Cəmiyyət

Qeybin bilikləri Allahın nəzdindədir

15 Fevral 2015 22:55
0 Şərh     Baxış: 1 567
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən də qeybi bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir (Əgər mən bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!" (Hud surəsi, 11/31).

Ayədə müşriklərin bir insanın peyğəmbər ola bilməsi üçün varlı olması, qeybi bilməsi, mələk olması və s. xüsusiyyətlərə sahib olmasının vacibliyinə dair səhv təsəvvürə işarə edilir. Quran bu təsəvvürün Həzrəti Nuhun (ə.s.) və başqa peyğəmbərlərin qövmlərində də eyni şəkildə mövcud olduğunu bildirmişdir.

Peyğəmbərimizin (s.ə.s.) dövründə də müşriklərin peyğəmbərlər haqqındakı təsəvvürlərinin başqa cür olmadığını görürük. Müşriklər Həzrəti Peyğəmbərdə (s.ə.s.) buna bənzər xüsusiyyətlər axtarmış, onun mələk olması və qeybi bilməsinin vacibliyini bildirmişdilər (əl-Ənam, 6/8-9). Ancaq Uca Rəbbimiz bu ayəsi ilə peyğəmbər olmasına baxmayaraq, bir insanın qeybi bilməsinin mümkün olmadığını bildirir.

Qeyb - ağıl və hisslər yolu ilə haqqında bilik əldə etmək mümkün olmayan varlıq sahəsi deməkdir. Quranın ayələrinin bir çoxundan və hədislərdən (Muslim, "İman", 287) belə başa düşürük ki, qeyb adlandırılan bu sahə ilə əlaqəli biliklər Uca Rəbbimizə aiddir. Belə ki, Allah: "Göylərin və yerin gizli bilikləri Allaha aiddir..." (ən-Nəhl, 16/77), "O qeybi də, görünən aləmi də biləndir, mütləq güc sahibidir, hökm və hikmət sahibidir" (ət-Təğabun, 64/18), - buyuraraq qeybin biliklərinin yalnız Özünə aid olduğunu bildirir.

Qeybə dair biliklər mövzusunda ilahi vəhylə xitab edilən peyğəmbərlərin xüsusi bir yeri olduğunu demək mümkündür. Əgər Allah (c.c.) bildirərsə, peyğəmbərlər qeyblə əlaqəli bəzi biliklərə sahib ola bilərlər. Bildirmədiyi müddətcə peyğəmbərlər də qeybi öz-özlərinə bilə bilməzlər. Belə ki, bəzi ayələrdə Allahın istədiyi bəndələrinə qeyb haqqında məlumat verdiyi ifadə edilir: "Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeyləri bildirər). (Ali-İmran, 3/179), "O qeybi biləndir. Heç kimə qeybi bildirməz. Ancaq seçdiyi rəsullardan başqa..." (əl-Cinn, 72/26-27).

Bununla əlaqədar olaraq, Həzrəti İbrahimə (ə.s.) göylərin və yerin mülkünün göstərildiyi (əl-Ənam, 6/75), Həzrəti Yusifə (ə.s.) yuxu yozmaq elminin və qövmünün yeyəcəyi yeməkləri əvvəlcədən bilmə qabiliyyətinin verildiyi (Yusuf, 12/21, 37), Həzrəti İsanın (ə.s.) İsrail oğullarının evlərində yediklərinə və yığdıqlarına vaqif olub, onlara bu barədə məlumat verdiyi (Ali-İmran, 3/49) bildirilir. Buna görə qeybi yalnız Allahın bildiyi mütləq qeyb və Onun bildirdiklərinin bildiyi nisbi qeyb kimi iki hissəyə ayırmaq mümkündür. Bununla əlaqədar olaraq, xüsusilə bu mövzuya diqqət yetirmək lazımdır ki, Quran mütləq qeybin bilinməsinin yalnız Allaha aid olduğunu bildirərək, bu xüsusiyyətin digər məxluqatdan birinə aid edilməsini tövhid etiqadına zidd hesab etmiş və qeyb qapılarına məcburiyyət tətbiq etmək mənasındakı feil, kahinlik və s. yollara baş vurmağı qəti şəkildə qadağan etmişdir.

Müasir dövrdə bəzi şəxslərin qeyblə əlaqəli məlumatlar verdiyini iddia edib, söylədiklərinə güvənməməliyik. Çünki dinimiz fala baxmağı və qeyb haqqında söz deməyi tövhid etiqadına uyğun olmadığı üçün qadağan etmişdir. Belə ki, Qurani-Kərimdə fal və s. şeytanın əməlləri, murdar şeylər kimi qiymətləndirilmişdir (əl-Maidə, 5/90).

Həzrəti Peyğəmbər də qeybdən xəbər verdiyini iddia edənə inanan insanın qırx gün namazının qəbul olunmayacağını, üstəlik, vəhy və kitabı inkar etmiş olacağını və belə insanların yanına gedib, qeybə dair biliklər soruşanların Muhamməd Peyğəmbərə nazil olanları yalanlamış sayılacağını açıq şəkildə bildirmiş və onların yanına getməyi qadağan etmişdir.

Dinimizə görə, insanın gələcəyi bilməsi, gələcəkdən xəbər verməsi mümkün deyil. Ancaq elmi məlumatlar və hadisələrdən yola çıxaraq gələcək haqqında təxminlər irəli sürə və həmin məlumatların işığında tədbir ala bilər. Biz müsəlmanlar falçılara və kahinlərə inanmamalıyıq. Dinimiz Uca Allahın bizlərə verdiyi ağıl və iradəmizdən istifadə etməyi bildirərək, hadisələri səbəb-nəticə münasibətinə əsasən qiymətləndirməyimizi ən doğru davranış şəkli olaraq məsləhət görmüşdür.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.