Cəmiyyət

Kamil Zeynallı: "Mən Gülayı əvvəldən tanıyırdım..." - MÜSAHİBƏ - FOTO

27 Yanvar 2016 09:26
12 Şərh     Baxış: 48 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mənə ilk olaraq insanlıq önəmlidir, pul sonrakı düşüncəmdir".

Milli.Az oxu.az-a istinadən "Oyundan kənar" rubrikasının növbəti qonağı məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir.

- Kamil Zeynallı, başlayaq lap əvvəldən. Harada doğulub, təhsil alıb böyümüsən?

- Mən Göyçay rayonundanam, uşaqlığım anamla bir yerdə orada keçib. Nə qardaşım, nə bacım var, anam atamdan illər öncə ayrılıb. Məktəbi 4-cü sinfə kimi Göyçayda 2 saylı məktəbdə oxumuşam.

Məktəb vaxtı çox pis uşaq olmuşam, amma oxumuşam, riyaziyyat fənnini sevirdim. İdmanla da həmin ərəfələrdə məşğul olurdum.

- Bölgədə böyüyən uşaq üçün Bakıya gəlmək, burada şərait qurmaq çətin olmadı ki?

- Anamla bir yerdə ikimiz köçdük Bakıya. Fərqi yoxdur, haradan harasa gedirsənsə çətinlik mütləq olur. Bakıda 47 saylı məktəbdə təhsilimi davam etdirdim.

Utanıram deməyə (gülür). Məktəbdə o müəllim qalmamışdı ki, mən onunla zarafat etməyim, bezmişdilər əlimdən. Göyçayda olanda isə məktəbə peyin gətirmişdim (gülür). Özüm də bilmirəm ki, haradan gəlirdi belə şeylər ağlıma (gülür).

Sinif yoldaşlarımı çox istəyirdim, onlardan ayrıla bilmirdim, neçə dəfə uzaqlaşdırma almışam (gülür). İki il də sinifdə qalmışam (gülür). O qədər dedim ki, sinif yoldaşlarıma, sizdən ayrıla bilmirəm, mən qaldım sinifdə, onlar isə bitirdilər (gülür).

Sonra fikirləşdim ki, işləmək istəyirəm, uyğun olsun deyə ən yaxşısı axşam məktəbinə keçim.

193 saylı məktəbin nəzdində axşam məktəbi var idi. Bir müddət orada oldum.

Bakıya köçdükdən sonra anam bərbər salonunda yeni işə başlayanlara dərs deyirdi. Mən də həm oxuyurdum, həm idman edirdim. Amma fikirləşirdim ki, haradasa çalışım. Həm də əsgərlik yaşım idi, çünki iki il də sinifdə qalmışdım axı, yaşım çatırdı, əsgərliyə getməliydim. Amma tək uşaq olduğuma görə aparmırdılar, çünki tək anamla mən idim. Amma buna baxmayaraq mən getdim əsgərliyə, Füzuli bölgəsinə düşmüşdüm, anama isə Naxçıvana düşmüşəm demişdim.

Deməli, anam mənə nəsə yollayanda orada Naxçıvanda dostum var idi, deyirdim sən götür və belə-belə bir müddət inandı ki, mən Naxçıvandayam, amma sonra bildi ki, Füzulidə cəbhə bölgəsindəyəm, hər gün ağlayırdı, xəstələnirdi, gündən-günə pis olurdu. Mənim də icazəm vardı qol çəkib gəlməyə, çünki evin tək uşağı idim, həm də anam da tək idi deyə güzəşt olunurdu. Belə oldu ki, bir müddət qaldım, sonra gördüm ki, anam yaxşı deyil, qol çəkib qayıtdım.

Gələndən sonra başladım işə, elə işdə çalışmaq istəyirdim ki, idman da edim, amma alınmırdı. Sonra bir restoranda ofisiant kimi işə başladım.

İdman deyəndə ilk olaraq futboldan başlamışam, çox yaxşı futbol oynayıram, sonra karate, cüdoyla özüm üçün məşğul olmuşam, amma artıq 10-12 ildir ki, fitnesdəyəm.

- Kiməsə görə gözləmədiyin problem yaşamısan?

- Deməli, bir dostum var idi, mənə dedi ki, nişanlısına nəsə söz deyiblər universitetdə, gedək mənimlə bir yerdə. Bir yerdə getdik universitetə, əslində söhbət etməyə getmişdik, yəni dava-filan düşünməmişdik, elə oldu ki, nəinki dava, aləm qarışdı bir-birinə. Onlar çox idi, haradasa otuz nəfər olardılar, biz isə iki nəfər idik. Sözümüz çəpləşdi, başladıq-nə başladıq davaya, onların hansındasa bıçaq vardı, mən özüm də bilmirəm necə oldu, bir-iki nəfərə xəsarət yetirdim.

Özüm də bilmirdim nə baş verir, özümə gəldim, sonra birbaşa getdim polis bölməsinə, olanları danışdım hamısını, səkkiz ay həbs cəzası verildi mənə, amma sonra iki il altı ay verildi.

Nəzərə alındı ki, onlar çox olub, biz isə iki nəfər. Həm də böyük xəsarət olmamışdı, şükür, sadəcə şərti işlə mən səkkiz ay həbsdə qaldım. Sonra tək övlad olduğuma görə, ölüm olmadığına görə şikayətçi olmadılar deyə azadlığa çıxdım.

- Bax, həbsxana elə bir yerdir ki, orada ya bitirsən, ya da nəyinsə başlanğıcını qoyursan. Sən necə?

- Bilirsən, mən olan kamerada elə insanlar var idi ki, hamısı məndən böyük idi, çox məsləhət verdilər mənə, gənc idim, həyatım hələ qarşıda idi. Onsuz kiməsə qarşı nəsə pislik düşünmək mənlik deyil, həyatda məqsədim var idi və həyatıma yenidən düzəliş verəcəkdim. Amma kamerada özüm üçün şərait qurmuşdum, idmanımı edirdim.

Bir müddətdən sonra bütün bunlar artıq geridə qaldı. İdmanla məşğul olmağa davam elədim, məşqçi kimi başladım çalışmağa.

- Hər çətinliyin arxasında bir işıq olur, bir əl uzanır. Sənə o əl uzandımı?

- Bəli, bütün bu çətinliklərdən sonra iki dostum var idi, ikisinin də adı Elmandır. Onlar məni Olimpik stara gətirdilər və başladım məşqçi kimi çalışmağa, 7 il orada məşqçi işlədim. Artıq işim-gücüm yaxşı idi, istədiyim məqsədə çatmağıma var idi, amma çalışırdım.

İnsanlara idman daha maraqlı gəlməyə başladı, hamı fitneslə maraqlanırdı. Hər kəs bilir ki, mən orada olanda bütün zal dolu olurdu, hər kəsi idmana bağlı olmağı aşıladım.

O zamanlar xanımlar idmana yenicə meyl göstərirdilər, yəni bir o qədər məşhur deyildi, yavaş-yavaş məşhurlaşdı, xanımların marağı artdı və həqiqətən də xanımlar süni yolla yox, məhz idmanla çəki verməyə başladılar.

O vaxtı "Bizdən-sizə" adlı veriliş gedirdi, Samir Bayramlı onda bizi tez-tez çəkirdi, elə o vaxtdan insanlar bizim zalı tanımağa başladılar.

Daha sonra idmana artıq şou-biznesi cəlb etməyə başladıq, artıq sənətçilər, reperlər, müğənnilər, aktyor və aktrisaların idmana maraqları artmışdı. Biz əslində yaxşı iş görürdük, onları əməliyyatdan çəkindirib, sırf idmanla arıqlamağın yollarını başa salırdıq.

- Evlilik qərarı verərkən insan düşünür və qərar verir, amma bilmir ki, necə olacaq. Kamil, sən necə oldu qərar verdin? Gülayı öncədən tanıyırdın, yoxsa birdən-birə oldu?

- Evlilik müqəddəsdir. Mən Gülayı əvvəldən tanıyırdım, biz hər ikimiz göyçaylıyıq, qohumlarımızın bir-birinə gediş-gəlişi olub. 2009-cu ildən yavaş-yavaş düşünürdük ki, artıq rəsmiləşdirək, elə alındı ki, 2010-cu ildə rəsmiləşdirdik.

Beləcə ailəm, işim - hər şey qaydasında idi.

Və sonra "Astoriya"da məşqçi kimi çalışmağa başladım, həmin vaxt mən 3000 maaş alırdım, hələ heç bir məşqçi belə işləməyib. Heç kəs uşaq deyil, baxıb görürdülər ki, həqiqətən nəticə var və tələbat çoxalırdı.

- Çox şey danışdılar, çox şey eşitdin bəlkə də. Reaksiyan necə olurdu?

- Bir şeyi qeyd edim, hamı deyə bilər ki, mən yaxşıyam və s. Həqiqətən təzə başlayanda da eşitdim ki, mən guya yoldaşıma görə tanınırdım. Ay insan, insanlar, sözü danışanlar, mən də, Gülay da o vaxtı bu qədər tanınmırdıq, biz evlənəndən sonra hamının marağına səbəb olduq. Gülayın sənəti var, muğam ifa edən sənətçilərin özünün bir ağırlığı olur.

Gülay həyat yoldaşımdır, onun işinə hörmət edirəm, bir də ki bir-birimizə görə tanınmaq ayıbdır məgər? Biz evliyik, qoy bizi bir-birimizə görə tanısınlar. İndi qadınlar bir kənara çəkilib, kişilər paxıllıq etməkdə birinci yeri tuturlar.

Gülayın öz qazancı özünündür. Mən qazanıram, ailəmə də, anama da bəs edir, şükür.

Mən həmişə demişəm və deyirəm, heç kəsin işində-gücündə gözüm yoxdur, başımı salıb işimi görürəm. Halal pulumu qazanıram və heç kəsin haqqına girmirəm. Şükürlər olsun.

Bütün danışılanlar mənə gəlib çatır, kim harada nə dedi və s.

- Hər kəs istəyir ki, sərbəst işi olsun, ancaq zal açmaq da asan deyil. İdeya necə oldu yarandı?

- Nə qədər başqası üçün işləmək olar, bir az özümüz üçün işləyək də (gülür).

Mən zal açanda mənə hər kəs dəstək oldu, sağ olsunlar. Hərə öz bacardığı qədər yardım etdi. Zalımız böyükdür, həm kişilər, həm də xanımlar üçündür. Kişilər üçün olan zalda xanımlar da məşq edə bilərlər, yəni ümumi sayılır. Amma xanımlar üçün olan zalda yalnız xanımlar ola bilərlər.

Mən harada məşqçi kimi işlədimsə, deyərdim ki, yaxşı qazanc oldu. İndi öz işimi görürəm, həm millətimizə sağlamlıq bəxş edirəm, həm pul qazanıram, həm də burada çalışan insanlar var, onlar da evlərinə çörək aparırlar.

- Universitet oxumaq dəb halındadır. Sənin bacarığın var. Bəs diplom?

- Mən İdman Akademiyasını oxumuşam və məşqçi kimi də fəaliyyət göstərirəm.

- Siyasətlə maraqlanırsan? Kimlərin siyasətini bəyənirsən?

- Mən həmişə kimi bəyənib, kimi bəyənmədiyimi düz deyən olmuşam. Yəni nəyəsə görə söz demirəm.

Ərdoğanı bəyənirəm, siyasətini, danışığını, nitqini. Həmçinin İlham Əliyevi də bəyənirəm. Bu insanlar bu boyda ölkələri idarə edirlər! Bu boyda ölkəni idarə etmək asan deyil. İnsan 4-5 nəfəri idarə edənə kimi çətinlik çəkir, indi düşünün ki, bu xalqı, dövləti idarə edəsən. Hər iki siyasətçini bəyənirəm.

- Veriliş aparmaq da bacarığın varmış?!

- Düşünürdüm ki, xanımlara aid çox verilişlər var, bəs bu kişiləri kimsə fikirləşməlidir, ya yox (gülür). Mən də "Kişi klubu" adlı verilişlə ekrana çıxmaq istədim. Burada kişiləri maraqlandıracaq nüanslara toxunulur, verilişi Bəhruz və Səbinə ərsəyə gətirirlər, hər ikisinə təşəkkür edirəm.

- Bu gün Kamil bu qədər əziyyət çəkməsəydi, harada olardı?

- Mənim bu gün atam olsaydı, mən bugünkü Kamil olmazdım. Həyatın hər üzünü gördüm və anladım, dərk etdim. Mənə ilk olaraq insanlıq önəmlidir, pul sonrakı düşüncəmdir.

Nə qədər çox işim olsa da ailəm, qızım, dostlarım bir tərəfədir. Dostlarımla, qızımla daha çox vaxt keçirirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.