Cəmiyyət

"Dünyaca nüfuzlu elmi nəşrlər də erməni iddialarını rədd edir" - Alim - FOTO

29 Yanvar 2021 15:41
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, tarixi faktları təhrif etmələri, Azərbaycan əraziləri ilə bağlı saxta, uydurma məlumatlarla çıxış etmələri yeni deyil. Mənfur qonşumuz bir əsrdən artıqdır ki, təkcə ərazi iddiaları ilə çıxış etmir, işğal, etnik təmizləmə siyasətini əlində bayraq edir, eləcə də Azərbaycanın toponimlərinə qarşı sərsəm bəyanatları ilə gündəmə gəlir.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, belə sərsəm bəyanatlardan biri müzəffər Azərbaycan Ordusunun 2020-ci il 44 günlük vətən savaşından sonra işğaldan azad edilmiş tarixi Azərbaycan şəhəri Şuşa ilə bağlı diqqəti cəlb edir.

Tarixçi qeyd edib ki, 2020-ci ilin noyabrın 8-də şanlı Azərbaycan əsgərinin gərgin döyüşlərdən, ölüm-dirim savaşından sonra Şuşanı işğaldan azad etməsini düşmən cəbhəsi heç cürə həzm edə bilmir, hazırkı informasiya yükünün böyük ağırlığını Şuşa şəhərinin üzərinə yönəldir, son günlərdəki daha bir neçə bəyanatlarında guya "Şuşa uğrunda Azərbaycan əsgərinin döyüşmədiyini, Şuşanın ermənilər tərəfindən könüllü təslim edildiyini", "bağışlandığını", bir az da irəli gedərək "Şuşa şəhərinin əsasının ermənilər tərəfindən qoyulması", şəhərin tarixi adının "Şuşa deyil, Şuşi olması", "çar Rusiyası dövründə şəhər əhalisinin böyük əksəriyyətinin ermənilərdən ibarət olması" kimi fikirlərlə ürək bulandırmaqdadırlar:

"Bəs Şuşa şəhəri ilə bağlı tarixi faktlar nə deyir? Müzəffər Azərbaycan əsgərinin mübarizə, döyüş ruhunu "kiçiltməkdə" düşmənin məqsədi nədir? Qarabağ xanlığının tarixini öyrənmək üçün mühüm mənbələrdən biri olan "Qarabağnamələr" Şuşa şəhərinin tarixi ilə bağlı da zəngin məlumat verir".

Z.Əmrahovun sözlərinə görə, "Qarabağnamələr"in demək olar ki, hamısında XVIII əsrdə Azərbaycanda baş vermiş siyasi hadisələrin təsvirləri üst-üstə düşür. Bu baxımdan Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si və Mirzə Camal Cavanşirin "Qarabağ tarixi" əsərləri diqqəti cəlb edir. Birinci əsər 1845-ci ildə Azərbaycan dilində, ikinci əsər isə 1847-ci ildə fars dilində yazılmışdır:

"Müəlliflərin verdiyi məlumata görə, Şuşa qalasının tikilməsinin tarixçəsi belə olmuşdur: "Pənahəli xanın yeni paytaxt yaratmaq fikrində olduğunu bilən saray əyanlarından bir qrupu ona dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə olan və üç tərəfdən təbii müdafiəsi olan, meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş, bir növ təbii qalanı xatırladan yeri göstərdilər. Xanlığın gələcək paytaxtı və başlıca istinadgah-istehkamı olacaq belə bir qalanın salınmasına başlıca tələbləri Pənahəli xan özü müəyyən etmişdi."

Mirzə Camal Cavanşir isə yazır ki, xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib qalanın yerini və ətrafını yoxladı. Yoxlamadan sonra xan sevinərək, bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın əsasını qoydu. Bu miladi təqvimlə 1751-1752-ci il idi. Bu fikri digər Qarabağnamə müəllifi Mirzə Yusif Qarabaği də təsdiq edir və yazır ki, bundan sonra 1752-ci ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu. Göründüyü kimi, yerli qaynaqlar şəhərinin adının Şuşa, tarixini isə 1751-1752-ci il olaraq qeyd edirlər".

Z.Əmrahov qeyd edib ki, Şuşa şəhərinin adı və tarixi ilə bağlı digər mühüm mənbələr çar Rusiyası dövründə işıq üzü görmüş "Qafqaz təqvimi"dir. (Кавказский календарь). Bu nəşrlər ildə bir dəfə olmaqla 1845-ci ildən 1916-cı ilə kimi Tiflisdə işıq üzü görmüşdür. Cənubi Qafqazın siyasi, iqtisadi, coğrafi vəziyyəti ilə bağlı məlumat verən 1845-ci il birinci nəşrdə biz Çar Rusiyasının şəhərləri və yolları haqqında məlumata (şəkil 1) da rast gəlirik. Burada şəhərin adının Şuşa olduğu, yenə də "Qafqaz təqvimi"nin 1852-ci il buraxılışında şəhərin adının Şuşa olduğu, onun Şamaxı quberniyasının qəza şəhəri, keçmiş Qarabağ xanlığının paytaxtı olması, təqribən 1752-ci ildə Pənahəli xan tərəfindən əsasını qoyulması yer alır.

Dünyaca nüfuzlu elmi nəşrlər olan "İslam Ensiklopediyası" və "Britannica" da şəhərinin adını Şuşi deyil, Şuşa olaraq qeyd, onun əsasının qoyulmasını 1752-ci ilə aid edirlər. Ümumiyyətlə, Şuşa şəhəri ilə bağlı mənbələrin sayını kifayət qədər çoxaltmaq mümkündür, lakin biz burada ermənilərin bu gün iddia elədiyi "Şuşi" adına deyil, şəhərin həqiqi adına - Şuşa adına rast gəlirik:

"Bəs belə olan halda, ermənilərin məqsədi nədir? Təbii ki, ortada yalan isə ondan ibarətdir ki, dünyanın diqqətini əsl həqiqətlərdən yayındırmaq, erməni vətəndaşlarını saxta ideologiyalarının girovluğunda saxlamaq, qonşu Azərbaycana qarşı ərazi iddialarının bitmədiyini göstərmək, 44 günlük rəşadətli döyüş yolu keçmiş Azərbaycan əsgərinin rolunu heçə endirmək. Ölkə başçısının da dediyi kimi "Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Belə olan halda, necə demək olar ki, Şuşa bizə bağışlanıb?! Əlbəttə, bütün bunlar hamsı növbəti erməni təxribatıdır və hərbi əməliyyatların başa çatmasından sonra bütövlükdə Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpası uğrunda aparılan diplomatik danışıqları əngəlləmək niyyəti güdür"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.