Cəmiyyət

İmtahan həyəcanından qurtulmağın yolları...

2 İyul 2011 11:11
Baxış: 28 177
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ali məktəblərə qəbul imtahanlarına çox az zaman qalıb. Abituriyentləri və onların valideynlərini düşündürən ən mühüm məsələ imtahanöncəsi hazırlıqdır. Söhbət imtahana necə hazırlaşmaqdan yox, imtahan stresindən, həyəcanından qorunmaqdan gedir. Araşdırmalar göstərir ki, psixoloji, fiziki cəhətdən imtahana hazır olan şəxslərin uğur qazanmaq imkanı daha çoxdur. Məhz bunu nəzərə alaraq məzunlara müxtəlif tövsiyyələr verilir, imtahana hazırlıq prosesində yerinə yetirilməsi vacib olan amillər sadalanır.

İmtahana bir neçə gün qalmış bütün televiziya kanalları, qəzetlər mövzularını buna həsr edir, bəzən də ifrata vararaq yanlış məsləhətlər verirlər. Məsələn, imtahandan bir gün əvvəl harada olmalı, nə yeməli, imtahan günü nə geyinməli, yaxud hansı duaları etməli kimi tövsiyələr bəzən abituriyentləri səhv istiqamətlərə yönəldir. Bunlardan ən çox rast gəlinən abituriyentlərə xas hazırlanan reklam xarakterli özəl menyulardır ki, bu da əksər hallarda gənclərin həzm sisteminə mənfi təsir göstərir, mədə - bağırsaq problemi yaradır.

Telefon zəngləri gərginlik yaradır

İmtahana bir gün qalmış yaxın qohum - əqrəbanın abituriyentlərə xoş niyyətli zəngləri təəssüf ki, onlara mənfi təsir göstərir. Belə ki, onlar bu xoş arzuların müqabilində daha çox məsuliyyət hiss edir və təbii ki, daha çox həyəcanlanırlar. Bunun üçün də yaxşı olar ki, bu tip zəngləri valideynlər özləri cavablandırsınlar. Abituriyentlə birgə bütün ailənin imtahana getməsi, hərənin bir məsləhəti onu çətin vəziyyətə salmaqdan başqa heç nəyə yaramır. Əgər imtahan məkanı evinizə yaxındırsa, imkan yaradın, övladınız ora təkbaşına getsin, yaxud onunla yaşca yaxın olan bacısı, qardaşı getsə daha yaxşı olar. Mütəxəssislərin araşdırmasına görə, çöldə onu gözləyən ailəsinin olduğunu bilən abituriyentlə, onu gözləyən heç kimin olmadığını bilən abituriyentin psixoloji durumu, hətta əldə etdiyi nailiyyət arasında belə müəyyən fərq olub. Övladınızın bu gərgin imtahan ərəfəsini asanlıqla keçməsini istəyirsinizsə, daima məktəb rəhbərliyi və müəllimləri ilə əlaqə saxlayın. Övladınızın narahatlıqlarını və çətinliklərini müəllimlərin köməyi ilə birgə daha asan həll edə bilərsiniz. Hörmətli valideynlər, imtahanı həyatın ən vacib məqamına çevirmək övladınızı artıq stres altına salacaq. Unutmayın, hayat imtahan zənciridir. Bu imtahan isə yalnız onun kiçik bir hissəsidir.

Valideynlər sözlərini yüz ölçüb, bir biçməlidir

Valideynlər övladlarına "sənə güvənirəm, səndən əminəm" kimi ifadələr söylədikdə, uşaqlar bunu "səndən gözləyirəm" kimi qəbul edərək özlərini təyziq altında hiss edirlər. Bunun üçün də bu tipli ifadələri az istifadə edin. Çünki bunlar övladınıza özünə inamdan çox, gərginlik gətirə bilər. Övladınızın əməyini qiymətləndirmək istədikdə "Nə qədər zəhmət çəkdiyini görürəm. Unutma heç bir əmək bəhrəsiz qalmaz" sözlərini söyləsəniz o, daha çox ruhlanar. Hər bir uşaq öz valideynləri üçün dünyanın ən ağıllısı və ən gözəlidir. Amma hər bir insanın qabiliyyət və istedadının müəyyən həddi var. Şagirdi bacardığından artığı ilə yükləmək, əlçatmaza hədəfləmək onda gərginlik, güvənsizlik, uğursuzluq, qayğı kimi xüsusiyyətləri formalaşdıracaq. İmtahanboyu şagirdin əhval-ruhiyyəsinin dəyişməz qalması, onun eyni bacarığı göstərə bilməsi qeyri - mümkündür. Həll edə bilmədiyi suallar, unutduğu mövzular, ümidsizliyə qapılmalar təbii ki, onun psixoloji vəziyyətinə təsirsiz ötüşmür.

Hərdən bu cür hallarda bəzi abituriyentlər ümidsizliyə qapılaraq "daha bacarmıram" deyərək imtahanı yarımçıq tərk edirlər. Belə anlarda "nə olursa olsun, mən hər şeyi həll edəcəyəm" demək o qədər də asan iş deyil. Abituriyentlərin psixoloji vəziyyəti həmin an böyük təyziq altında olur. Bütün bu çətinlikləri bir anlıq təsəvvür edin və özünüzü övladınızın yerinə qoyun. Təbii ki, zaman keçdikcə onun çətinlikləri də artır. Bunun üçün də övladınızı başa düşməyə çalışın. "Çox çalışsan hər şey yaxşı olar" sözlərini mümkün qədər az istifadə edin. Çünki bilik və bacarıqlar anadangəlmə olmayıb, sonradan sistemli halda qazanılan bir prosesdir. Bunun üçün də övladınızın təhsilinə ilk gündən ciddi nəzarət edin. Övladınızın imtahan qabağı ehtiyac duyduğu - rahat və sakit bir mühit, sevgi, dəstək, diqqət, qayğı, inam və cəsarətdir.

Unutmayın, ağır stres yalnız imtahandakı performansınızı aşağı salmaqla qalmaz, imtahana hazırlaşmağınıza da təsir edər. İzah edəcəyimiz streslə mübarizə texnikalarını dərhal istifadə etməyə başlayın ki, əsas imtahan zamanı bütün çətinliklərə hazır olasınız.

Özünüzü bəyənin

Məsuliyyətli imtahandan əvvəl hər kəs stres keçirə bilər. Bir az həyəcan həm sizi işə motivasiya edər, həm də imtahana rahatlıqla adaptasiya olmanızı təmin edər. Bilin ki, hətta ən böyük dahilər belə işə başlamazdan əvvəl həyəcan keçirirlər. Özünəinamın və sakitliyin ilk və ən əsas şərti həqiqətən yaxşı, hətta gərəyindən çox hazırlaşmaqdır. O qədər yaxşı hazırlaşın ki, artıq cavablarınız avtomatikləşsin.

Təvazökarlığın zamanı deyil, bir az özünü bəyənmişlik sizə yaxşı gələcəkdir. Aynanın qabağına kəsin və "bu imtahandan gözübağlı keçəcəm, birinci olacam" kimi sözlər söyləyin. Hətta yaxşı olarki, səsinizi yazıb hər gün mütəmadi dinləyəsiz. Əgər bu sözləri kifayət qədər çox eşitsəniz, buna inanarsınız.

Biri yanınızda "İmtahan çok çətindir, məhv olduq. Nə edəcəyik?" tipli söhbətlər açmağa çalışanda, ona yuxarıda yazdıqlarımızı söyləyin. Utanmayın, haqqınızda nə düşünürlərsə düşünsünlər, əgər bu mənfi mesajlar daxili səsinizdən qaynaqlanırsa, özünüzü dinləməyin. Səsyazmanızı gündə iki, hətta üç dəfə dinləyin.
   
Menyunu necə seçməli?
 
Mütəxəssislərin fikrincə abituriyentlərin imtahan zamanı uğur qazanmasına təsir edən əsas amillərdən biri onların fiziki sağlamlığıdır. Şagirdlər stressiz və rahat şəkildə imtahana girmək üçün, xüsusilə imtahan ərəfəsində qidalanma rasiyonlarına fikir verməlidirlər.

Axşam yeməyi

Gənclər imtahana bir gün qalmış ehtiyatı əldən verməmək üçün mütləq evdə qidalanmalıdırlar. Əks halda zəhərlənmə təhlükəsi ilə üzləşə bilərlər. Gecə yatmazdan 2 saat əvvəl kofeinli qidalar, kola, çay və mayeni həddindən artıq qəbul etməməlidirlər. Çünki artıq maye insanı gecə ərzində narahat edər, bu da yuxu pozğunluğu ilə nəticələnə bilər.

Şirniyyat məhsullarından şokolad və tort əvəzinə, evdə bişirilən südlü şirniyyatları qəbul etmək daha faydalı olar. Onu da qeyd edək ki, imtahandan bir gün əvvəl paxlalı bitkilərlə, qızardılmış kartofla və çipslərlə qidalanmaq məsləhət deyil. Çünki bu kimi qidaların həzmi uzun çəkərək insana narahatlıq verir.

Səhər yeməyi

İmtahan günü səhər yeməyi imtahandan 2 - 3 saat əvvəl evdə qəbul olunmalıdır. Bu zaman əsla hazır meyvə şirəsi, şokolad və şirin çörək yeyilməməlidir. Çünki bu tip qidalar qanda şəkərin miqdarının sürətlə artmasına səbəb olur ki, bu da halsızlıq, yuxusuzluluq, diqqətin yayılması kimi hallarla nəticələnir.

Yalnız meyvə, cem, yaxud bal yemək də faydalı olmaz. Çünki bunlar da imtahan əsnasında hədsiz susamaya səbəb ola bilər.

Üzüm bəhməzi, pendir, az yağlı süd, yaxud su və yumurtadan ibarət səhər yeməyi daha faydalı və tövsiyə olunandır.

Bunlar tövsiyələrin yalnız bir hissəsidir. Özünəinam və bütün çətinliklərin öhdəsindən gələcəyinə əminlik uğurların başında dayanır. Unutmayın ki, əsil imtahan həyat imtahanıdır.

"Olaylar"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.