Cəmiyyət

Nələrdən dərs verir Ühüd?!

23 İyul 2016 21:45
1 Şərh     Baxış: 2 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Yaşadığımız Şəvval ayının ən əlamətdar tarixləri ilk müsəlmanların öz əqidələrini müdafiə etmək üçün apardığı mübarizə ilə də bağlıdır. Belə ki, İslamın gətirdiyi bərabərlik, ədalət, insanlara məhəbbət, hüquqların müqəddəsliyi kimi ideallara qarşı birləşən, İslamı beşikdəcə boğmaq üçün səfərbər olan müşrik əyanları, ardıcıl olaraq müsəlmanlara qarşı hərbi yürüşlər təşkil edirdilər. Bunların tarixini öyrənmək, təhlil etmək, bu müdafiənin dərslərini tədqiq etmək - Həzrət Peyğəmbərimizin (s) gətirdiyi mübarək təlimi daha da gözəl anlamağa yardım edir.
 
Nə üçün Ühüd bu qədər önəmli?

Bu müharibələr sırasında ən əlamətdarlarından biri - Ühüd döyüşüdür. Gənc İslam camiəsi məhz bu döyüşdə böyük imtahanlara məruz qalmış, Həzrət Peyğəmbərimizin (s) "Seyidüş-şühəda" ("Şəhidlər ağası") adlandırdığı Həzrət Həmzə və digər qəhrəmanlar məhz bu döyüşdə öz həyatlarını İlahi ideallar uğrunda qurban vermişlər. Hətta Allahın Rəsulu (s) da bu döyüşdə yaralanmışdır. Bu döyüşün ibrətləri o dərəcədə böyükdür ki, Müqəddəs Quranımızda bu dərsləri unutmamaq barədə müraciətlər edilir.
Qurani-Kərimin "Ali-İmran" surəsinin 121-ci ayəsində Peyğəmbərimizə (s) müraciətlə bildirilir: "Və (yada sal) o zamanı ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə eşidən və biləndir".
Təfsirçilərin açıqlanmasında bildirilir ki, burada müşriklərin hücumuna qarşı hazırlıq görən müsəlmanların yerləşməsini və tənzimlənməsini Peyğəmbərimiz (s) tərəfindən idarə edilməsindən söhbət gedir.
Nə üçün bu qədər diqqət? Nə üçün bütün zaman və məkanlarda yaşayan müsəlmanlar üçün burada böyük örnəklər var?
Əslində Ühüd döyüşü bir çox müstəvilərdə örnək verir: burada sonsuz qəhrəmanlıq, yenilməzlik və şücaət, bəzilərinin xəyanəti ilə yanaşıdır; bir qisim insanın Allaha ixlaslı bəndəçiliyi digər qismin qorxaqlıq və inamsızlığı ilə yanaşıdır; bir qismin sistemli və şüurlu durumu digərlərin kortəbii və reflektor davranışı ilə yanaşıdır. Bunların hamısını təhlil etmək, tarixi məqamlardan çox, imanın dərinliklərinə çatmağın yollarını qavramağa yardım edir.
 
Nələrdən dərs verir Ühüd?!

Ühüd döyüşü - uğurdan sonra başgicəlləndirici duruma düşməməyi öyrədir, qələbədən sonra ayıqlığa çağırır, çətinliklərə sinə gərməyi, üzülməməyi, ruhdan düşməməyi, ən başlıcası - məğlubiyyətdən sonra ayağa qalxmağı öyrədir. Ühüd - qat-qat güclü düşmənə baş əyməməyin, yıxılandan sonra durmağın əvəzolunmaz dərsləridir. Ühüd öyrədir ki, məğlubiyyət insanın cisminə hakim kəsilib, onu süstləşdirməməlidir. Məğlubiyyətin mütləqiyyətini qəlbdən çıxarıb, iradəni uğura tuşlamağın yolunu öyrədir Ühüd.
Bu döyüşü kifayət qədər yaxşı anlamaq üçün, bir qədər əvvələ qayıtmaq gərəkdir. Peyğəmbərimizin (s) Məkkədən Mədinəyə hicrəti dövrünü xatırlayaq. Məkkədə qalmaq müsəlmanlar üçün artıq həyati təhlükəyə çevrilmişdi. Onlara qarşı hər müstəvidə - iqtisadi, psixoloji, fiziki baxımdan təzyiqlər edilir, onları hətta öldürürdülər. Bütün bu ağlasığmaz təqiblərə baxmayaraq, müsəlmanların sayı gündən-günə artırdı.
Müsəlmanların artması, yüzillər boyu insanları çatıb-talamağa, özgələrinin hesabına varidat toplayıb, eyş-işrət məclislərinə israf etməyə öyrəşmiş, açıq quldurluqdan belə çəkinməyən Məkkə əyanlarını ciddi təşvişə salmışdır. Onlar bir çox vasitələrə - ələ almağa, qorxutmağa, blokadaya almağa və s. - əl atdıqdan sonra, artıq birləşərək, Həzrət Peyğəmbər (s) başda olmaqla müsəlmanları fiziki məhv etməyə qərar verirlər. Belə olan halda, Allahın Elçisi (s) müsəlmanların Mədinəyə hicrət etməsini buyurur. Mədinəyə köçən müsəlmanları "mühacirlər", Mədinədə yaşayan, Peyğəmbərimizi (s) dəvət edən müsəlmanları isə "ənsar" adlandırmışlar.
Mədinəyə köçən müsəlmanlar burada ilk İslam Konstitusiyasını - "Mədinə müqaviləsi" adlanan birgəyaşayış müqaviləsini tərtib edirlər, müxtəlif dinlərin və etnik qrupların dinc yanaşı yaşamaq konsepsiyasını hazırlayırlar. İslam camiəsi günü-gündən güclənir, ətraf məntəqələrdə yaşayan, əyanların özbaşınalıqlarından, qanunsuzluq və ədalətsizlikdən cana doymuş insanlar dəstə-dəstə Allah dininə pənah gətirirdilər. Bu durum, Məkkə əyanlarını son dərəcə narahat etmişdir. Onlar güclü qoşun toplayaraq, Mədinəyə yürüş etmək, müsəlmanların axırına çıxmaq qərarına gəlirlər.
 
Bədr - keyfiyyətin kəmiyyət üzərində təntənəsi

Peyğəmbərimizin (s) şəxsən iştirak etdiyi müharibələri tarixçilər "qəzvə" adlandırırlar. İslam tarixində ilk belə böyük qəzvə "Bədr qəzvəsi" adlanır. Min nəfərə yaxın yaxşı silahlanmış, süvari birləşmələrindən ibarət müşrik ordusunun qarşısına cəmi 313 nəfər zəif silahlanmış müsəlman çıxmışdır. Lakin, iman, keyfiyyət, nəzm, yüksək ruhiyyə hesabına müsəlmanlar müşrikləri məğlubiyyətə uğradırlar. Çoxlu tələfat vermiş, 70 nəfəri əsir düşmüş müşriklər geri qaçmağa məcbur olurlar.
Bədrdə məğlubiyyət müşrikləri ciddi böhrana salmışdır. Bütün əyan evlərində güclü sarsıntı hökm sürürdü. Bu ərəfədə lənətlik Əbu Sufyan (Yezid lənətliyin babası, Müaviyənin (lən) atası - bu lənətliklər nəsillikcə İslama qarşı bacardıqları düşmənçilikləri etmişdilər) müşriklərin arasında geniş iş aparmağa başlayır. İntiqam ruhiyyəsini aşılamağa başlayır. Gecə-gündüz müşriklərə müsəlmanların qanına qəltan edilməsi hesabına məğlubiyyətin acısını unutdurmaq fikri yeridilir.
Mədinəyə qarşı yürüşə ciddi hazırlıq aparılır. İlk növbədə, bu hazırlıq psixoloji zəmində aparılır. Evdə, küçədə, meydanda - hər bir yerdə ancaq intiqamdan, qisasdan söhbət gedir. Müşriklər arasında qisas ruhiyyəsini gücləndirmək üçün ağlasığmaz işlər görülür. Təbii ki, bu işin önündə lənətlik Əbu Sufyan gedir.
 
Ühüd döyüşü - məşvərətin canlı təzahürüdür

Beləcə bir neçə ay keçir. Hicrətin 3-cü ilinin Şəvval ayında, müşriklərin intiqam almaq, müsəlmanları qanlarına qəltan edərək, birdəfəlik bu "problemi" aradan aparmaq istəyi kulminasiyaya çatır. Müsəlmanların qanına susamış müşriklər o zamanın Ərəbistanı üçün görünməmiş bir hərbi qüvvə ilə - 3000 atlı, 2000 piyada, tam silahla təchiz olunmuş vəziyyətdə Mədinəyə tərəf hərəkətə başladılar. Müşriklər bütləri də özləri ilə götürürlər, hətta qadınları da özləri ilə götürürlər. Ö zamanın hərbi ənənələrinə görə bu, "ölüm-dirim" döyüşünün siqnalı idi.
Peyğəmbərimizin (s) əmisi Abbas ibn Əbdülmüttəlib məktub vasitəsilə müsəlmanları müşriklərin yürüşündən xəbərdar edir. Bu andan Peyğəmbərimizin (s) məsələyə yanaşma metodikası ilə tanış olmaq son dərəcə böyük əhəmiyyət kəsb edir.
İlk öncə Rəsulullah (s) alınan məlumatı yoxlayır. Xüsusi heyət yola düşür və böyük səylə tapşırığı yerinə yetirir. Müəyyən edilir ki, Məkkə ilə Mədinə arasında yolda böyük sayda silahlı dəstə hərəkət edir.
Bundan sonra Peyğəmbərimizin (s) atacığı addım, müsəlmanlar arasında məşvərət ənənəsinin canlı təzahürüdür. Mədinədə olan inanclı insanların nümayəndələri məşvərətə toplanır. Bu zaman Peyğəmbərimiz (s) məsləhət üçün bir məsələni çıxarır: müşriklərin hücumuna qarşı müvafiq müdafiəni təşkil etmək. Burada mütləq bir haşiyə çıxmaq gərəkdir ki, məşvərət ənənəsinin mahiyyəti, müəyyən məqamlarda insanların birgə məsləhətləşib qərar çıxarması məqsədi güdməkdən ibarətdir. Lakin, İlahi hökmlər məsələsində, vacib əməllərin, halal-haramların müəyyən edilməsində Peyğəmbərimiz (s) heç zaman məşvərət keçirməzdi - bunlar Allah Təala tərəfindən müəyyən edildiyindən, heç bir məşvərətə ehtiyac yox idi. Belə anlanılır ki, məşvərət yalnız seçim nəzərdə tutan məsələlərə aiddir. Yəni o işlərdə ki, İlahi buyuruq var, amma bu işin icrası üçün bir neçə yol var - məşvərət mövzusu ola bilir. Bu ənənənin çox böyük əhəmiyyəti vardır: məsləhətləşmək, düzgün qərar qəbul etməkdən tutmuş, vəhdətə, məsuliyyətin bölünməsinə qədər çox önəmli cəhətlər topluma aşılanır.
 
Müharibənin gedişatı

Məşvərətdə 2 əsas nəzər formalaşır: 1) Mədinədə qalmaq və burada müdafiəni təşkil etmək; bu nəzərin tərəfdarları israr edirdilər ki, şəhər müdafiə üçün çox uyğundur və müdafiə üçün zəruri imkanlara malikdir. Eyni zamanda onlar israr edirdilər ki, şəhəri tərk etmək və açıq yerdə böyük sayda qoşunun qarşısına çıxmaq böyük təhlükə vəd edir.
2) Digər nəzərin tərəfdarları israr edirdi ki, Mədinədən kənara çıxmaq, düşmənin üzərinə getmək və onunla açıq yerdə qarşılaşmaq daha düzgündür. Bu ikinci nəzərin ərsəyə gəlməsində Bədr ab-havasının böyük rolu var idi.
Nəticədə 2-ci rəyin tərəfdarları böyük əksəriyyət təşkil edir və məhz bu rəyə üstünlük verilir. Hərçənd ki, Peyğəmbərimiz (s) birinci rəyə daha çox üstünlük verirdi, amma ümumun rəyinə hörmət əlaməti olaraq, öz fikrində israr etmədi.
Döyüşə hazırlıq başlanır və müsəlmanlar cəmi 1000 nəfərlə böyük sayda müşriklərin qarşısına çıxırlar. Peyğəmbərimiz (s) 3 bayraq tədarük edir: bunlardan biri mühacirlərə, ikisi ənsara verilir. Yolda 1000 nəfərdən 300 nəfəri geri qayıdır. Bunlar zəif əqidəli insanlar idilər ki, bir nəfər münafiqin fitnəsi ilə yoldan çıxdılar.
Rəsulullah (s) müdafiənin qurulmasına şəxsən rəhbərlik edir və ilk öncə Abdullah ibn Cübeyr adlı səhabəsini 50 nəfər mahir oxçu ilə birlikdə xüsusi tapşırıqla qoşunun arxasındakı təpənin üzərinə göndərir. Ona tapşırılır ki, müsəlman qoşununun arxa tərəfdən təhlükəsizliyini təmin etməlidirlər və o dərəcədə ciddi surətdə tapşırılır ki, hətta İslam qoşunu müşrikləri Məkkəyədək də qovacağı təqdirdə belə, bu oxçu dəstəsi yerindən tərpənməməli idi. Əgər düşmən müsəlman qoşununu Mədinəyədək qovsa da, oxçular yenə də yerindən tərpənməməli idi. Yəni, ən mühüm mövqeni həvalə etdikləri bu dəstəyə birmənalı olaraq tapşırılır ki, heç bir halda yerlərindən tərpənməsinlər. Və Abdullahın başçılığı ilə 50 nəfər oxçu həmin mühüm mövqeni tutur.
Döyüşün əvvəli müsəlmanların böyük üstünlüyü ilə gedir. Həzrət Əlinin (ə) müşriklərin 10 nəfər ən güclü döyüşçüsünü təkbətək döyüşdə məğlub etməsi, müşrik ordusunun dərin sarsıntısına səbəb olur. Nəhayət, düşmən ordusu silah-sursatı, var-dövlətini atıb, qaçmağa üz tutur.
 
Ühüdün mühüm dərsləri

Bundan sonra bəzilərinin ciddi səhvləri başlayır. Vaxtından tez qələbə əhvalı insanları bürüyür, bu arada bəzilərində qənimət əldə etmək həvəsi oyanır. Beləliklə, bir qisim döyüşçülər qənimət toplamaq niyyətilə cəng meydanına üz tuturlar. Ən faciəlisi odur ki, ən mühüm mövqedə duran oxçuların 10 nəfərindən savayı, hamısı mövqelərini tərk edir.
Düşmənin göndərdiyi nümayəndələr bu səhnəni müşahidə edir, vəziyyətdən xəbərdar olan müşrik qoşunu geri qayıdır, arxadan hücum edərək, 10 nəfər qalan oxçunu şəhid edirlər. Sonra müsəlman qoşunu mühasirəyə alınır və döyüş başlanır. Müsəlman qoşunu çoxlu şəhid verir, o cümlədən, Həzrət Peyğəmbərin (s) sonradan "Seyidüş-şühəda" adlandırdığı Həzrət Həmzə şəhid edilir. İş o yerə çatır ki, müşriklərin Peyğəmbərin (s) şəhid olması barəsində yaydığı şayiənin nəticəsində bir qisim insan hətta fərarilik edir.
Yalnız Həzrət Əli (ə) başda olmaqla, azsaylı müsəlmanların misilsiz qəhrəmanlığı sayəsində, düşmən çəkilib gedir.
Ühüd qəzvəsinin nəticələrini təhlil etdikdə, burada 2 əsas məqam diqqəti cəlb edir: əvvəla, burada böyük itki baş verir - həm canlı qüvvə baxımından, həm də mənəvi sarsıntı baxımından; ikincisi, bu döyüş ümumilikdə İslam ümməti üçün böyük ibrət olur.
İslami mənbələrdə Ühüd məğlubiyyətinin bir neçə əsas səbəbi göstərilir:
1) səhv yanaşma - bəziləri düşünürdülər ki, qələbə üçün yalnız imanın olması kafidir və qələbənin mühüm şərtlərini unutmuşdular;
2) əmrə tabe olmamaq, sistemliliyi pozmaq. Buraya, ilk növbədə, oxçuların əməli aiddir;
3) dünyapərəstlik meyilləri, qənimət həvəsi;
4) Bədr qələbəsindən başgicəllənmə, öncəki nailiyyətlərdən ifrat arxayınçılıq əhval-ruhiyyəsi.
Ühüddə mühüm məsələlərdən biri də müsəlmanların 3 qrupunun təzahür edilməsi oldu: birinci qrupa fədakar insanlar aiddir ki, onlar sonadək vuruşdu, bəziləri şəhid oldu, bir qismi isə yaralandı. İkinci qrupa qəlblərində şəkk-şübhə olan, vəsvəsəli insanlar aiddir ki, imanlarının zəifliyindən sonadək dözməyərək, fərarilik etdilər. Üçüncü qrupa üzdə müsəlmanlar, mahiyyətcə münafiqlər aiddir - bunlar əsasən döyüşün əvvəlində ayrılıb gedən 300 nəfər idi.
Allah Təala bütün iman əhlini bu dərsləri anlayıb, ibrət götürənlərdən qərar versin, inşəallah!
Allahım, bizə həqiqi bəndəçiliyin feyzindən bəhrələnmək tofiqatını əta et!
Allahım, cəmi insanların haqq yola hidayət olması üçün inayətini nazil et!
Allahım, Həzrət Peyğəmbərin (s) və Əhli-Beytin (ə) mübarək yolunun davamçısı olmaq şərəfini bizlərə və bütün ümmətə nəsib et!
Allahım, işğal olunmuş torpaqların azad olunmasını tezləşdir!
Allahım, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!
 
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.