Cəmiyyət

Şərti qoyulan qiymət, yoxsa reallıq?

22 Yanvar 2020 23:45
2 Şərh     Baxış: 2 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kirayə üsulu ilə satılacaq mənzillərin qiyməti və digər şərtlər vətəndaşların cibinə uyğun olmalıdır

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Son vaxtlar aktual olan mövzulardan biri də kirayə mənzil bazarıdır. Belə ki, bir neçə gün öncə kirayə evlərin qiyməti ilə bağlı məlumat yayıldı.

Fed.az saytından əldə edilən məlumata görə, kirayə üsulu ilə satılacaq evlər tam təmirli olacaq və vətəndaşlara faizsiz satılacaq. Xatırladaq ki, kirayə satılacaq mənzillərin sayı 331-dir. Mənzillərin 208-i Bakı şəhəri Nizami rayonu M. Abbasov küçəsində ("Neftçilər" və "Qara Qarayev metro stansiyası ətrafında) 40-ı Bakı şəhəri Xətai rayonu Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri, 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Fondun açıqladığı hesablamalara dair misallarda mənzillərin qiyməti Bakının bütün əraziləri üzrə eyni olaraq 1850 manat ətrafında götürülür. Belə ki, Bakının Xətai rayonunda, Gəncə prospektində sahəsi 96,7 kvadratmetr olan mənzilin satış qiyməti 178,1 min manatdır. Başqa sözlə, mənzilin 1 kvadratmetrinin qiyməti 1841 manata başa gələcək. Bu qiymət mənzilin 25 illik müddətə alınma qiymətidir. Mənzili 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7122 manat (aylıq ödənişin 12 misli) təşkil edəcək.
 
Elə həmin ərazidə sahəsi 86,4 kvadratmetr olan mənzilin qiyməti 159,1 min manat, yəni kvadratmetrin qiyməti 1841 manat göstərilib. Belə mənzili 300 aylıq kirayə haqqı ilə almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6364 manat təşkil edir. 102,6 kv. metrlik evin qiyməti isə 188,9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin ödəniş (yəni 21 aylıq) 7557 manatdır. Sahəsi 111,3 kvadratmetr olan mənzilin qiyməti isə 204, 954 manat göstərilib. Belə mənzillərin 300 aylıq kirayə üsulu ilə alınması üçün aylıq ödəniş 683 manat, ilkin ödəniş 8198 manatdır. Bundan başqa, maarifləndirici materiallarda göstərilib ki, Xırdalan şəhərində sahəsi 68,3 kvadratmetr olan birotaqlı mənzilin 300 aylıq, yəni 25 illik kirayə üsulu ilə alınması 127,3 min manata, yəni kvm-i təqribən 1863 manata başa gələcək.
 
Qeyd edilən bu qiymətlər vətəndaşlar arasında birmənalı qarşılanmayıb, ciddi narazılıqlar doğurub. Xüsusilə də sosial şəbəkə istifadəçiləri bu mövzuda sərt paylaşımlar ediblər. Məsələn, "Sağlam Cəmiyyət" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı sosial media hesabında kirayə evlərin qiyməti ilə bağlı sərt fikirlər bölüşüb. Özü ilə əlaqə saxlayıb həmsöhbət olduq. O, qeyd edir ki, açıqlanan qiymətlər çox insanı xəyal qırıqlığına uğradıb: "Ən kiçik kvadrat, yəni 86
kvadratmetr üçün ödəniş aylıq 530 manatdır, 6 min civarında da ilkin ödəniş tələb olunur. Kvadratmetri 1800 manatdan hesablanır, özü də mərkəz də deyil. Gərək ailədə minimum 4 nəfər işləsin ki, bu pulu ödəyə bilsin. Bəs, gənc ailələr nə etsin? İki nəfər bütün sutkanı da işləsə, 300 ay pul ödəmək real görünmür. Bunların uşağı olsa, ana işləyə bilməsə, xəstələnsələr, necə olacaq? Bu məbləği hansı reallığa uyğun müəyyənləşdiriblər görəsən? Qoyulan şərtlər də məntiqə uyğun deyil və ipoteka üçün qoyulan şərtlərdən heç də fərqlənmir. Bu layihədəki evlər insanlar üçün əlçatan olmalı, ən azından, dövlət qulluqçusu olmaq tələbi qoyulmamalı idi. Belə anlaşılır ki, aztəminatlı ailə həmin layihədən ev əldə bilməz".
 
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Fondun təqdim etdiyi kirayə qiymətləri, yəni ilkin ödəniş və aylıq ödənişlər heç də hər bir vətəndaş üçün əlçatan deyil: "Üstəlik, tələb olunan sənədlər demək olar ki, ipoteka krediti üçün tələb olunan sənədlərlə eynidir. Bu gün bəzi tikinti şirkətləri var ki, tikilmiş binalarda 20 illik ipoteka krediti ilə vətəndaşlara mənzillər satır. Onların ilkin ödənişi də demək olar ki, dövlət ipoteka kreditləri ilə eynidir. Lakin həmin tikinti şirkətləri vətəndaşlardan çoxlu sənədlər tələb etmirlər. Bakı şəhərindəki mənzillərin təxminən 25 faizində kirayədə qalanlar yaşayır. Kirayə mənzillərin satışını digər istiqamətə kökləmək lazımdır. Kirayədə yaşayan sakinlərin rəsmi iş yeri olmasa belə, onlar da bu mənzillərdən yararlanmalıdır. Düşünürəm ki, bu cür layihələrin tətbiq olunması üçün əvvəlcədən tədbirlər görülməlidir. Ya vətəndaş ipoteka krediti kimi istədiyi evi özü seçib onu kirayəlik üçün satın almalıdır, yaxud bu layihə həyata keçirilməmişdən əvvəl aidiyyatı təşkilat şəhərin müəyyən ərazilərində binalar tikib, həmin binaların bu qaydada kirayəlik satışını həyata keçirməlidir. Ola bilər ki, vətəndaş bu layihədən yararlanmaq istəyir, lakin təklif olunan ərazilərdəki evlər onun istədiyi ərazi ilə uyğun gəlmir. Qiymətlər və şərtlər kirayədə qalan vətəndaşların ciblərinə uyğun tətbiq olunmalıdır. Təbii haldır ki, kirayədə yaşayan insanların böyük əksəriyyəti maddi baxımdan aztəminatlıdırlar. Onların ilkin və aylıq ödənişləri elə bir qaydada olmalıdır ki, həmin evi əldə edənlərin kreditləri sonradan problemli kreditlərə çevrilməsin. Çünki şərtlərdən biri də ondan ibarətdir ki, vətəndaşın ödənişlə bağlı gecikmələri uzunmüddətli olarsa, həmin ev vətəndaşın əlindən alına bilər".
 
Onu da qeyd edək ki, əhali arasında yaranan narazılıqdan sonra İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiyməti ilə bağlı yayılan məlumata münasibət bildirib. Həmin qiymətlərin şərti olaraq göstərildiyini, real qiymətlərin fərqli olacağını və tezliklə açıqlanacağını bildiriblər. Həmçinin mənzillərin rəsmiləşdirilməsi ilə bağlı bütün xərcləri İpoteka və Zəmanət Kredit Fondunun ödəyəcəyi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.