə əhali içində azər (xəzər) dili ilə yanaşı Qafqaz dilləri, yəhudi və başqa dillər də işlənirdi, çünki Xəzər dövləti tərkibinə aldığı xalqlara dil və din azadlığı vermişdi. Görünür, xəzərlərin içindən çıxan səlcuq soyu da bir-iki əsr sonra Türkmənistandan Anadoluya apardığı həmin gələnəyi burada mənimsəmişdi.

Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadi 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, lakin onu və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. O, ölkəyə hücum edən peçeneqləri Dneprə qədər qovdu. Daxili çəkişmələr Xəzər xaqanlığını zəiflətdi. 965-ci ildə Kiyev knyazı Svyatoslavın hücumu Xəzər xaqanlığının dağılmasının başlanğıcını qoydu. O, Səməndər və Sarkel şəhərlərini dağıtdı. Svyatoslav Sarkel şəhərinin yerində Belaya Veca adlı qala tikdirdi. Xəzərlərin bir qismi Krıma, bir qismi də Şimali Qafqaza çəkildi. Şimali Qafqaza çəkilən xəzərlər indiki qaraçay türklərinin ulu babaları idi. X əsrdə Xəzər xaqanlığına son qoyuldu, lakin xəzərlərin adı hələ XII əsr mənbələrində çəkilirdi.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.