Cəmiyyət

Qonaq getmək ünsiyyət vasitəsidir, təmtəraq halına salmaq lazım deyil

13 Avqust 2015 22:45
5 Şərh     Baxış: 5 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan xalqı qonaqpərvərliyi ilə bütün dünyada tanınan bir xalqdır. 

Qədim dövrlərdən bəri xalqımızın ən gözəl adət-ənənələrindən biri olan qonaqpərvərlik insanlar arasında ünsiyyətin formalaşmasına, insanların bir-biri ilə mehribanlaşmasına kömək edir. Ancaq müasir dövrdə bu adət-ənənə yavaş-yavaş öz aktuallığını itirir. Çünki indi qonaq qarşılamaq bir o qədər də asan iş deyil. Hazırkı vaxtda birinin evinə qonaq gəldiyi zaman əvvəlki gündən hazırlıqlar başlayır, cürbəcür yeməklər bişirilir, geniş stollar açılır. Ev sahibi düşünür ki, bütün bunları etməsə, gələn qonağa hörmətsizlik olar. Ona görə də bəzən borc-xərc edərək hazırlıq görürlər. Bunu görən qonaq da çəkinir və tez-tez qonaq gedərək insanları narahat etmək istəmir. Əslində bunların heç birinə ehtiyac yoxdur. Bunların hamısı israfçılıqdan başqa bir şey deyil. Keçən saylarımızın birində bu mövzuda hazırladığımız yazıda da qeyd etdiyimiz kimi, qonaq getməyin, qonaq qəbul etməyin çox böyük mənəvi dəyəri var. İnsanlar bir-biriləri ilə görüşdükləri zaman yemək yemək, geniş süfrə açmaq məcburiyyətində deyillər. Çay içmək, yemək yemək bunların hamısı insanların bir-biri ilə görüşməsi üçün ən gözəl bəhanədir. Buna ən gözəl nümunə olaraq ingilislərin "5 çayı"nı (saat beşdə içildiyi üçün belə adlanır) göstərmək olar. Əslində ingilislər səhər yeməyi və uzun çəkən ağır axşam yeməyi olmaqla gündə iki dəfə yemək yeyirdilər. Ancaq Kral Edvardın söhbət üçün xoş bir mühit yaratmaq məqsədilə kiçik çay ziyafətləri təşkil etməsi nəticəsində ənənə halına gələn "Beş çayı" İngiltərədən bütün dünyaya yayılmağa başladı. Əsrlərdən bəri davam edən bu vərdiş hələ də öz aktuallığını qoruyub saxlayır. Bəs, görəsən, qonaq getməyin, qonaq qəbul etməyin nə kimi üstünlükləri var? Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün "Mirzə Ələkbər Sabir" Fondunun prezidenti Sevda Tahirliyə müraciət etdik: "Əvvəlki illərdə insanlar bir-birilərinin evinə tez-tez qonaq gedərdilər. İndi isə bundan qaçırıq. Çünki özümüz də qonaq qəbul etməyə, qonaq getməyə meyilli deyilik. Əslində qonaq getmək bir ünsiyyət vasitəsidir. Bunu təmtəraq halına salmaq lazım deyil. Qonaq getdiyin, evinə daxil olduğun insanlarla ünsiyyət qurmaq, onların dərdini, sevincini paylaşmaq çox gözəldir. Bu yemək masası arxasında da ola bilər, çay süfrəsində də. Ancaq indi qonaq getməməyin əsas səbəblərindən biri də odur ki, insanlar artıq ünsiyyətlərini başqa şəkildə təmin edirlər. Bu ünsiyyət bəzən mobil telefonla olur, bəzən də internet vasitəsilə. İnsanlar artıq qonaq getmək üçün içlərində toplanan bu tələbatı bu formada ödəyirlər". 

 "Qonaq umduğunu deyil, bulduğunu yeyər"

Qonaq getməmək real ünsiyyətdən uzaqlaşmaq deməkdir deyən S. Tahirli bildirdi ki, məncə, bu heç də yaxşı bir şey deyil: "Əvvəllər insan tanıdığının, qohumunun, dostunun qapısına, sadəcə, onu görmək üçün gedərdi. Gedəndə Allah verəndən nə varsa yeyib gələrdi. Necə deyərlər, "qonaq umduğunu deyil, bulduğunu yeyər". Yəni ev sahibi sıxılmırdı ki, mən qonağıma filan yeməyi verə bilmədim. Qonaq da ev sahibini qınamırdı. İndi isə hər şey təmtəraqlı dona girib. Bir çox insanlar düşünürlər ki, mən kiminsə qapısına gedirəmsə və ya kimsə mənim evimə qonaq gəlirsə, evimdə filan qablardan olmalıdır, filan yeməklər bişməlidir. Mənim masamda üç cür, beş cür nemət olmalıdır. Yoxsa ayıb olar. Bu təmtəraq nəyə lazımdır axı? Mənim evimdə üç-dörd çeşid yeməyim olmasa, mən o qonağın gəlişinə sevinmirəm demək deyil. Nə əhəmiyyəti var ki mənə aş vermədi, pendir-çörək verdi? Əsas odur ki, mənim gəlişimə sevinərək ürəyiaçıqlıqla verdi. Ancaq indi çoxları düşünür ki, 2 gün sonra evimə qonaq gələcək-hansı yeməyi hazırlayım ki, qonaq razı qalsın. Hesab edirəm ki, bu düşüncəni dəyişmək lazımdır, bunu monoton yanaşmanı dəyişmək lazımdır. Yəni çox şey istəyib, az şeydən olmaq lazım deyil. Düşünürəm ki, bütün bunların hamısı insanların münasibətlərinin dəyişməsindən irəli gəlib. Artıq hadisələrə, ünsiyyətə münasibət dəyişib. Artıq insanlardan aldığımız o pozitiv enerjini başqa şeylərdə axtarmağa başlamışıq. Təbii ki, buna hər kəsi aid etmək olmaz. Çox vaxt insanlar sabah qonağının gələcəyini bildiyi zaman hazırlıqlar görür, yemək qalsın bir kənara, sanki evini bəzəməyə çalışır. Əslində buna insanları cəmiyyət kökləyir. Televiziyada gedən proqramlar, müsabiqələr insanların diqqətini belə şeylərə cəmləyir. Bir vaxtlar televiziya kanallarında qonaqlıq verilişləri yayımlanırdı. Burada insanlar biri-birilərinin evinə qonaq gedəndə yeməkdən tutmuş hər şeyi müzakirə edirdilər. Filankəsin süfrəsi gözəl deyildi, rənglər uyğun deyildi və s. Bu verilişlərdə yemək qalsın bir kənara, evin əşyalarını, qab-qacağını müzakirə edirdilər. Bu kimi verilişlər də insanların fikirlərinin get-gedə dəyişməsinə təsir edir. Qonaq getdiyin zaman sənin gəlişinə doğrudan sevinən insanin evinə getmək lazımdır".

 "Nəyə lazımdır ki, qonaqlıq edəsən, sonra aylarla onun borcunu ödəyəsən?"

Əməkdar jurnalist Qulu Məhərrəmlinin fikrincə, qonaq getmək, qonaq qəbul etmək xalqımızın ən qədim adət-ənənələrindən biridir. Qonaqlıqlar daha çox bir-birinə yaxın insanlar arasında olur. Qonaq getmək və ya qəbul etmək insanlar arasındakı ünsiyyəti artırır, dərinləşdirir: "Ancaq indiki vaxtda daha çox məqsədli qonaqlıqlar ortaya çıxıb. Bunu da insanlar daha çox evdə yox, restoranlarda edirlər. Daha çox maddi gəlir əldə etmək üçün edilən bu qonaqlıqlar da əsl qonaqlığın mahiyyətini öldürür. Bəzən insanlar borc-xərc edib qonaqlıqlar təşkil edir, qonaq çağırırlar. Mən düşünürəm ki, bu, çox biabırçı bir situasiyadır. Nəyə lazımdır ki, qonaqlıq verəsən, sonra aylarla onun borcunu ödəyəsən? Bu məsələdə ölçünü qorumaq lazımdır. Yəni israfçılıq etmək lazım deyil".

Q. Məhərrəmli də hesab edir ki, qonaq getmək, qonaq qəbul etmək məsələsində təmtəraqdan qaçmaq, sadəliyə üstünlük vermək lazımdır. Bu düşüncənin formalaşması və ya əski düşüncənin dəyişməsi üçün isə təbliğat işləri aparılmalıdır.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.