Cəmiyyət

Papaq ataq, yoxsa qurşaq sallayaq?

27 Fevral 2015 18:33
2 Şərh     Baxış: 3 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Novruz bayramının özünəməxsus adət-ənənələri var. Həmin adətlərdən biri də son günlərin müzakirə mövzusuna çevrilən papaq atmaqdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlamasında bildirib ki, qapılara papağın atılmasını düzgün hesab etmir: "Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar".

A.Əhmədlinin bu təklifi ilə bağlı cəmiyyətdə söz sahibi olan şəxslərin fikrini öyrənməyə çalışdıq. Millət vəkili Fazil Mustafa deyir ki, papaq əvvəlki məzmununu daşımadığı üçün hər kəs bu adəti istədiyi kimi icra edə bilər: "İndi papaq əvvəlki məzmununu daşımır. Papaqdan çox kepka qoyulur. Bizim ənənəmizə qalsa, gərək bütün kişilər başına çərkəzi papaq qoysun və onu başında qürurla gəzdirsin. İndi onu gəzdirən də yoxdur axı. Ona görə də bəzi simvolikaları belə süni surətdə hansısa bir dəyər kimi qəbul etmək indiki şərtlərdə o qədər də doğru deyil. İnsanların bu adəti yerinə yetirərkən əylənmələrinə mədəni bir əyləncə kimi baxmaq lazımdır. Papaq atmağa təhqiredici məqam kimi yanaşılmasını düzgün hesab etmirəm. Kim necə istəyirsə, o formada da bu əyləncəni həyata keçirə bilər. Ən azından bunun indiki dövrdə ciddi fəsadı və narahatlıq doğuran əlamətləri yoxdur".

Əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudbəyov deyir ki, papaq atmaq və qurşaq sallamaq adətlərinin hər ikisi tarixən mövcud olub: "Kişinin qurşağı və papağı tarixən onun atributu hesab olunub. Bunun min illik tarixi var. Qızların torba, papaq atdığını görməzsiniz. Dünyada ən müqəddəs şey ruzi-bərəkətdir. Əgər mən ərk edib kiminsə qapısına gedib, ondan ruzi-bərəkət istəyirəmsə, gərək ona yüksək səviyyədə ehtiram göstərim. Bu hörmətimin əlaməti isə qurşaq və papaqdır. Bu, min illərdir formalaşan və günümüzə çatan adətlərdir. Müasir konteksdən yanaşsaq, bunu dilənçilik kimi qiymətəndirənlər də ola bilər. Amma bu adətin məğzi dilənmək yox, bir-birinə əl tutmaq kimi başa düşülməlidir".

Əməkdar incəsənət xadimi onu da bildirdi ki, qədim adətlərimizi bəyənməyən, onları yığışdırmaq istəyənlər həmin bayramlarda bugünkü yanaşma tərzinə uyğun adətlər ortaya qoymalıdırlar: "O adətləri xalqa təqdim etsinlər. Əgər bəyənilsə, köhnə adətləri ləğv edib, yenisini təbliğ edək. Əgər bunu etmiriksə, köhnə adətləri məhv etmək olmaz. Köhnəni məhv etmək üçün gərək yenisinin daha gözəlini yaradasan. Bu simvolik adətlərimiz min illərdən gələn ənənələrdir və bunlara toxunmasaq, daha yaxşı olar".

AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov isə bildirdi ki, heç kim, üstəlik də Folklor İnstitutunun əməkdaşı adətə qarşı çıxa bilməz: "Atəş demək istəyib ki, bu, papaq atmaq yox, qurşaq sallamaq adətidir. Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasında "Ay nə gözəl qaydadı şal sallamaq" misrasını hamı bilir. Qurşaq atmaq, şal sallamaq adətlərimiz olub. Amma papaq atmaqda da qəbahət yoxdur. Papaq atanlar uşaqlardır və onlar üçün papağın qeyrət rəmzi olub-olmaması o qədər də önəm daşımır. Uşaq bayram keçirmək istəyir. Atəş müəllim bu adətin tamamilə yığışdırılmasını deməyib. O, neçə illərdir Novruzla bağlı verilişlərdə, məclislərdə bununla bağlı fikrini bildirib və normal da qarşılanıb".

M.İmanov onu da bildirdi ki, şal sallamaq, qurşaq bağlamaq kimi adətlər sonradan papaq atmaq ilə əvəzlənib: "Qədimlərdə evlərdə baca anlayışı var idi. O bacadan qurşağı, şalı sallayar və nəmərlərini alan gənclər, uşaqlar payını götürüb gedərdilər. "Dəli Kür" filmində bu gözəl adətimiz yaxşı işıqlandırılıb. İndi evlərin quruluşu fərqlidir və müasir uşaq bu adəti özünəməxsus şəkildə davam etdirmək istəyir. Qapıya elə yığcam əşya ilə getmək istəyir ki, tez payını alıb çıxsın. Uşaq papaq da ata bilər, torba da. Adətlərin həyat tərzimizlə bağlı müəyyən qədər dəyişikliyə uğramasını normal qəbul etməliyik. Uşağın papağını hansısa qapıya atmağı ilə qeyrət rəmzimizin hörmətdən düşdüyünü demək olmaz. Novruz bütün adətləri ilə gözəldir. Tarixin uzunmüddətli sınağından keçib gələn adətlərə qarşı çıxmaq olmaz".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.