Cəmiyyət

Bu günün bayram süfrəsi - FOTO

20 Mart 2011 07:00
Baxış: 11 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Novruzun gəlişi baharın gəlişi deməkdir. Təbiətin oyanması, hər yerin yaşıllaşması, ağacların tumurcuqlaması, təbiətin öz yaşıl libasını geyinməsi kimi bədii-poetik ifadələrlə vəsf edirik bu təmtəraqı.

Bahar Bayramıdır. Hər kəs bu bayrama hazırlaşır, evlərdə abadlıq, təmizlik işləri aparılır, hər yer təmizlənir, bayram alış-verişi edilir, Novruz şirniyyatları sayılan şəkərbura, paxlava, qoğal bişirilir. Ayın 20-si bayram axşamıdır. Bu gün bayram süfrəsi açılır. Hər evdə bayram süfrəsi, bayram xonçası müxtəlif olur. Əlbəttə k,i bu biraz da madiyyatdan asılıdır. Ama adət-ənənəyə görə, həmi gün süfrədə səməninin olması mütləqdir.



Çünki o bolluq, ruzilik simvoludur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir.
Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta, paxlava, şəkərbura, qoğal və bayram çərəzləri qoyulur. Xonçanın içindəkilərin üzərinə buğdadan hazırlanmış qovurğa səpilər.

Milli.Az xəbər portalı bildirir ki, xonçada yer alan hər təamın öz mənası var:

Qoğal - Günəşin rəmzi
Şəkərbura - 15 günlük Ayın rəmzi
Paxlava - ulduzların,  bəzi mənbələrə görə isə qadın rəmzi.

Süfrəyə müxtəlif cür salatlar qoyulmalıdır. Amma "şuba", "mimoza" kimi salatlar məsləhət deyil. Çünki onlar qışın, soyuq havanın təamıdır. Bu gün bahar bayramı olduğu üçün daha çox yüngül, çobansalatı, yerkökü, çuğundur və daha çox otla bağlı salatlar olmalıdır. Bundan əlavə süfrədə Azərbaycanın milli yeməyi plovun olması mütləqdir. Plov tək ölkəmizdə deyil, İranda, Özbəkistanda, Türkmənistanda və bir çox Şərq ölkələrinidə milli xörək növüdür. Deyilənə görə isə Azərbaycanda plovun 200 növü var. Daha çox bişirilən plov növləri çığırtma plov, səbzi-qovurma plov, döşəmə plov , şüyüd plovdur.

"Azcookbook" ilə birlikdə toyuqlu parça-döşəmsə plovun reseptini təqdim edirik.

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd
½ stəkan quru ərik 1 stəkan quru gavalı (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup quru İran xurması (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş 1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan - nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş duz istiot

1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.

2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.

3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.

4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan - non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.

5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.

6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağı tökün.

7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.

8. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.

9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.

Süfrədə sulu yemək kimi dovğa da olsa pis olmaz. Dovğa bizim milli yeməklərimizdən ən dadlısı sayılır.















Süfərnizdə dəniz məhsullarından "balıq ləvəngisi" də ola bilər.  
Bildiyiniz kimi, Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.

Ləvəngi balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.



Balıq ləvəngisinin hazırlanması:

1 ədəd iri kütüm
1 ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot
1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.
2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.
3. Sobanı 180˚C-dək qızdırın.
4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.

Süfrənizdə bütün bu dadlı təamların yanında Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolmasına da yer verə bilərsiniz. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və görünüşü var. İçindəki bol bol göyərti dolmaya gözəl ətir qatır.

Yarpaq dolması Türkiyə, İran, Yunanıstan, Livan və bir sıra başqa ölkələrin mətbəxlərində də mövcuddur. Bu ölkələrdə yarpaq dolması adətən uzunsov şəkildə bükülür. Azərbaycan dolması isə kiçik və yumru şəkildə olur. Yarpaq dolmasını həm təzə yarpaqdan, həm də duza qoyulmuş yarpaqdan hazırlamaq olar. Təzə yarpaqdan bişirilən yarpaq dolmasının  dadına doymaq olmur - o qədər ləzzətli olur ki.







Ərzaqlar

450g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 orta baş xırda doğranmış soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı ərinmiş kərə yağı
½ stəkan su

1. Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər  yoğurun.

2. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə:  Qazanda su qaynadın.
Yarpaqları hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Saplarını kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə:  Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzün.Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.

3. Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.

4. Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün. Əgər təzə yarpaqdan istifadə etmişsinizsə, layların arasına azacıq duz əlavə edin.

5. Dolmaların üstünə yağı və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar.

Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.

6. Dolmanı süfrəyə sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.

Bundan əlavə süfrənin başında farscadan həftsin - 7 S hərfi sayılan göyərti, səməni, püstə, iydə, sarımsaq, sirkə və akvarümün içində qızıl balıq olması da ənənədən sayılır.

Bu yeməklərlə bərabər şərbət də hazırlaya bilərsiniz.

Ərzaqlar

Limon, şəkər, zəfəran, su, reyhan və keşniş toxumu, və buz.
Zirə şərbəti:
Şəkər, zirə, hil, su, buz.

Süfrəniz bu dadlı təamların sayəsində çox zəngin görünəcək və sizin ağzınız da dada gələcəkdir. Hazırladığınız Novruz şirniyyatlarını isə şəkərbura, paxlava və qoğalı isə bu dadlı yeməklərin üstündən nuş edə bilərsiniz.

Bayramınız mübarək!

Günay
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.