Cəmiyyət

Asta yerişli qatil: ondan xilas olmağın yolu - gəlin, sükuta qulaq asaq!

24 Yanvar 2011 08:01
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu şəhərdə mobil telefondan istifadəyə qadağa qoyulub

Bəlkə də dayanacaqda sakit tərzdə "dəmir atlı cəngavəri" gözləyən sıravi şəhər sakinlərinin diqqətini özünə çəkmək üçün səs şkalası ilə 150 desibeli, sadə dillə desək, 3 paravozun toplam halda uğultusuna ekvivalent siqnal olmasaydı, bu yazını yazmaq haqqında fikirləşməzdim. Bəlkə də elə heyvanlara xüsusi sevgisi olan sürücünün sanki həzz alırmış kimi irişməsini görməsəydim, mobil telefonu Avropaya, siqnalı desibelə qatmazdım. Nədən başlayım, nədən yazım?

Avstriyanın əhalisinin sayına görə ikinci şəhəri olan Qraz şəhərinin meri 2009-cu ildə tramvaylarda və şəhər nəqliyyatının digər növlərində mobil telefondan istifadəyə qadağa qoyub. Sıradan bir məlumatdır. Mövzunu belə cəfəng girişlə başlamağa görə qınayanlar da tapılar, normal qarşılayanlar da. Amma redaksiyaya gələnə qədər aramsız verilən əcaib maşın siqnalları, tikinti taqqıltısı, adi danışıq mümkün olduğu halda qara-qışqırığa daha çox üstünlük verən şəhər sakinləri ilə yol yoldaşı olmağım sinirlərimi o qədər pozub ki, bu yazıya verilən reaksiyanın fərqində belə deyiləm. Amma o binəva merin çıxardığı qərarı yadıma salıb az qala hönkür-hönkür ağlamaq istəyirəm. Təsəvvür edirsiniz bunu kim və harada edir? Orada ki, bütöv bir şəhərdən gələn ümumi səs-küy Bakının bir küçəsindən gələn səs-küyün heç onda biri qədər deyil. Orada ki, mobil telefonla danışarkən insanlar sanki pıçıldaşırlar, o yerdə ki, mobil telefonun melodiyası "Koroğlu" üvertürasını səsləndirmir, o yerdə ki, ümumiyyətlə tramvayda danışmırlar.

Axı niyə biz bu mövzudan yazmalıyıq, niyə metroda xətti keçməmək haqda xəbərdarlıq edilməlidir, niyə tıxacda olanlar siqnal verirlər, niyə gəlin maşınını səs-küylə aparmalıyıq, niyə bizdə sürücülük mədəniyyəti yoxdur, niyə yol keçidində piyada xətti yalnız yaraşıq üçün çəkilib? Niyə, niyə?

Ən səs-küylü yer haradır?

Avropada yerli-yersiz siqnal verməyin mədəniyyətsizlik olduğunu, buna görə cərimələr kəsildiyini, ümumiyyətlə, bu mövzunun ictimai müzakirə obyektləri sırasından çoxdan çıxarıldığını deməkdən yorulmuşuq. Bu mövzudan danışanda Rusiyada yaşayan soydaşlarımız da təxminən eyni mövqedən çıxış edir, oxşar arqumentlərlə fikirlərimizi təsdiqləyirdilər. Yəni Rusiyada yaşayanların qənaətinə görə, orada da vəziyyət təxminən Şərqi Avropa səviyyəsindədir. Amma Rusiya domenli internet saytlardan birində fikirlərimi alt-üst edəcək bir məqaləyə rast gəldim. Bu məqalə sözün əsl mənasında məni məyus etdi. Məqalədə qeyd olunurdu ki, hər 5-ci avropalı sağlamlıq üçün təhlükəli olan "qara" səs-küy zonasında yaşayır. AB əhalisinin 40% isə "boz" zonanın sakinləridirlər. Bu zona "daimi diskomfort" zonası da adlanır. Rus jurnalist sual verir: "Moskva səs-küyün hansı rəng çalarına uyğunlaşıb? Onsuz da hər şey aydındır. Moskvalılar səs-küyün tamhəcmli proqramından əziyyət çəkirlər". Bu sözlər maşın siqnalı səsləndirmək qadağası olan, vətəndaşı "səs-küy terroruna" məruz qalmayan, ətrafdakıların əsəblərini zorlamaqla bundan həzz alan sadist sürücüləri olmayan Moskva haqqında deyilir. Təsəvvür edirsiniz?

Qara və ağ səs-küy: öldürücü səs hansıdır?
 
Ümumiyyətlə, birmənalı olaraq qəbul etməliyik ki, 75 desibellik (qısaca olaraq dB yazılacaq-müəl.) səs gücünə malik kənar təsir təhlükəli, 120 dB-lik xəstəlik törədicisi, 180 db isə öldürücü sayılır. Bu desibellərin nə olduğu mövzu boyu aydınlaşacağıq deyə buna hələki toxunmuruq.

Alimlər deyirlər ki, gündüz vaxtlarında maksimal səs-küy qəbuletmə səviyyəsi 35-40 dB, gecə vaxtı isə 25-30 dB-ni keçməməlidir. Yəni bu, sanitar normadır. Təbii ki, magistralı, şossesi və prospektləri olan paytaxt şəhərdə bu norma gözlənilmir. Əgər bir halda ki, yol kənarında olan evin açıq pəncərəsindən gələn səs-küy 50-65 dB-dir, bunu normal qarşılamalıyıq. Bəzi istehsal müəssisələrində bu norma 90 dB-yə çatır. Bu, nə deməkdir? Belə baxanda heç nə, amma mütəxəssilərin qənaətinə görə, bu hədd eşitmə qabiliyyətinin fizioloji itirilməsi, eşitmə sinirlərinin sıradan çıxması üçün kifayətdir. Sadə dillə desək, izahını təxminən belə vermək olar. İnsan orqanizmi qəfil yüksək səsi altşüurda ciddi siqnal kimi qəbul edir. 30-40 dB-dən yuxarı istənilən siqnal təhlükə effekti yaradır. İldırım, göy gurultusu, dəniz uğultusu, həyəcan siqnalı, vəhşi heyvanın nəriltisi və s. bu qəbildəndir. Qeyd edilənlər səs effektinə görə fərqlənsələr də, ümumilikdə həyacan yaradan amillərdirlər. Belə siqnalı qəbul edən orqanizmdə dərhal dəyişikliklər baş verir, qanda adrenalin artır, nəbz sürətli döyünür, damarlar yığılır, hətta ayaqlar əsir.

Səs-küy insan sağlamlığını pozur

Səs-küyün sağlamlığa mənfi təsiri tək bunlarla bitsəydi, dərd yarı idi. Bu sahənin mütəxəssisləri deyirlər ki, kənar səs hücumu xəstəliklər çələnginin baiskarıdır. Lap elə infarkta qədər. Statistikaya görə, hər 3 qadından biri, hər 4-cü kişi isə nevrozdan əziyyət çəkir. Bunun birinci səbəbi kimi kənardan alınan mənfi çalarlı səs hücumudur. Qastrit, mədə xorası xəstəliklərinə ən çox səs-küylü yerlərdə çalışanlarda rast gəlindiyini deyirlər. Səs-küy hücumu yuxu rejiminin pozulmasının da başlıca səbəblərindəndir. Yuxu rejiminin sistematik pozulması isə sonucda əsəb sisteminin uzunmüddətli müalicəsini şərtləndirir. Uzun müddət səs-küy təsirinə məruz qalma azyaşlıların qavrama qabiliyyətinin aşağı düşməsinə, onların davranışına da öz təsirini göstərir. Təəssüflər ki, azyaşlılar yüksək səsli musiqi eşitməyi, səs-küylü kampaniyalarda müntəzəm iştirakı və diskoteka aludəçiliyinin nə ilə nəticələnəcəyini anlamırlar. Aparılan araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, yüksək səsli musiqini qulaqcıqla dinləyən, daha doğrusu, özlərinə bu yolla xəsarət yetirən qızların 20%-nin eşitmə qabiliyyəti 85 yaşlı qadının eşitmə qabiliyyəti ilə eynilik təşkil edir.

Təklükəli səslər...

Peşəkarlar fasiləsiz, daimi qəbul edilən kənar səsli təsiri ən təhlükəli sayırlar. Bu cür təhlükə "ağ" təhlükə adlanır. Bəziləri elə hesab edirlər ki, magistral yol yaxınlığında yaşayırlarsa, yəni fasiləsiz maşın siqnallarının müntəzəm avazına öyrəşirlər, təhlükədən uzaqdırlar. Tam əksinə. Misal üçün fişəng atılanda, göy guruldayanda, qatar siqnal verəndə nə hisslər keçirilirsə, fasiləsiz olaraq davam edən siqnal səslərində həmin hisslər keçirilir. Sadəcə olaraq dərhal reaksiya verilmir, amma bəd təsirin yaratdığı qıcıq altşüurda cəmləşir. Sonda özünü aqressiya şəklində göstərir. Bu risk qrupuna dəmir yolu, aeroport, avtomagistral yaxınlığında yaşayanlar, yaşlılar və spirtli içki aludəçiləri daha çox məruz qalırlar. İnsanları narahat edən kənar mini-səs effektlilər sırasına mühəndis avadanlıqlarının, nasosların, hava pərlərinin, liftlərin, elevatorların, kondisionerlərin səsləri daxildir.

Rusiya müvafiq stukturlarının açıqlamalarına görə, Moskvanın mənzil fondunun 60-70%-i nəqliyyat səs-küyünə qarşı sanitar tələblərə cavab vermir. Bunu Moskva haqda, yəni tikintinin bütün normalarının qorunduğu bir şəhər barədə deyirlər.

Bakının səs-küy bumu: biz dəli ola bilərikmi?

Yuxarıda səslənən faktı Bakı ilə müqayisə etmək olarmı? Bakıda hansı bina tikilərkən səs-küyə qarşı sanitar tələb qorunur? Ümumiyyətlə, belə məfhumun mövcudluğundan xəbəri olan var? Əgər yoxdursa, qeyd edəcəyimiz növbəti statistik məlumatı oxumayın. Rusiyada səs -küyün yaratdığı xəstəliklərdən əziyyət çəkənlərin sayı 13 milyonu keçib.
Elə təsəvvür yaranmasın ki, mövzunun aktuallığını nəzərə alıb, yazıya ağlasığmaz sitatlar gətirməklə diqqət cəlb etmək istəyirik. Qətiyyən belə deyil. Əgər səs-küylü mühitdə işləyən və ya yaşayan və indiyə qədər özündə heç bir anomaliya hiss etməyən hörmətli oxucumuz varsa onun arqumentlərini qəbul edirik və anlayırıq. Amma yaddan çıxarmayın ki, burada səsin insan oqranizmi tərəfindən qavranılması kimi böyük bir amil dayanır. Yəni, adi maşın siqnalı psixiki vəziyyətindən asılı olaraq insanlara müxtəlif təsir edə bilər. Kimisi bunu çox əsəbi qəbul edir, kimisi sadəcə olaraq vecinə almır. Necə ki, televizorun, maqnitofonun güclü səs-küyü altında yuxuya gedən ana öz övladının adi qımıltısına belə oyanır. Burada səsin qəbul ediləməsi diapozonu haqda danışmaq artıq yersizdir.
Bir sözlə, asta yerişli qatil hesab edilən səs-küy hücumu həm də ekoloji pozuntu növüdür. Bir onu xatırlatmaq kifayətdir ki, böyük meqapolisilərin səs-küyündə böyüyən və yaşayan əhalinin orta yaş həddi 8-12 il azalır.

Necə müdafiə olunaq?
 
Avropanın əksər ölkələrində hər ay səs-küyün şəhər sakinlərinə təsirinin monotorinqi aparılır. Bunun nəticəsində təhlükə mənbələrinin yerləri müəyyən olunur, onların "susdurulması" üçün müvafiq addımlar atılır. Misal üçün, gecə vaxtlarında tikinti-inşaat işləri aparmaq qadağandır. Bundan başqa, gecə vaxtı maşın siqnalından istifadə edənlər cərimələnirlər. Yeni magistrallar salınan gündən səsdən qoruyucu ekranlar istifadəyə verilir. Məktəb, xəstəxana, sanatoriya yaxınlığı sanitar müdafiə zonası elan edilir. Bundan başqa, şəhərin xüsusi təbii qoruqlarında da müvafiq addım atılır ki, bu qoruqların dilsiz-ağızsız sakinləri səs-küydən narahat olmasınlar. Bəli, bəli, heyvnları səs-küydən qoruyurlar. Əksər Avropa ölkələrində "Sakitliyin müdafiəçiləri" klubları var.
Ümumiyyətlə, səs-küylə mübarizə bineyi-qədimdən mövcuddur. Sezar qədim Romada gecə vaxtı şəhərin küçələri ilə arabaların hərəkətini qadağan etmişdi. Hazırda isə səssiz təyyarələr, mühərrikin səsi boğulan avtomobillər, səssiz sürət qatarları əhalinin istifadəsinə verilir. Avropa Birliyi ölkələrində asfaltların tərkibinə yeni materialların əlavə edilməsi və yeni model şinlərin istehsala buraxılmasına başlayıblar. Belə böyük maliyyə israfçılığının kökündə dayanan amillər arasında səssizlik mühitinin yaradılması da var.
Bizdə isə vəziyyət doğrudan da ürəkağrıdıcıdır.

Polis gəlin maşını karvanına nə etməlidir?

Sürücülərin yerli-yersiz siqnal verməsi problemi hələ də qalmaqda, siqnala olan həvəs, böyük məhəbbət, siqnalı sanki maşından əziz tutanların sayı isə artmaqdadır. Bu problemə qarşı yeganə inzibati resurs "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsidir ki, orada qeyri-standart siqnallardan istifadə olunması qadağan edilib. DYP rəsmiləri bu işdə aciz olduqlarını gizlətmirlər. DYP rəsmilərindən birinin açıqlaması belə idi: "Qeyri-standart siqnallardan daha çox pik saatlarında istifadə edirlər. Siz necə fikirləşirsiniz, pik saatlarında bu cür siqnallardan istifadə edənləri biz necə aşkarlayaq, onlara necə protokol tərtib edək? Bilmirəm. Bəylə gəlin karvanı gedir. Oradakı maşınların hamısı da siqnal verir, yol polisi necə tədbir görsün?"

Bəli, doğrudan da elə məsələlər var ki, onu təbii qəbul edirik. Amma elə məqamlar var ki, onu anlamaq və normal qəbul etmək mümkün deyil. Bu, istifadə olunan avtomobillərə əlavə edilən siqnal və siqnalizasiya qurğularıdır. Xaricdə normal insanlar siqnalizasiyadan günorta vaxtı hər hansı kafe və ya mağazaya alış-verişə gedən zaman istifadə edirlər. Bizdə isə əksinə. Bakıda gecə vaxtı yanından keçən itin avtomobilə toxunması kifayətdir ki, həmin ərazidə yaşayan bütün qonşuların şirin yuxusuna haram qatılsın. Gecə vaxtı dayanacaq qarovulçusunun yanında səs ölçüləri 100 dB ilə ölçülən siqnalizasiyanı qoşmaq ən azından mədəniyyətsizliyin və görməmişliyin nümunəsidir.

Arzularımın şəhəri: siqnalsız şəhər
 
Xaricdə uzun müddət "sükutu qoruyaq", "səssiz müalicə", "siqnalsız gün" layihələri həyata keçirilib. Bəli, demək istəyirik ki, bu problemlə tək biz qarşılaşmamışıq. Amma dünyanın heç bir yerində kilometr uzunluğunda olan tıxaca düşmüş maşın sahibi qarşıdakı maşını tələsdirmək üçün siqnal vermir, avtobus sürücüsü sərnişinləri paravoz fiti ilə səsləmir, "avtoş"lar nəsil-nəcabətlərində öz sözünü demiş heyvanların səsindən əyləncə kimi istifadə etmirlər. Axı, bunları etməmək də olar.

Bir müqayisə aparaq. İnkişaf etmiş ölkələrdə istehsal yerlərində icazə verilən yüksək səs həddi 75 dB-dən yuxarı deyil. Bizdə, təkcə Bakı metropolitenində pik saatlarında səsin gücü 150 dB-dən yuxarı olur. Bu isə ölümcül təhlükədir. Bu faktdır. Bundan qaça bilmirik. Elə isə, niyə özümüzə qənim kəsilək? Maşın həyatımızdan bu qədər vacibdirmi? Yaxşı belə götürək ki, siz səs və musiqi xəstəsisiniz və bunsuz yaşaya bilmirsiniz. Elə isə deyin görək, "Ələsgər! - nə var eee?" siqnalını avtomobildə siqnal kimi istifadə etməklə nə əldə edirsiniz? Mən, Günəşlidə yaşayıram. Şəhərə nisbətən sakit yer sayılır. Son vaxtlar bir psixopat peyda olub. Gecələr "Ələsgər" siqnalı verməkdən həzz alanlardandır. Beləsinə nə deyəsən, hansı kitabdan danışasan, hansı müqəddəslərın adını çəkəsən? İnsan gecə vaxtı az qala 150 desibellik siqnaldan istifadə edib yatan xəstə, uşaq, ahılın şirin yuxusuna haram qatmağı normal sayırsa, daha nə deyəsən? "Heyvanına şükür ilahi" deməkdən
başqa söz tapmırsan. Hərçənd tapırsan, amma bura yeri deyil. 

Kişilərin sevimli oyuncağı

Məni qınamasınlar, son zamanlar bizimkilərin maşına sevgisini görəndən sonra şübhələrim yaranmağa başlayıb. Marlen Ditrixin avtomobil haqda dediyi "kişilərin sevimli oyuncağı" ifadəsi fikirlərimə sanki stimul oldu. İnciməsinlər, maşınbazların bu cür yanaşması məndə sadist və mazoxistlərin fetiş alətləri assosiasiyası yaradır.

Son olaraq daha bir bənzətmə. Qəzetlərdən oxumuşdum ki, uzun müddət eşitmə qabiliyyətini itirmiş bir nəfəri həkim qonşusu müalicə etməyə söz verir və sözünün sahibi olur. Yenicə eşitməyə başlayan xəstənin ilk addımı öz xilaskarını məhkəməyə vermək olur. Onu sakit bir dünyadan səsli-küylü vəhşi bir həyata gətirdiyi üçün.
Kimisə məhkəməyə vermək fikrim yoxdur. Ən azından bura gəlməyimin ciddi bir əsası da olmayıb. Amma inanın ki, Çexiyada təhsil aldığım 400 minlik tələbə şəhəri olan Brnonun o sakit küçələrindən sonra Bakıda özümü eşitmə qabiliyyəti qaytarılmış xəstə kimi hiss edirəm.

İndi bir anlıq özünüzdə təsəvvür edin ki, evdəsiniz, televizor işləmir, kompyuter söndürülüb, pəncərə açıqdır, quşların pəncərədən evə ötürülən civilisti, soyuducunun sakit xırıltısı, saatın rəqqasının aramlı rəqsi, sakit ürək döyüntüləri... Vəssalam. Axırıncı dəfə bu effekti nə vaxt hiss etmisinz? Yəqin ki, yadınızdan çıxıb. Amma mən bunu Brnoda yaşamışam.
Pasternak deyirdi ki, sükut mənim eşitdiklərim arasında ən yaxşı musiqi idi.

Sənan Nəcəfov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.