Cəmiyyət

Məsələ "şortik"də deyil, "vnimatelni" olmamaqdadır

22 İyun 2018 21:40
138 Şərh     Baxış: 7 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər deyir ki, cəmiyyətin bəlli əxlaq normaları, davranış qaydalarını pozanlara qarşı ictimai qınaq olmalıdır, amma normal tərzdə 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Son günlər ölkə gündəmini zəbt edən mövzulardan biri də metroda baş vermiş məlum hadisə ilə bağlıdır. Deməzdim ki, bu, ictimai nəqliyyatda baş verən ilk və sonuncu hadisədir. Çünki nə qədər ki insanlar öz daxilindəki "məni"ni tərbiyə etməyiblər, bu kimi hadisələr davam edəcək. Video sosial şəbəkələrdə paylaşıldığı vaxtdan ona hər aspektdən yanaşılıb, müzakirə edildi. 

Mübahisə edən tərəflərdən hansınasa müəyyən arqumentlərlə haqq qazandıran və ya haqsız sayanlar oldu. Məsələnin mahiyyətinə varan da, varmayan da öz "ziyalı" mövqeyini bildirdi. Amma heç kim sual etmədi ki, ictimai nəqliyyatda kiminsə, xüsusilə də gənc qızın videosunu çəkib yaymaq, onu sosial şəbəkələrdə "məşhurlaşdırmaq" hansı qanuna, qaydaya sığır? Və yenə heç kim soruşmadı ki, oradakı yaşlı xanımın gənc qıza hücum edərək zorakılıq tətbiq etmək istəməsi nə dərəcədə düzgündür? İnsanlardakı bu aqressiyanın, özbaşınalığın səbəbi nədir? 

Uzun müddətdir ki, ictimai nəqliyyatda baş verənləri media olaraq nə qədər yazıb işıqlandırsaq da, bu kimi hadisələrin düzgün olmadığını qeyd edib, müəyyən mənada qınasaq da, təəssüf ki, bir nəticə əldə edə bilmirik. Təxminən hər ay nəqliyyatda gündəmi ələ alan hadisələr baş verir. Kimin kimə gücü çatırsa, ilk əl atdığı vasitə zorakılıqdır. Sərnişinlərin sürücünü döyməsi, bundan əvvəl baş vermiş olayda gənc oğlanın xanım sərnişini başından vurması və ən son hadisədə yaşlı xanımın gənc qızı döymək üçün ona hücum etməsi cəmiyyətdə müəyyən sferalarda boşluqların olduğunu göstərdi. Bəli, ən böyük boşluq hüquqi sahədədir. Əlbəttə, hər kəs qanunları yüksək səviyyədə bilə bilməz. Amma özünü qoruyacaq və inzibati qaydalara riayət edəcək dərəcədə bilsə, kifayət edər. Yəni ən azından, yaşlı xanım hücumuna görə məsuliyyətə cəlb ediləcəyini bilsə, bəlkə də məsələyə qarışmazdı. Bu zaman maraqlı bir sual yaranır. Bəs videonu izləyən aidiyyatı orqanlar məsələ ilə bağlı hansı tədbirləri görməlidirlər? O xanımı tapıb, hansısa bir inzibati cəza tətbiq etməlidirlərmi? Biz bildiyimiz qədər, heç bir tədbir görülməyib. Amma yaxşı olardı ki, məsələ ilə bağlı bir tədbir görülsün və cəmiyyətə bildirilsin. Bəlkə bu zaman insanlar etdikləri hərəkətin məsuliyyətini dərk edərlər. 
Məsələni həm hüquqi, həm də sosial, həm də psixoloji müstəvidə ekspertlərimizlə müzakirə etdik.
 
Şəqrlə Qərb üz-üzə 
 
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ceyhun Cəfərli deyir ki, əslində yaşlı xanımın gənc qıza hücumunda zahirən cinayət əməlinin əlamətləri müşahidə olunsa da, konkret olaraq cinayət sayılmır: "Bu, sadəcə yaşlı xanımın gənc qıza öz iradını bildirməsidir. Çünki videoda konkret olaraq gənc qıza zərbə endirilməsi yoxdur. Düzdür, o xanım cəhd etdi, amma bu, cinayət əməli deyil. Yəni videodakı görüntülərə əsasən hansısa cinayət işi açmaq olmaz. Orada kriminal bir hadisə yoxdur, sadəcə ictimai qınağın bir formasıdır. Bunun səbəbi isə düşüncələrin, mədəniyyətlərin toqquşmasıdır. Ola bilər ki, yaşlı xanım gənc qızın geyimini, oturuşunu bəyənməyib. Bunun da müqabilində öz iradını bildirmək istəyib. Qız da ona irad tutan xanıma sərt şəkildə cavab verdiyindən, iş o səviyyəyə çatıb. Mən ilk dəfə həmin videonu sosial şəbəkədə görəndə bir cümləlik şərhlə fikrimi bildirdim: "Burada Şərqlə Qərb üz-üzə əyləşib"".  
 
Hüquqşünas məsələnin dərinliyinə varsaq, xanımların heç birinin hüquq pozuntusuna yol vermədiyini qeyd edir: "Yəni gənc xanım nə çox açıq-sacıq geyinib, nə də yaşlı xanım ona toxunub. Əgər gənc qız həqiqətən həddən artıq açıq geyimdə olsaydı, ictimai nəqliyyatda xuliqanlıq etsəydi və yaşlı qadın da onu vurmuş olsaydı, bu zaman hüquqi baxımdan nə isə tədbir görülməli idi. Digər bir məsələ isə, həmin videonun çəkilib paylaşılmasıdır. Bu da düzgün deyil. Yəni bu tip videonu yayımlayıb, hadisə iştirakçılarını danışıq obyektinə çevirmək, "məhşurlaşdırmaq" etik deyil". 
 
Müsahibimizdən hansı halda hüquqi tədbir görülə biləcəyini soruşduq: "Əgər yaşlı xanım gənc qızı vursaydı, bu zaman xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi qaldırıla bilərdi. Yaxud gənc qız hadisə anında xanıma qarşı hansısa bir qeyri-etik ifadə işlətsəydi və ya hərəkət etsəydi, ona qarşı da hüquqi baxımdan uyğun olan cəza tədbiri görülərdi".  
 
Cəmiyyətdə kim nə cür istəyir davrana bilməz
 
Sosioloq Lalə Mehralı deyir ki, videodan belə anlaşılır ki, qız fərqli mühitdə, tərzdə yetişdirilib. Sanki bir az ərköyün, bir az da oğlansayağı bir xasiyyətə sahib idi: "Burada aqressiya yaradan qızın geyimi yox, davranışı, jestləri, üzündəki ifadə idi. Yaşlı nəsil bu kimi davranışları götürə bilmir. Həmin qızın oturuşu, danışığı, hərəkətləri yaşlı xanımda aqressiya yaradıb. Amma bunların heç biri həmin xanımın qıza hücum etməsinə bəraət qazandırmır. Xanım özünü ələ almağı bacarıb, iradını sadəcə sözlə bildirməli idi. Hər nə olursa-olsun, kiməsə hücum etmək düzgün hərəkət sayılmır. Mən şəxsən gənc qızın geyiminə qarışa, bu haqda bir fikir deyə bilmirəm. Çünki buna haqqım yoxdur. Amma onun cəmiyyətdəki davranışları, özünü aparmaq qaydalarına irad tuta bilərəm. Cəmiyyətdə kim nə cür istəyir davrana bilməz. Bunun da müəyyən bir əxlaqi normaları, davranış qaydaları var. Və hər kəs də buna əməl etməlidir. Əlbəttə, kimsə kiminsə azadlığını əlindən almır. Sadəcə müəyyən norma və qaydalar var ki, onlara riayət olunmalıdır". 
 
Həmsöhbətimiz yaşlı xanımın qıza hücum etməsinin müxtəlif səbəbləri ola biləcəyini deyir: "Yəni o qədər insan içərisində bir tək onun qalxıb qıza hücum etməsi burada hansısa kənar təsirlərin olduğunu göstərir. Ola bilər ki, həmin an xanım əsəbi olub və ya əvvəlcədən bu kimi məsələlərə qarşı şüuraltı aqressiya formalaşıb. Və bu hadisə də onun üçün kulminasiya nöqtəsi olub. Əslində qəribə bir şey müşahidə etmişəm. Nədənsə, yaşlılarda gənc nəslə, xüsusilə də ictimai nəqliyyatda oturan gənclərə qarşı aqressiya var. Yaşından asılı olmayaraq nəqliyyatda hər kəs rahat getmək istəyir. Həmin pulu gənc də verir, yaşlı da. Özünə qarşı aqressiya hiss edən gənclərlə yaşlılar arasında mübahisə yaranır. Yenə də vurğulamaq istəyirəm ki, hadisəyə səbəb qızın şortik geyinməsi yox, davranışı, danışığı idi. Yəni şəhərdə yüzlərlə qısa şortik, ətək geyinən xanımlarımız var. Hansına bu günə qədər artıq-əskik nə isə deyilib? Geyimə qalsa, onda gərək hər gün şəhərdə dava ola". 
 
İctimai qınaq olmalıdır, amma normal tərzdə 
 
Psixoloq Nərgiz Süleymanlı bildirir ki, cəmiyyətdə bəzi sosial normalar var ki, onlara əməl edilmədikdə, insanların qınağına tuş gəlirik. Misal üçün, ictimai yerdə oturuş şəkli, yaşlılara, uşaqlı qadınlara yer vermək kimi məsələlər bu qəbildəndir: "Keçən günlərdə metroda baş verən bu tərz hadisə ürəksıxıcıdır. Çünki xanımın etdiyi ictimai qınaq kimi görünsə də, yerində və düzgün tərzdə edilmədiyi üçün doğru nəticələr əldə olunmur. Baxış tərzləri burada böyük rol oynayır. Kiməsə doğru olan, başqası üçün yanlışdırsa, təbii ki, bu məqamda fikir ayrılığı qaçılmaz olur. Və insanların doğrunu aqressivliklə, əl qaldıraraq anlatmağa çalışmaları təəssüfləndiricidir. Bu cür reaksiyalar qarşı tərəfdə şüurlu mübarizə yaradır və cəmiyyəti də yanlış yönləndirir. Yəni ola bilər ki, gənc qızın oturuşu, geyim tərzi həmin xanım üçün doğru deyildi. Amma o, bunu zorakılığa əl atmaqla bildirməməliydi. Yəni ictimai qınaq olmalıdır, amma normal tərzdə. Həmin gəncə etdiyinin yanlış olduğunu başqa bir formada da bildirmək olardı. Xanımın o ankı hərəkətini bir çox məsələ ilə əlaqələndirmək olar. Çox güman, onun bu mövzu ilə bağlı heç də yaxşı xatirələri yoxdur. Görünür ki, bu məsələdə həddən artıq həssasdır. Və həmin an özünü saxlaya bilməyib, digərlərindən fərqli olaraq aqressiv reaksiya verib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.