Cəmiyyət

Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub - FOTO

21 May 2019 23:47
0 Şərh     Baxış: 574

Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, filarmoniyada təhsil alan uşaqlar teatrlaşdırılmış səhnəciklə qonaqları foyedə qarşılayaraq təmirdən çıxmış binanın müjdəsini veriblər.

Mərasimdə iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev filarmoniyanın təmirdən sonrakı vəziyyəti ilə tanış olub. Təmir işlərinin yüksək səviyyədə təşkil edildiyini bildirən nazir Uşaq Filarmoniyasının açılışını ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirib: "Hazırda Azərbaycanın müxtəlif yaradıcı kollektivlərində çalışan adlı-sanlı sənətkarların bir çoxu 1991-ci ildən fəaliyyət göstərən bu mədəniyyət ocağının yetirməsidir. Filarmoniyada bir neçə istiqamət üzrə 500-dək uşaq təhsil alır. Filarmoniyada rəqs, rəssamlıq və digər sənət növləri tədris edilir. Təmirdən sonra burada təhsilin səviyyəsi əvvəlkindən də yüksək olacaq, mədəniyyət ocağına üz tutan uşaqların sayı daha da artacaq. İnanıram ki, filarmoniyada təhsil alan uşaqlar ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Bu mədəniyyət ocağının yüksək səviyyədə təmirinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirəm".

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev uşaqlara hər zaman böyük qayğı göstərirdi və bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Azərbaycanda həyata keçirilən strategiyanın prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin və təhsillərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir: "Bu gün bizim kollektiv üçün çox xoş bir gündür. Uşaqlar üçün yaradılan belə gözəl şəraitə görə bütün əlaqədar qurumlara valideynlər və uşaqlar adından təşəkkürümüzü bildiririk".

Direktor qeyd etdi ki, Uşaq Filarmoniyası balacaların bədii-estetik inkişafında, istedadlarının üzə çıxmasında, onların formalaşması ilə əlaqədar sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub saxlamaq filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaqların arasından istedadlılar aşkar edilir.

Çıxışlardan sonra Uşaq Filarmoniyasının təşkil etdiyi rəngarəng konsert proqramı təqdim edildi. Proqramda uşaqlar tərəfindən təqdim olunan rəqs, teatr səhnəcikləri, vokal və muğam nömrələri böyük alqışlarla qarşılandı.

Konsert proqramını izləyən nazir bir daha uşaqları təbrik edərək onlara yeni təmirdən çıxmış binada nailiyyətlər arzuladı: "Ümidvaram ki, yeni şəraitdə görkəmli incəsənət xadimlərindən dərs alan şagirdlər mədəniyyətimizə öz töhfələrini verərək, gələcəyin ulduzlarına çevriləcəklər. Bu işdə müəllimlərə, valideynlərə və uşaqlara uğurlar arzulayıram".

Qeyd edək ki, ötən il təmirə bağlanan Azərbaycan Dövlət Uşaq Filarmoniyası yeni avadanlıqlarla təmin edilib, məşğələ zalları və böyük konsert zalı yenilənib. Kollektivə rəqs qrupları üçün yeni kostyumlar hədiyyə edilib.

Hazırda filarmoniyada Folklor mahnı və rəqs ansamblı, Xalq çalğı alətləri ansamblı, Xor kollektivi, Uşaq teatrı, Kamera ansamblı, Nəfəsli alətlər ansamblı, Bacarıqlı əllər rəsm dərnəyi, Gənclər simfonik orkestri, Gənclər xalq çalğı alətləri orkestri fəaliyyət göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.