Cəmiyyət

Beşbarmaq abidələri - tarixi irsimizin daş yaddaşı - FOTO

13 Yanvar 2021 23:00
Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beşbarmaq abidələrində elmi araşdırmalara XX əsrdə başlanılıb. İlk dəfə 1925-ci ildə tərkibinə yerli xarici alimlərin daxil olduğu ekspedisiya abidə haqqında geniş məlumatlar toplamaqla yanaşı, qala və divarlarının bəzi hissələrinin maraqlı və dəqiq təsvirini verib. 1962-ci ildə A.Abdullayev Beşbarmaq müdafiə tikilisində, Gilgilçay səddində və Çıraqqalada tədqiqat işləri aparıb və hər bir abidə haqqında yeni maraqlı məlumatlar verib. 1980-1985-ci illərdə Tarix İnstitutu tərəfindən yaradılmış Gilgilçay arxeoloji dəstəsi Beşbarmaq abidələrində arxeoloji kəşfiyyat işləri aparıb və elmi təsvirini belə verib: "Beşbarmaq səddi əsasən 5 tikinti kompleksindən ibarətdir. Buradakı paralel divarlardan ibarət müdafiə səddinin şimal hissəsindəki divar qalığı Beşbarmaq dağının ətəyindən başlayaraq dənizin sahilinədək davam edir. Səddin divarı əsasən 42 x 42 x 14 santimetr, 42 x 42 x 12 santimetr ölçüdə çiy kərpicdən tikilib". Lakin indiyə qədər Beşbarmaq qalası və ona bağlı olan tikililər geniş elmi-arxeoloji tədqiqatlara cəlb edilməmişdi.

Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi, Beşbarmaq arxeoloji ekspedisiyasının rəisi Sevinc Hüseynova söyləyib. Ekspedisiya rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli müvafiq Sərəncamı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması abidənin hərtərəfli və kompleks tədqiqi üçün yeni imkanlar açıb. İlkin olaraq Xəzər dənizinin Beşbarmaq dağına doğru olan sahilboyu əraziləri, Qalaşıxı kəndi ərazisi, Beşbarmaq pirinin bilavasitə yerləşdiyi yüksəklik və ona yaxın yüksəkliklər arxeoloji ekspedisiya tərəfindən kəşfiyyat xarakterli tədqiqatlara cəlb edildi. Nəticədə Beşbarmaq dağından başlayaraq Xəzərin sahillərinədək uzanan düzən ərazi vizual olaraq nəzərdən keçirildi və yerüstü əlamətlər qeydə alındı. Bakı-Quba magistral yolunun Beşbarmaq dağı yaxınlığından keçən hissəsində, yolun solunda qurulmuş məscidin arxasından başlayaraq Qalaşıxı kəndinə doğru uzanan piyada yolunun məhz paralel divarlardan birinin üzərində salındığı müəyyən edildi. Kəndin yaxınlığından keçən su kanalı, kənd yolu və müasir tikililər səddin kəndə tərəf olan hissəsini dağıdıb. Xəzər dənizinə tərəf olan hissədə isə səddin müəyyən hissəsi Bakıdan Rusiya sərhədinədək inşası davam etdirilən yeni magistral yolun çəkilişi ilə əlaqədar dağıdılıb. Qeydə alınmış paralel divarın biri 40.977.790 49.249.232 koordinatlarında yerləşir.

Səddin şimalında, bir-birinə yaxın, ətraf ərazidən süni təpə olması ilə seçilən dairəvi formada iki tikilinin qalıqları qeydə alındı. Hər iki tikili ətrafdan alçaq hündürlüyü ilə seçilir və ətraflarını xəndək əhatələyir, bəzi yerlərində dairəvi daş düzümləri müşahidə olunur. Onların hər ikisinin daşdan qurulmuş dairəvi müşahidə qüllələri olduğunu ehtimal edirik. Çox güman ki, bu qüllələr su ilə dolu süni xəndəklə müdafiə olunub. Bu hissədəki daş qalıqları da sübut edir ki, paralel divarların bəzi hissələri çox güman ki, mənbələrdə qeyd edildiyi kimi daşdan qurulub.

S.Hüseynova bildirib ki, paralel divarlardan ikincisinin qalıqlarını isə müəyyən etmək mümkün deyildir. Çünki ətraf ərazilər neft buruqlarının qazılması və su kanalının çəkilməsi nəticəsində dağılıb. Hər halda paralel divarlardan birinin tam müəyyən edilməsi kəşfiyyat qazıntıları ilə digər divarın da aşkar edilməsinin mümkün olduğunu söyləməyə imkan verir. Beşbarmaq pirinin yerləşdiyi dağın üzərində mövcud olmuş qalanın xarakterini və onun daxilindəki evlərin funksiyalarını müəyyən etmək məqsədilə pirin qərb tərəfində maili terrasda tədqiqatlar davam etdirildi. Ərazidə şimal-cənub istiqamətində bir-birinə paralel cərgələrlə dördkünc və bəzən isə ovalvarı kənarları olan daş düzümləri izlənilir, üst hissələri isə güclü dağıntıya məruz qalıb. Bəzi yerlərdə qaya parçaları Beşbarmağın zirvəsindən qoparaq düşüb. Şimala doğru getdikcə sahənin eni daralır. Bu ərazi 40.57.430 N və 049.13.900 E koordinatlarında, dəniz səviyyəsindən 507 metr hündürlükdə yerləşir. Ərazinin cənubunda uçaraq dağılmış hündür qala divarlarının qalıqları qalmaqdadır. Buradakı tikililərin xarakterini müəyyən etmək üçün sahənin şimalında, qayalıqların yaxınlığında qazıntı sahələri - 5x5 metr ölçülü üç kvadrat götürüldü. Kvadratların qərb tərəfi terrasın kənarına doğru uzanır və maili yarğanla qurtarır.

Kvadratların üst təbəqələri, daş qalaqları təmizləndikdən sonra sahənin tamamilə dördkünc tikililərdən ibarət olduğu aydınlaşdı. Bir nömrə ilə qeyd edilmiş tikili dördkünc formalıdır. Tikili yastı qaya parçalarından istifadə etməklə qurulub. Daşların ölçüləri fərqlidir. Bəzi yerlərdə nisbətən iri sal daşlardan da istifadə edilib. Hörgüdə istifadə olunan daşların az bir hissəsi daha qədim tikilinin daşlarına bənzəyir. Yəni hər hansı bir dağılmış tikilinin daşlarından təkrar tikinti üçün istifadə olunub. Daşlar gətirilmə daşlardır. Tikinti zamanı Beşbarmaq dağının yerli daşlarından çox az istifadə olunub. Tikilinin daxildən ölçüləri 3x4 metr, şərq divarlarının eni 0.80 metr, cənub divarlarının eni 1 metr, şimal divarlarının eni isə 1.10 metrdir.

Divarların hər birində daş düzümlərinin sayı fərqlidir. Yerin səthi maili olduğundan divarların bəzilərində aşağı düzümlər yalnız düz səthi almaq üçün qurulub. Lakin tikilinin aşağıdan iki və bəzi yerlərdə üçüncü daş düzümündən sonra bütün perimetri boyunca ağac tir atılıb. Bu ağac tirləri çürüməsinə baxmayaraq tam izləmək mümkündür. Orta əsrlər memarlığında bu cür atmalardan tikililərin zəlzələyə davamlılığını artırmaq üçün istifadə olunurdu. Eyni hal Azərbaycanın orta əsr memarlığında geniş müşahidə olunur. Tikilinin şərq divarının tam mərkəzində arxası ovalvarı formalı kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarmış və hisdən qaralıb. Maraqlıdır ki, kürsünün sol divarına hörülmüş daşlardan biri də dağılmış tikilidən götürülmüş daşdır. Həmçinin bu daşın da digər bir tikilinin memarlıq elementi olduğunu söyləmək mümkündür.

Tikilinin cənub divarının qərbə doğru olan hissəsində daha çox dağıntı hiss olunurdu. Bu divara hörülmüş daşlardan biri diqqəti cəlb edir. Yastı, ağ rəngli əhəngdaşındın yonulmuş daşın bir səthində həndəsi naxış oyulub. Maraqlıdır ki, bu tip oyma naxış kompozisiyası dörd eyni naxışlı daşın birləşməsi nəticəsində səkkizguşəli ulduz formalı naxış əmələ gətirir. Bu tip naxış üslubundan orta əsr memarlıq nümunələrində geniş istifadə edilib.

Birinci tikilinin daxilindən iki ədəd yastı daş əldə edilib. Onlardan birinin üzərində ərəb əlifbası ilə yazılmış mətnin kiçik bir hissəsi qalıb və çox təəssüf ki, mətni tam bərpa etmək mümkün deyil. İkinci daş da naxışlı (yazılı) daşın kiçik bir hissəsidir və onu da tam olaraq bərpa etmək mümkün deyildir. Qazıntı sahəsinin cənubuna doğru olan ikinci tikili şərq-qərb istiqamətində uzanan düzbucaqlı formasındadır. Tikilinin daxildən eni 3.40 metr, uzunluğu 6.90 metrdir. Bu tikilinin cənub-şərq divarı qayaya söykənir və divar qaya başlayanda maili sonluq alaraq başa çatır. Şimal divarı birinci tikilinin cənub divarı ilə bir divarı təşkil edir. Lakin birinci tikilidə əgər divarlar tam olaraq künclərlə yekunlaşırsa, 2-ci tikilidə şimal divarı şərqə və qərbə doğru uzanır. Cənub divarı isə qərbə doğru uzanır və tikilinin sərhədindən kənara çıxır. Tikilinin qərb divarının yuxarı hissələri xaricə - qərbə doğru əyilib. Sanki bu hissə uçmuş və beləliklə, tikilinin dağılmasına səbəb olub. İkinci tikilinin cənubunda təmizlənmiş iri qaya parçası növbəti kvadratda da davam edir və bu hissəyə onun daha böyük hissəsi düşür. Bu hissəyə düşən qaya parçasının bir hissəsi yonularaq hamarlanıb. Bu qayanın şərqindəki dar bir hissədə daş və çiy kərpicdən çox kiçik tikililər qurulub. Maraqlıdır ki, onların hər birində parçalanmış saxsı qab hissələrinə rast gəlinib.

Birinci terrasda tədqiq edilmiş tikililərin daxilindən əldə edilmiş arxeoloji artefaktların hamısı şirli və şirsiz saxsı məmulatı hissələrindən ibarətdir. Şirli saxsı məmulatı mavi, yaşıl, sarı, ağ, qəhvəyi və s. rənglidir. Onların bir qisminin üzəri həndəsi və nəbati naxışlarla bəzədilib. Şirsiz saxsı məmulatı sarımtıl, qırmızı, ağ rənglidirlər. Onların üzəri cızma, çərtmə və basma üsulu ilə naxışlanıb. İstər şirsiz, istərsə də şirli saxsı məmulatlarının hamısı dulus çarxından istifadə etməklə hazırlanıb. Dövr olaraq onları XII-XVII əsrlərə aid etmək olar. Yalnız bir neçə saxsı parçası XI əsrə - Səlcuq dövrünə aiddir. Birinci tikilinin daxilindən əldə edilmiş memarlıq elementi də çox güman ki, XI-XII əsrlərə aiddir.

S.Hüseynova vurğulayıb ki, orta əsr müəllifləri, istərsə də yeni tədqiqatların ilkin nəticələri Beşbarmaq dağı ətrafında geniş bir əraziyə sahib olan qalanın mövcudluğunu təsdiq edir. Birinci terrasın cənub-qərbində dairəvi formada daş düzümünün izləri burada nəhəng tikilinin olması ehtimalını artırdı və ərazi təmizlənməyə başladı. Nəticədə bu hissədə Narınqalanın dairəvi bürclərindən birinin yerləşdiyi müəyyən edildi. Diametri 8 metrə yaxın olan yarımdairəvi bürcün divarları aşağı hissələrdə iri sal daşlardan istifadə edilərək qurulub. Onların arasında bərkidici məhlul izlərinə rast gəlinmir. Yarımdairəvi bürcün cənub və şimal tərəfi qalanın düz divarı ilə birləşir və eyni dövrdə inşa edildiyini söyləmək olar. Bürcün inşaat-memarlıq üslubu birinci terrasdakı tikililərin üslubundan fərqlənir. Bu səbəbdən bürcün və onunla kompleks təşkil edən tikililərin daha qədim olduğunu söyləyə bilərik. Bürcün daxilində, nisbətən şimal tərəfdə, forma etibarilə quyunu xatırladan kiçik dairəvi tikili izlənir. Quyunun daşlarının ölçüləri və tikinti xüsusiyyəti onun bürclə eyni dövrə aid olmadığını və daha gec inşa edildiyini göstərir. Lakin quyunun bürcün daxilində inşa edilməsinin səbəbini və onun funksiyasını müəyyən etmək mümkün olmadı. Bunun üçün bürcün və quyunun tam tədqiqinə ehtiyac vardır. Yarımdairəvi bürcün ətrafından əldə edilmiş keramika məmulatı birinci terrasdakı tikililərin daxilindən əldə edilmiş materiallarla analogiya təşkil edir. Lakin qeyd etmək lazımdır ki, istər birinci terrasda, istərsə də yarımdairəvi bürcün ətrafında mədəni təbəqə davam edir və çox güman ki, gələcək tədqiqatlar qalanın ilkin mərhələlərinin tarixini müəyyən etməyə imkan verəcək.

Kəşfiyyat tədqiqatları nəticəsində müəyyən edildi ki, Beşbarmaq dağının ətəyində, tədqiqatlar aparılan terrasa bitişik digər terrasda da qədim tikililər mövcud olub. Hazırda bu terrasın üzərində məscid və yardımçı tikililər vardır. Məsciddən qərbə tərəf terrasın ətrafını qala divarlarının əhatə etdiyi müəyyən edildi. Məsciddən şimal-qərb tərəfdə isə ikinci dairəvi qala bürcünün əlamətləri bilinir. Çox güman ki, orta əsr səyyahlarının söylədikləri bürclərdən bir neçəsi məhz bu terrası əhatə edən qala divarları üzərində olub.

"İlkin tədqiqatlara əsasən, Beşbarmaq qalasındakı Narınqalanın iki terras üzərində yerləşdiyini söyləyə bilərik. Çox güman ki, bu iki terrasdan bir-birinə keçid olub. Bu keçid körpü də ola bilərdi. Həm birinci terrasın qərb yamacı boyunca, həm də ikinci terrasın qala divarlarından kənara doğru bütün tərəflərində tikililərin uçub dağılmış qalıqları izlənilir. İstər Narınqalanın sahəsi, istərsə də Narınqaladan kənarda tikililərin əhatə dairəsi burada kiçik bir şəhərin qalıqlarının ola bilməsi ehtimalını artırır. Hər halda gələcək tədqiqatlar bir çox suallara cavab tapmağa kömək edəcək. İlkin tədqiqatlar üçün növbəti sahə tunc dövrü yaşayış yeri kimi qeydə alınmış ərazi seçildi. Sahəyə baxış zamanı çoxsaylı dördkünc daş tikili qalıqları diqqəti cəlb edirdi. Bəzi yerlərdə isə daş yığımlarının arasında düzbucaqlı sənduqə tipli daşların olduğu görünürdü. Dağılmış daş yığınlarından birinin təmizlənməsi müəyyən suallara cavab tapmağa imkan verdi. Məlum oldu ki, daş yığınları dördkünc formada qurulmuş evlərdən birinin qalıqlarıdır. Tikilinin daxildən ölçüləri 5,65x3,25 metr, divarlarının eni 70-90 santimetrdir. Cənub divarında qurulmuş qapı yerinin eni 90 santimetrdir. Tikilinin inşası zamanı müxtəlif ölçülü daşlardan istifadə edilib. Maraqlı fakt ondan ibarətdir ki, tikinti materialı kimi qəbirüstü daş sənduqələrdən də istifadə edilib. Tədqiq edilən tikilinin şərq və qərb divarlarında düzbucaqlı sənduqələrdən istifadə edilib. Şərq divarındakı sənduqənin ölçüləri 32x124x62 santimetrdir. Sənduqənin yan tərəfləri həndəsi formada naxışlanıb. Düzbucaqlı səth beş hissəyə bölünüb, onlardan ikisi təmiz saxlanılıb, üçü isə eyni həndəsi ornamentlə bəzədilib. Sənduqənin səthində düzbucaqlı formalı, bir tərəfi bucaqşəkilli formada qurtaran yastı çuxur oyulub. Yuxarı hissəsində isə yazı olub. Tikilinin şimal divarında yerdən 3 ədəd taxça, cənub divarında isə kürsü qurulub. Tədqiqata cəlb edilən tikilidən cənubda, başqa bir tikilidə istifadə olunmuş sənduqənin ətrafı təmizləndi. Bu sənduqənin düzbucaqlı səthi 3 hissəyə bölünüb və üç ayrı naxışla bəzədilib. Naxışlardan biri "həyat ağacı", biri isə altıguşəli ulduz təsviridir.

Ərazidəki çoxsaylı tikililərə baxış zamanı məlum oldu ki, onların hamısının inşasında daha əvvəlki dövrə aid olan sənduqələrdən tikinti materialı kimi istifadə edilib. Bu tip sənduqələr adətən XIII-XV əsrlərə aid edilir. İslam aləmində qəbir daşlarından tikinti materialı kimi istifadə edilməsi birmənalı qarşılanmır. Buna görə də ərazidə daha geniş qazıntıların aparılmasından sonra bir çox sualların cavabını tapmaq mümkün olacaq", - deyə S.Hüseynova bildirib.

Ekspedisiya rəhbəri Beşbarmaq abidələrinin tarixindən də danışıb. Qeyd edib ki, xalq arasında "Xızır Zində piri" adlanan və əhalinin müqəddəs yer kimi ziyarət etdiyi Beşbarmaq dağı elmi-tarixi baxımdan da Azərbaycan tarixində mühüm yer tutur. Belə ki, erkən orta əsrlərdə şimaldan gələn hücumların qarşısını almaq və müdafiə olunmaq üçün bir sıra sədlər və qalalar inşa edilib. Orta əsr mənbələrində adı çəkilən Beşbarmaq dağından dənizə qədər uzanan sədd (paralel divarlar) Qafqaz Albaniyasının Xəzərsahili ərazilərində cənubdan başlayaraq inşa edilmiş sədlərdən birincisidir. Sasani şahı II Yezdəgirdin dövründə (V əsrdə) inşa olunduğunu qeyd edən alban tarixçisi Musa Kalankatuklunun verdiyi məlumata görə, V əsrin ortalarında Sasanilər əleyhinə başlanan üsyan zamanı bölgənin yerli əhalisi paralel divarların arasında gizlənib. VII əsr ərəb coğrafiyaşünasları Beşbarmaq paralel müdafiə sədlərini və çox güman ki, Beşbarmaq qalasını Xorevan adlandırır. Bəzi tədqiqatlarda isə buranın Şirvan vilayətini Xursan ölkəsindən ayıran Xursan qalası olduğu göstərilir. Ərəb coğrafiyaşünası Məsudi abidəni "Barmaq daş divarları" adlandırır. 1636-cı ildə alman səyyahı A.Oleari Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan "Barmax" dağı haqqında maraqlı məlumatlar verib. A.Oleari Beşbarmaq qalasının təsvirini verərək yazır: Dağın dibində yerli əhalinin "karvansara", "sığınacaq" adlandırdığı açıq həyətə daxil olduq. Ertəsi gün Beşbarmaq dağına qalxan A.Oleari yazır: "Dağdakı köhnə divar uçuqlarının xarabalarına əsasən belə qənaətə gəlmək olar ki, burada 51 bina və yaxşı istehkam var imiş. Uca barmaq qayasının ətəyində düz yer var ki, buranı qalın divarlar və dörd qüllə əhatə edir. Səyyah deyilənlərə əsasən Beşbarmaq qalasının Makedoniyalı İsgəndər tərəfindən tikildiyini, Teymurləng tərəfindən dağıdıldığını göstərir".

1683-cü ildə Beşbarmaq dağında olan Kempfer yazır: "Bu dağ Qafqaz sıra dağlarının dənizə doğru çıxıntısı olub bir tərəfdən həddindən artıq yüksəkdir, digər tərəfdən isə dənizə daha çox yaxındır. Bu yerin təbii imkanlarından istifadə edən qədim Midiya tayfaları dağın ətəyindən dənizin sahilinədək bir-birindən 300 addım aralı iki divar tikdilər. Müharibə zamanı bu divarlar arasında bütöv şəhər və ya ölkə əhalisinin hamısını yerləşdirmək olar. Bir fərsəng enində olan eyni formalı başqa bir divar da dağın zirvəsindən dənizə doğru uzanır".

Kempfer, həmçinin dağın üzərində yerləşən Beşbarmaq qalasının təsvirini verir. Burada düz meydançanın, ondan 200 addım aralı isə kvadrat formalı dağıdılmış istehkamın olduğunu qeyd edir. İstehkama üç tərəfdən kvadrat formalı daşlardan dayaq verilib. Dördüncü tərəfdən isə nəhəng qaya ilə əhatələnib. Sütun formalı nəhəng qayanın yuxarı hissəsindən irəli uzadılmış barmaq şəklində çıxıntılar vardır. Çıxıntılar arasında qeyri-müəyyən formaya malik bir az geniş və çökək sahə - meydança yerləşir. Əfsanəyə görə, müqəddəs peyğəmbər burada yaşayıb. Həmin yerə 22 pilləkəndən ibarət yeganə dairəvi, çətinliklə qalxması mümkün olan dar yol gedir.

Kempfer digər səyyahlardan fərqli olaraq yalnız abidənin təsviri ilə kifayətlənmir, həmçinin dini və əfsanəvi məlumatları da qeydə alır. Oradakı bulağın Xızır Zində adlanmasından, İlyas peyğəmbərin bulağı himayə etməsindən bəhs edərkən Kempfer İlyas peyğəmbəri Qaya kimi göstərir.

XVII əsrin Holland dəniz səyyahı Yan Streys şimal-şərqi Azərbaycanda olarkən Beşbarmaq abidəsi haqqında yazır ki, dənizin yaxınlığında yerləşən Parmax və ya Barmax adlanan dağın yanından keçdik. Dağ ona görə Parmax adlanır ki, onun zirvəsi düz istiqamətdə uzanan barmağı xatırladır. Dağın yüksəkliyi tamamilə soyuqdur və bəzən bitkilər üzərindən buz salxımları sıra ilə sallanır. Dağın ətəyində isə hava xoş və mülayimdir. Vaxtilə bu dağda möhtəşəm qala olub və bu ərazinin müdafiəsinə xidmət edib. İndi də həmin qala divarlarından qalın özül, dairəvi meydan və onun ortasında daşdan qurulmuş quyu vardır. Səyyah, eyni zamanda, qeyd edir ki, burada təqribən 40 quyudan neft çıxarılır. Qəhvəyi rəngli neftin pis qoxusu vardır, ağ neftin isə daha xoş iyi vardır. Y.Streysin də məlumatlarından bir daha aydın olur ki, artıq XVII əsrin ortalarında istər qala və istərsə də paralel divarlar dağılmış vəziyyətdə olub. Buna baxmayaraq, onların xarabalıqları belə səyyahların diqqətini cəlb edib. 1734-cü ildə I.Lerxe Beşbarmaq dağının şəklini çəkib və buradakı qədim divar və qala qalıqlarını görüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.