Cəmiyyət

Az büdcə ilə necə səyahət etməli? - azərbaycanlı səyyahdan məsləhətlər

10 İyul 2018 23:36
0 Şərh     Baxış: 2 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə əksər insanlar dünyanı gəzməyi arzulayır. Maddi durumu imkan verənlər istənilən anda təyyarə biletini alıb, istədiyi ölkəyə yola düşür. Büdcəsi aşağı olanlar isə başqa yollar axtarmağa məcburdurlar. Bu reportajda az büdcə ilə normal səyahət etməyin yollarını öyrənə bilərsiniz.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müsahibimiz tanınmış fotoqraf Eko Səfərlidir. Onun fikrincə, az büdcə ilə səyahət etmək üçün ilk növbədə qənaət etməyi öyrənmək lazımdır: "Hamının arzusu eynidir. Amma arzuya görə heç nə eləmir. Başadüşüləndir. Maaş yüksək deyil. Amma yüksək məbləğlə bu ölkədə əylənə bilirsən. Hər gün yaşıdlarımızla görüşə bilirik. Bir fincan qəhvə 5-6 AZN-dir. İnsan istəsə, gündə 5 manat, maaşdan 50 AZN kənara qoya bilər".

O, hesab edir ki, səyahət etmək istəyən insan bunun üçün qarşısına məqsəd qoymalıdır: "Məsələn, mən səyahət etmək istəyəndə biletimi 6 ay öncədən alıram. Elə olub ki, 4 ölkəyə birdən biletim "yanıb". Ən azı bilirəm ki, yayda boşluq olur. Məsələn, avqustda səyahətimiz var. "Facebook"da "Gəzəyənlər" qrupumuz var. 10 nəfərlik qrupla Baltikyanı ölkələri gəzəcəyik - 7 ölkə, 10 şəhər. Biletləri fevralda almışıq. Evlər, təyyarələr, gəmilər, qatar, avtobus - hamısı alınıb. Əgər səyahət etmək istəyirsənsə, az-az edirsən. Nə qədər tez alsan, o qədər ucuz olacaq. Məsələn, İtaliyaya gedəndə qatar biletini 3 ay öncədən 9 avroya almışdım. Ora gedəndə insanlar 50 avro verirdi. 9 avro hara, 50 avro hara? Məsələn, növbəti səyahətimizdə 2 təyyarə bileti var - gediş-dönüş. Buradan Kiyevə, ondan sonra hamısı qatar, avtobus, gəmi. Həm ucuz başa gəlir, həm yeni insanlar tanıyırsan, həm də əylənirsən. Məsələn, Türkiyəyə 2 saat 40 dəqiqədir - 3 min km. Bu yolu sən avtobusla 2 günə də gedə bilərsən, 6 şəhər, 3 ölkə görərsən, təyyarə ilə də gedə bilərsən, amma az şey görərsən".

Biletləri aldıqdan sonra qalacağınız yeri müxtəlif internet resursları, həm də sosial şəbəkələr vasitələrlə araşdıra bilərsiniz: "Hoteldən-hotelə fərq var. 5 ulduzlu hotel var ki, 1 ulduzlu ondan yaxşıdır. Ən çox bizdə müşahidə edə bilərsiniz bu durumu. Xaricdə hostellər bir az fərqlidir. Qızlı-oğlanlı eyni otaq verənlər var. Qızlar üçün ayrı, oğlanlar üçün ayrı otaqları olanlar da var. Bir də var "Couchsurfing" saytı (couchsurfing.com). Orada sırf səyahət edən insanlar toplanıb. Hansısa ölkəyə gedəndə bir ay əvvəldən yazıram. Reytinq məsələsi var. Şərhlər olur. Gələn qonaq şəraitə görə orada fikrini yazır. Normal hotelin qiyməti 200-300 avrodur. Məsələn, "airbnb.ru" saytı var. Evi günü 30 avroya tutursan. Ən bahalısı 50 avrodur".

Müsahibimiz hesab edir ki, səyahət arzusu olan insan komfortu çox da düşünməməlidir: "Məsələn, avtostopla yola çıxanlar var. Xərcləri az çıxır. Pulu olanlar isə Bodruma gedir. O Bodrumdansa, antik ölkələri gəzsəm, daha yaxşı olar. O hovuzdan burada da var. O yeməyi burada restoranda da yemək olar. Hotel də ki, hoteldir də... Dəniz burada da var. Qumu orada ağdır, bizdə sarı".

Təcrübəli səyahətçi turların təklif etdiyi əyləncələrə pul xərcləyərkən diqqətli olmağı məsləhət görür: "Turlarla məşğul olan adamlar var. Məsələn, Bodrumda 100 dollara "dayvinq" təklif edir. Gedən dostların hər birinə məsləhət görürəm - o turlara inanmayın! Ən azı türk dilini bilirsən. Sahil tərəfə get, görəcəksən ki, bu işlə məşğul olanlar var - 50 lirəyə həll edəcəklər".

Hər hansı ölkəyə getməzdən əvvəl nəqliyyatla bağlı bəzi nüansları da araşdırmaq lazımdır. Məsələn, taksi xidmətləri və qiymətlər. Xarici ölkələrdə kartdan daha çox istifadə olunduğu üçün ödənişləri elə kartla etmək məsləhətdir.

Əgər büdcəniz aşağıdırsa, yaxın ölkələrə təyyarə ilə deyil, qatarla, yaxud avtobusla gedə bilərsiniz. Bakı Beynəlxalq Avtovağzalında bu il 19 marşrut üzrə sərnişin daşınıb: "19 marşrut üzrə 79-80 avtobus xidmət edir. Rusiya, Türkiyə, Gürcüstan, İranın müxtəlif şəhərlərinə səyahət təşkil edilir. Ən çox Moskva və Sankt-Peterburqa tələbat var. Moskva və Kazana biletin qiyməti 100 AZN-dir. Sankt-Peterburqa nisbətən bahadır - 140 AZN. İstanbula və Gürcüstana avtobusla səyahət edənlərin də sayı çoxdur".

Reyslərin sayı tələbatdan asılıdır: "Məsələn, İstanbula gün ərzində 3-4 avtobus hərəkət edə bilər. Bu da təxminən 200 sərnişin edir. İstanbula biletin qiyməti 100 AZN-dir. Batumi reysi də istifadəyə verilib. Biletin qiyməti 40 AZN təşkil edir. 5 yaşına qədər uşaqlara pulsuzdur. 10 yaşına qədər 50 faiz endirim edilir".

Tiflis və Marneuliyə biletin qiyməti nisbətən ucuzdur - 15 AZN. Tehrana getmək üçün 50, Təbrizə isə 30 AZN xərcləmək lazımdır.

Qeyd edək ki, bu qiymətlər müntəzəm sərnişindaşıma üçün nəzərdə tutulub.

Beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına gəlincə, Bakı-Moskva-Bakı sərnişin qatarında vaqonların növünə görə qiymətlər 208-563 AZN, Bakı-Tbilisi-Bakı sərnişin qatarında 25-59 AZN, Bakı-Kiyev-Bakı sərnişin qatarında 208-296 AZN, Bakı-Rostov-Bakı sərnişin qatarında isə 108-315 AZN arasında dəyişir.

Səyahətləriniz bol və yaddaqalan olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.